Daxili Qoşunların şəxsi heyətinin hazırlığı yoxlanılıb - FOTO

   Daxili Qoşunların şəxsi heyətinin hazırlığı yoxlanılıb -    FOTO
  19 Aprel 2019    Oxunub:4947
Aprelin 18-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun rəhbərliyi ilə keçirilən tədbirdə “Formula-1 Azərbaycan Qran Pri” yarışı zamanı digər hüquq-mühafizə orqanları ilə birlikdə ictimai qaydanın qorunmasına və ictimai təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək hərbi qulluqçuların xidmətə hazırlığı, təminat-təchizat məsələlərinin həlli, eləcə də nəqliyyat vasitələrinin vəziyyəti yoxlanılıb.
Azvision.az -ın məlumatına görə, Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanına məruzə edilib ki, yarış zamanı xidməti-döyüş tapşırıqlarının və müəyyən edilmiş vəzifələrin tam həcmdə yerinə yetirilməsi üçün planlaşdırılmış hazırlıq tədbirlərinin vaxtlı-vaxtında icrası təmin olunub. İlk növbədə, müvafiq plan-hesab hazırlanaraq şəxsi heyətin xidmət sahələri üzrə bölgüsü aparılıb, digər hüquq-mühafizə orqanları ilə qoşunların birgə fəaliyyətinin əlaqələndirilməsi, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkili məqsədilə baş idarəetmə mərkəzi yaradılıb.



Yarışların təşkil olunacağı ərazi və obyektlərə baxış keçirilərək xidmətin təşkili baxımından təhlil olunub, aidiyyəti üzrə komandir heyəti xidmətaparma yerləri ilə əyani tanış edilib. Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunan şəxsi heyətə tədbirin əhəmiyyəti, qanunçuluq, vətəndaşların hüquq və azadlıqlarının qorunması prinsipləri izah edilərək, vəzifə borclarının icrasına məsuliyyətlə yanaşılması tələb olunub.

Bununla yanaşı, qeyd olunub ki, hazırlıq mərhələsində həvalə edilən obyektlərin mühafizəsi, nəzarət-buraxılış məntəqələrində buraxılış rejiminin təmin olunması mövzuları üzrə xüsusi məşğələlər keçirilib, xidmətə cəlb olunacaq qadın hərbi qulluqçuların da müvafiq məşğələlərdə iştirakı təmin edilib.

Tədbirə hazırlıqların yoxlanılması məqsədilə xüsusi təyinatlı bölmələrin, perimetr boyu xidmətin aparılmasına cəlb olunacaq şəxsi heyətin, o cümlədən qadın hərbi qulluqçuların xüsusi geyim formalarına, hərtərəfli təminatına, xüsusi vasitə və avadanlıqlarla, rabitə vasitələrilə təchizatına və nəqliyyat vasitələrinə baxış keçirilib.



Şəxsi heyətin hazırlığını qənaətbəxş qiymətləndirən general-leytenant Ş.Məmmədov “Formula-1 Azərbaycan Qran Pri” yarışı ilə bağlı qarşıya qoyulan tapşırıqların icrasına məsuliyyətlə yanaşılmasının, nəzərdə tutulmuş tədbirlərin vaxtında və tam həcmdə həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, xidmətin aparılması ilə əlaqədar konkret tapşırıqlarını verərək, şəxsi heyətə bu məsuliyyətli işdə uğurlar arzulayıb, qarşıya qoyulmuş tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyinə əminliyini bildirib.

Azvision.az


Teqlər: Daxili-Qoşunlar  





Xəbər lenti