“Vətəndaşlar özlərini xoşbəxt hesab edə bilərlər” - Əli Əhmədov

 “Vətəndaşlar özlərini xoşbəxt hesab edə bilərlər” -    Əli Əhmədov
  20 Aprel 2019    Oxunub:4102
"Sabitlik, təhlükəsizlik ölkənin inkişafının ən ümdə əsaslarından, ilkin şərtlərindən biridir. Təhlükəsizlik, sabitlik olmasa, hər hansı iqtisadi islahatlardan, müşahidə etdiyimiz uğurlardan, nailiyyətlərdən söz açmaq olmaz"
Azvision.az xəbər verir ki, bu fikirləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda keçirilən regional müşavirədə çıxışı zamanı səsləndirib.

Ə.Əhmədovun sözlərinə görə, Azərbaycan vətəndaşları sabit bir ölkənin vətəndaşları olduğu üçün özlərini məmnun və xoşbəxt hesab edə bilərlər: "Bütün bunların sayəsində Azərbaycan inkişaf edir. Həyatımızın bütün sferalarında böyük inkişaf gedir. Azərbaycan müasirləşir, yeniləşir, bütün bölgələrimiz sürətlə inkişaf edir, insanların yaxşı yaşaması üçün bütün şərtlər yaradılıb. Bu illər ərzində Azərbaycan köklü şəkildə dəyişib, yeniləşib. Bu inkişaf Şəkidən də yan keçməyib. Azərbaycanın hər yerində hökm sürən inkişaf burada da özünü göstərməkdədir. Bütün bunlar daha çox insanların rahat yaşaması, layiq olduqları səviyyədə şərait və imkanların yaradılması məqsədilə baş verir. Bu mənada sabitlik, əmin-amanlıq baş verən dəyişikliklər üçün ilkin şərtdir”.

YAP-ın Sədr müavini vurğulayıb ki, 2003-cü ildən prezidentlik fəaliyyətində olan cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir: “Bu istəyin həyata keçirilməsi üçün maddi bazanın yetişdirilməsi vacibdir. İqtisadiyyatı inkişaf etdirmədən, insanları işlə təmin etmədən onların həyat səviyyəsinin yüksəldilməsi üçün lazım olan resursları qazanmadan sosial rifahın yüksəldilməsi ilə bağlı arzuları reallaşdırmaq mümkün deyil. Bu, xəyaldan başqa bir şey olmayacaq. Ona görə də 2003-cü ildən həyata keçirilən siyasətin qayəsi bu şərtləri formalaşdırmaq, bu şərtlər əsasında insanların rifah halını yaxşılaşdırmaq olub. Məhz bu şərtlər yarandığına görə artıq geniş miqyaslı sosial xarakterli islahatlar, layihələr həyata keçirilməyə başlanıb. Bu layihələrdən Azərbaycan vətəndaşlarının bütün təbəqələri bəhrələnir”.

Azvision.az


Teqlər: YAP   Müşavirə   Əli-Əhmədov  





Xəbər lenti