Ramil Usubov sıra baxışı keçirdi
Namizədlər qarşısında çıxış edən nazir daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında keçirildiyini vurğulayıb. Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir ölkənin gələcəyinin, inkişafının vətəndaşların intellektual səviyyəsindən, xüsusən yüksək texnologiyalara, innovasiyalara yiyələnmiş, mükəmməl təhsil almış savadlı, milli-mənəvi dəyərlərin daşıyıcısı olan vətənpərvər, dövlətçiliyə sadiq, müstəqilliyimizi, milli maraqlarımızı hər şeydən uca tutan gənclərdən asılı olduğunu dəfələrlə vurğuladıqlarını məmnunluqla xatırladan nazir R.Usubov belə yüksək mənəvi, işgüzar keyfiyyətlərə malik kadrların dövlət idarəçiliyində daha geniş şəkildə təmsil olunmaları, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün hər zaman əhəmiyyətli addımların atıldığını diqqətə çatdırıb. O, hazırkı seçimlərin də göstərilən sahədə uzun müddətdir həyata keçirilən məqsədyönlü dövlət siyasətinin növbəti bariz nümunəsi olduğunu bildirib.
Cənab Ramil Usubov bu gün ölkədə uğurla davam etdirilən cinayətkarlıqla qətiyyətli mübarizə, sabitliyin, əmin-amanlığın təmini, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunması siyasətinin hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının da üzərinə böyük məsuliyyət qoyduğunu, hər bir əməkdaşın öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməsinin əhəmiyyətini qeyd edib.
Daxili işlər naziri vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, son illər ölkədə müşahidə edilən dinamik inkişafın təməlində xalq-iqtidar birliyinin, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən hüquq-mühafizə siyasətinin, ictimai-siyasi sabitliyin dayandığını, bu istiqamətdə qazanılmış müsbət nəticələrin xalqımız tərəfindən hər zaman yüksək qiymətləndirildiyini xatırladıb.
Nazir xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək şərəfli polis adını uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini, təcrübələrini daim artırmalarını, öz üzərilərində səylə çalışmalarını, idmanla sıx məşğul olmalarını, müasir dövrün tələblərinə və çağırışlarına cavab vermələrini, informasiya texnologiyalarının ən son nailiyyətlərini praktikada fəal şəkildə tətbiq etmələrini, insan və vətəndaş hüquq və azadlıqlarına, onların şərəf və ləyaqətinə hörmətlə, həmçinin vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını tövsiyə edib, gələcək xidməti fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Azvision.az
Teqlər: DİN Ramil-Usubov