Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı

   Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı
  21 Aprel 2019    Oxunub:4539
Aprelin 20-də Fransanın Nant şəhərində Azərbaycan məktəbinin açılışı olub.
Azvision.az xəbər verir ki, bu məktəb Azərbaycanın Birinci vitse-prezidenti, H.Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyyələrinə əsasən azərbaycanlıların kompakt yaşadığı Nant şəhərində yaradılıb. Məktəb üçün kirayəyə götürülən yeri 3 ay ərzində Fransa Azərbaycanlılarının Koordinasiya Şurası və Azərbaycan İcması təmir edib.
“Qarabağ” məktəbi adlandırılan təhsil ocağının açılışına bu ölkədə yaşayan 90 nəfərə yaxın azərbaycanlı qatılıb. Məktəb fəaliyyətə başlayana qədər ərazidə yaşayan ailələrdən 25 uşaq məktəbdə şagird kimi qeydiyyatdan keçib.

Məktəbin açılışında Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Eldar Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Nantdakı baş konsulu Ebrar Çubukçu, Azərbaycanın Fransadakı səfirliyinin konsulluq məsələlərinə məsul katibi Zaur Fərhadov, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi- Nantda fəaliyyət göstərən Fransa Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının rəhbəri Toğrul Zeynalov, eyni zamanda Fransada Azərbaycanlıların Koordinasiya Şurasının üzü olan təşkilatların sədr və nümayəndələri iştirak edib.
Qeyd edək ki, bu həm səfirliklərin nümayəndələrinin, həm də Koordinasiya Şurasını təmsil edən şəxslərin iştirakı ilə reallaşan ilk mühüm layihədir.

Giriş sözü ilə çıxış edən Fuad Muradov Mehriban xanım Əliyevanın tapşırığı ilə açılan “Qarabağ” məktəbinin əhəmiyyətindən danışıb və bu cür uğurlu layihələrin davamlı olmasının vacibliyini qeyd edib. Məktəbə “Qarabağ” adının verilməsinin də xüsusi bir siyasi məna kəsb etdiyini bildirən sədr gələcəkdə bu adda məktəblərin açılmasının daha da geniş vüsət alacağını bildirib.

O, eyni zamanda Fransada Azərbaycan və türk diasporlarının birgə fəaliyyətinin vacibliyindən də danışıb. Türkiyənin Nantdakı baş konsulu Ebrar Çubukçu təbrik çıxışında qeyd edib ki, doğrudan da Nantda Azərbaycan məktəbinin açılması vacib və əhəmiyyətli addımdır. O, bildirib ki, bu məktəbin yaxınlığında türk dərnəyi fəaliyyət göstərir və gələcəkdə məktəblə dərnək arasında sıx əlaqə qurulacaq.

Açılış mərasimində çıxış edən hər kəs Fransada belə bir məktəbin yaradılmasının mühüm addım olduğunu nəzərə çatdırıb. Tədbir iştirakşıları Dövlət başçısı, Möhtərəm Cənab Prezidentin yürütdüyü diaspor siaysətinin gələcəkdə böyük uğurlar gətirəcəyinə əminliklərini ifadə ediblər. Yeni məktəbdə kitabxana da fəaliyyət göstərir ki, orada ölkəmiz haqqında həm fransız, həm də Azərbaycan dilində kitablar toplanıb və gələcəkdə bu kitabxananın Komitə tərəfindən daha da zənginləşdiriləcəyi gözlənilir. Məktəbin açılışında milli geyimli uşaqlar şeirlər söyləyib, “Sarı gəlin” mahnısının sədaları altında rəqs edib, yallı gedib. Sonda simvolik tort kəsilib.


Azvision.az


Teqlər: Fransa   Nant   Məktəb  





Xəbər lenti