Eldəniz Əzizli dünya üzrə birinci oldu

   Eldəniz Əzizli dünya üzrə birinci oldu
  19 Aprel 2019    Oxunub:2682
Dünya Güləş Birliyi (UWW) ötən həftə Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş Avropa çempionatının yekunlarına əsasən reytinq siyahısını yeniləyib.
Azərbaycan Güləş Federasiyasından Azvision.az -a verilən məlumata görə, sərbəst güləşçilərin siyahısında müxtəlif çəkilər üzrə ilk “20-lik”də 11 yığma üzvü yer alıb.

Buxarestdə 8 illik fasilədən sonra 3-cü Avropa çempionluğunu qeyd edən Cəbrayıl Həsənov (79 kq) xalını 60-a çatdırıb və indi onunla eyni xala malik amerikalı dünya çempionu Kayl Daykla 1-2-ci yerləri bölüşür. Qitə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxan daha 2 sərbəst güləşçimiz - Hacı Əliyev (65 kq) və Şərif Şərifov (92 kq) da reytinqdə irəliləyib. Hacı 22 xalla 8-ci, Şərif isə 20 xalla 11-ci pillədə qərarlaşıb. 57 kq-da ilk “20-lik”də iki güləşçimiz var. Ötən il Kaspiyskdə Avropa çempionu olan Georgi Edişeraşvili aktivindəki 18 xalla ilk “10-luğ”u qapayır. Ondan 2 xal geri qalan son Avropa çempionatının bürünc medalçısı Mahir Əmiraslanov isə 15-ci yerə yüksəlib. Buxarestdən gümüş medalla qayıdan Ağahüseyn Mustafayev (70 kq) 18 xalla 11-ci pilləyə irəliləyib. 74 kq-da iki yığma üzvü ilk “20-lik”dədir. Abubakr Abakarovla Hacımurad Hacıyev 16 xalla 13-14-cü yerləri bölüşür. Murad Süleymanov isə 86 kq-da bu qədər xalla 16-cıdır. 97 kq-da da millimizin iki üzvü ilk “20-lik”də yer alıb. Arslanbek Alborov 18 xalla 12-ci, ondan 2 xal geri qalan Nurməhəmməd Hacıyev isə 17-ci pillədə qərarlaşıb.

Yunan-Roma güləşində 6 güləşçimizin adı ilk “20-lik”dədir. Bu dəfə Avropa üçüncüsü olan Eldəniz Əzizli xalını 76-ya çatdırıb və 55 kq-da vahid liderliyə yüksəlib. Buxarestdə bürünc medalı boynundan asan Taleh Məmmədov (63 kq) 28 xalla ilk “5-liy”i qapayır. Zədə üzündən qitə birinciliyində iştirak etməyən Rəsul Çunayev (72 kq) 25 xalla 8-cidir. Elvin Mürsəliyevin (77 kq) aktivində 16 xal var və 12-ci yerdədir. Avropa ikincisi olan İslam Abbasov (87 kq) xalını 40-a çatdırıb və 4-cü pilləyə yüksəlib. Orxan Nuriyev (97 kq) isə 16 xalla 16-cıdır.

Qadın güləşində isə yığmanın 7 üzvü ön sıralardadır. Komandanın lideri Mariya Stadnik (50 kq) aktivindəki 40 xalla ilk “3-lüy”ü qapayır. 53 kq-da Anjela Doroqan (14) 16-cı, 57 kq-da Alyona Kolesnik (12) 15-ci, 59 kq-da Elmira Qəmbərova (16) 12-ci, 62 kq-da Tatyana Omelçenko (16) 13-cü, 65 kq-da Elis Manolova (20) 9-cu pillədə qərarlaşıb. İrina Netrebanın adı isə həm 65, həm də 68 kq-da ilk “20-lik”dədir. İrina 65 kq üzrə 25 xalla 6-cı, 68 kq-da isə 14 xalla 18-ci sıradadır.

Qeyd edək ki, Avropa və dünya çempionatı kimi nüfuzlu yarışlarda püşkatma zamanı reytinq siyahısı nəzərə alınır.

Azvision.az


Teqlər: Güləş   Reytinq  





Xəbər lenti