Türkiyə səfiri Şərqşünaslıq İnstitutunda olub

Türkiyə səfiri Şərqşünaslıq İnstitutunda olub
  18 Aprel 2019    Oxunub:1361
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.
İnstitutdan Azvision.az -a verilən məlumata görə, səfir əvvəlcə Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva ilə görüşüb.

G.Baxşəliyeva Azərbaycan və Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələrindən söz açaraq, qədim tarixə malik xalqlarımızın həmişə bir-birinə dəstək olduğunu qeyd edib.

Azərbaycan və Türkiyə arasındakı elmi, mədəni əlaqələrdən danışan G.Baxşəliyeva bu sahədə Şərqşünaslıq İnstitutunda çalışan türkoloq alimlərin də mühüm rolunun olduğunu bildirib. G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda Türkiyə tarixi, iqtisadiyyatı, türk dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan söz açıb.

İnstitutda türkologiya sahəsində görülən işlərdən məmnunluğunu bildirən səfir iki ölkə alimlərinin əməkdaşlığının əhəmiyyətini qeyd edib.

Sonra səfir şərqşünas alimlərlə görüşüb. Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin inkişafının əhəmiyyətindən danışan səfir, bunun tarixi köklərə söykəndiyini, eyni millətə, eyni dilə, eyni dinə sahib olan iki xalq arasındakı qardaşlıq münasibətinin əsrlər boyu yaşadığını və bu əlaqələrin hazırda daha da zənginləşdiyini, yeni səviyyəyə yüksəldiyini bildirib. Səfir elmi əlaqələrin inkişafının da hər iki ölkə üçün faydalı olacağını ifadə edib.

Sonra Şərqşünaslıq İnstitutunun əməkdaşları türkologiya sahəsində gördükləri işlər barədə səfirə məlumat veriblər.

Azvision.az


Teqlər: Səfir   Türkiyə  





Xəbər lenti