Narkotiklərlə mübarizə üzrə beynəlxalq konfrans başa çatıb

Narkotiklərlə mübarizə üzrə beynəlxalq konfrans başa çatıb
  18 Aprel 2019    Oxunub:1870
Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) aprelin 17-də işini başa çatdırıb.
Konfransın bağlanış mərasimində çıxış edən ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyası (DEA) rəhbərinin səlahiyyətlərini icra edən Uttam Dillon narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu mübarizədə beynəlxalq əməkdaşlığın və tərəfdaşlığın vacibliyini qeyd edib.

O, Bakı konfransının yüksək səviyyədə təşkil olunduğunu və mühüm müzakirələrin aparıldığını vurğulayaraq qeyd edib ki, Azərbaycan paytaxtından dünyaya yeni mesajlar göndərildi.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bəşəriyyəti narahat edən başlıca problemlərdən olan narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfransda səmərəli müzakirələrin aparıldığını bildirib.

O vurğulayıb ki, bu gün dünyada qaçaqmalçılıq, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi bu sahədə peşəkar olan mütəşəkkil qruplar tərəfindən həyata keçirildiyi üçün ona qarşı mübarizə olduqca çətindir. Ona görə də aidiyyəti qurumlar və dövlətlər fəal informasiya və təcrübə mübadiləsi aparmalı, bu sahədə çalışan əməkdaşların peşəkarlığı artırılmalı, cəmiyyətdə geniş maarifləndirmə işi həyata keçirilməlidir

Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov Beynəlxalq Konfransda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı səmərəli müzakirələrin, fikir və təcrübə mübadiləsinin aparılmasını yüksək qiymətləndirib.

Daha sonra S.Mehdiyevə DEA-nın adından təşəkkür plaketi təqdim olunub. O isə öz növbəsində konfransın simvolik açarını Uttam Dillona təqdim edib.

Beləliklə, Bakıda yüksək səviyyədə təşkil edilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans işini başa çatdırıb.

Xatırladaq ki, konfransa dünyanın 115 ölkəsindən 432 nümayəndə qatılıb.

Azvision.az


Teqlər:





Xəbər lenti