3 günlük startap müsabiqəsi başa çatıb
3 gün ərzində 50-dək layihənin münsiflər heyəti qarşısında təqdimatları keçirilib.
Müsabiqədə Bakı Dövlət, Azərbaycan Texniki, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Dövlət İqtisad, Bakı Mühəndislik, ADA, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Tibb universitetlərinin, eləcə də, Bakı Ali Neft Məktəbinin tələbələri fəal iştirak edib.
Belə ki, “NanoDesal”, “AntiAge şirəsi”, “HealWith”, “Bumeranq”, “AgroShare”, “Plan to plant”, “Game of war and modern technologies”, “Palliativ Qayğı” və “Buqələmun” layihələri Bakı üzrə finalçılar kimi müəyyən olunub.
Qarşıdakı günlərdə müsabiqə finalçılarının layihələri mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən ideyanın unikallığı, bazar potensialı, investisiyanın mənfəət müddəti, ilkin xidmətin/prototipin hazırlanmasına tələb olunan müddət, komandanın ideyanı gerçəkləşdirmə qabiliyyəti kimi kriteriləri üzrə qiymətləndiriləcək və ilk 3 əsas yerin qalibləri ictimaiyyətə açıqlanacaq.
Qalib komandalar avqust ayının sonlarında 12 regionun da qaliblərinin iştirak edəcəyi “İnnocamp” yay düşərgəsinə vəsiqə qazanacaq. Yay düşərgəsində "İdeyadan Biznesə" layihəsinin builki qalibləri mentorların, biznes inkubasiya mərkəzlərinin nümayəndələrinin, eləcə də psixoloqların dəstəyi ilə finala hazırlıq məşğələlərində iştirak edəcəklər.
Oktyabrda keçiriləcək milli finalda isə ümumrespublika üzrə 1, 2 və 3-cü yerlərin qalibləri müəyyən olunacaq.
Milli Finalda təşkilatçılar və tərəfdaşlar qalib gələcək ilk üç yerin sahiblərinə ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.
Finalçılar və hər region üzrə I yerin qalibləri isə dekabr ayında keçiriləcək “Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində öz layihələrini iştirakçılara və eyni zamanda investorlara təqdim etmək şansı qazanacaqlar.
Xatırladaq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkəti ilə birgə reallaşdırılan “İdeyadan Biznesə” startap turlarının Sabirabad, Sumqayıt, Gəncə, Göyçay, Tovuz şəhərləri üzrə qalibləri artıq məlumdur.
Naxçıvan, Lənkəran, Zaqatala, Tovuz, Şamaxı və Şəki startap turlarında isə “https://azvision.az/redirect.php?url=http://www.i2b.az” saytında qeydiyyatdan keçərək iştirak etmək mümkündür.
Qeyd edək ki, ötən il 8 regionda, 16 ali təhsil, 3 ümumtəhsil müəssisəsində “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turları keçirilib. Startap marafonuna 7 ay ərzində respublikanın ayrı-ayrı şəhər və rayonlarından 2 mindən çox iştirakçı qatılıb. Ümumilikdə seçilən 75 komandadan 13-ü respublika finalında iştirak hüququ qazanıb.
Finalda 3 layihə qalib olub, daha 4 layihə isə tərəfdaşlar tərəfindən mükafatlandırılıb.
Azvision.az
Teqlər: Nazirlik Layihə Müsabiqə