AZAL Almatıda yeni aviareysin təqdimatını keçirib
Onun sözlərinə görə, Bakı-Almatı-Bakı aviareysləri həftədə iki dəfə həyata keçirilir. Bakıdan uçuş həftənin çərşənbə axşamı və şənbə günləri, Almatıdan uçuş isə çərşənbə və bazar günləri yerinə yetirilir. AZAL-ın Qazaxıstanda baş tərəfdaşı qismində “Nur Ai & Co” turizm şirkəti çıxış edir.
Tədbirdə, həmçinin Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı üzrə nümayəndəsi Ramil Rzayev və Qazaxıstanda Azərbaycan diasporunun rəhbəri Əbülfəz Xamedov çıxış ediblər. Onlar çıxışlarında bildiriblər ki, yeni istiqamətin açılması turizmin və ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına kömək edəcək.
AZAL-ın marşrut şəbəkəsinin inkişafı üzrə meneceri Ruslan Abdullayev öz təqdimatında sərnişinlər və turagentlər üçün üstünlüklər barədə danışıb. Azərbaycanın turizm imkanlarını Azərbaycan Turizm Bürosunun MDB ölkələri üzrə regional meneceri Fidan Axundzadə və “Silk Way Travel” şirkətinin daxili turizm üzrə mütəxəssisi Nərminə Ağayeva təqdim ediblər.
Heydər Əliyev Beynəlxalq Aeroportunun direktor müavini Elnur Zülfüqarov Azərbaycanın əsas hava limanının imkanları və üstünlükləri haqqında danışaraq Qazaxıstanın digər aviaşirkətlərini Bakıya birbaşa reyslər açmağa çağırıb.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları”, Heydər Əliyev Beynəlxalq Aeroportu və "SW Travel" turizm şirkəti, həmçinin öz stendləri ilə aprelin 17-dən 19-dək Almatıda keçirilən "KITF-2019" turizm sərgisində təmsil olunublar.
Azvision.az
Teqlər: AZAL