Azərbaycan diplomatiyasının 100 illiyi Sofiyada qeyd olunub
1918-ci il mayın 28-də müsəlman Şərqində və türk dünyasında ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması barədə danışan Azərbaycanın Bolqarıstandakı Səfirliyinin əməkdaşı Kənan Məmmədov onun tariximizə qazandırdığı nailiyyətlər barədə iştirakçılara məlumat verib. Qısa zaman ərzində dövlət aparatının təşkili edildiyi, bayraq və himnin qəbul olunduğu, ana dilinin dövlət dili elan edildiyi, ərazi bütövlüyü və milli təhlükəsizliyinin təmin edildiyi, yüksək döyüş qabiliyyətli hərbi hissələrin yaradıldı qeyd olunaraq milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanlarının qurulduğu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildiyi qeyd olunub. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan AXC-nin bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdığı, həmçinin bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququ təmin etdiyi vurğulanıb.
AXC-nin ilk xarici işlər nazirinin 1918-ci ildə təyin olunmasına baxmayaraq diplomatik xidmət orqanın təsis edilməsi barədə rəsmi sənədin 1919-cu ildə imzalandığını qeyd edən Səfirliyin əməkdaşı 2019-cu ilin Azərbaycan diplomatiyasının 100 illiyi ilə əlamətdar olduğunu vurğulanıb. AXC-nin daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərdiyi qeyd olunan gecədə beynəlxalq hüququn subyekti olmuş AXC-nin 1920-ci ilin aprelində bolşevik işğalına məruz qaldığı vurğulanıb.
Tədbir çərçivəsində baş prodüseri Arzu Əliyeva olan “Son iclas” bədii-sənədli filmi haqqında qısa məlumat verilərək filmin AXC-nin kəşməkəşli tarixinin son günlərinə işıq saldığı qeyd olunub. AXC-nin təcavüzə məruz qaldığı üçün süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyasının unudulmadığı qeyd olunan tədbirdə Azərbaycan xalqının ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxladığı, müasir Azərbaycan Respublikasının məhz AXC-nin siyasi və mənəvi varisi olmaqla, onun üçrəngli bayrağını və himnini qəbul etdiyi bildirilib.
Mədəniyyət gecəsi çərçivəsində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska Novruz bayramı haqqında təqdimat edərək bayramın fəlsəfəsində məhz birliyin dayandığını və onun missiyasının insanlar arasında körpü olmaq və dialoq yaratmaq olduğunu söyləyib.
Novruz bayramının xalqımızın milli-mənəvi həyatında oynadığı rolu vurğulayan direktor bu bayramın təkcə Azərbaycanda deyil, Şərqi Avropadan Çinə qədər böyük bir ərazidə, xüsusilə Qafqaz, Orta Asiya, Yaxın Şərqdə bir çox xalq tərəfindən qeyd olunduğunu diqqətə çatdırıb. Bayramın 2009-cu ildə YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildiyini vurğulayan S.Şıqayeva-Mitreska məhz Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən 21 mart tarixinin “Beynəlxalq Novruz günü” kimi elan olunduğunu diqqətə çatdırıb. Ardınca Novruz adət-ənənələri və mərasimləri barədə iştirakçılara ətraflı məlumat verilib.
Mədəniyyət gecəsi çərçivəsində “Son iclas” bədii-sənədli filmi nümayiş olunmuş və qonaqlara Azərbaycan milli şirniyyatları və bayram nemətləri təqdim olunub.
Azvision.az
Teqlər: Azərbaycan Sofiya