“Ölkə üzrə kömürdən istifadə tamamilə dayandırılıb” - Nazir müavini

 “Ölkə üzrə kömürdən istifadə tamamilə dayandırılıb” -    Nazir müavini
  15 Aprel 2019    Oxunub:2318
"Azərbaycan iqlim dəyişmələrinin təsirlərinə yüksək dərəcədə həssas olan ölkədir"
Azvision.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev "EU4Climate" adlı regional layihənin açılış mərasimində deyib. Nazir müavini bildirib ki, istilik effekti yaradan qazların milli tullantıları qlobal tullantıların yalnız 0.1%-ni təşkil edir.

"Azərbaycan 2030-cu ilə qədər istixana effektli qaz tullantılarının səviyyəsinin 35% azalmasının saxlanılmasını hədəf kimi götürüb. Bu öhdəliyi yerinə yetirmək üçün ətraf mühitə dost texnologiyalar tətbiq etməklə infrastruktur layihələri həyata keçirilir, tükənməyən enerji mənbələrindən istifadə, enerji səmərəliliyinin artırılması və digər istiqamətlərdə tədbirlər görülür".

Nazir müavini qeyd edib ki, energetika sahəsində son illərdə həyata keçirilmiş tədbirlərin sayəsində bu sektor üzrə əvvəlki illərlə müqayisədə havaya atılan tullantılar 2 dəfə azaldılıb. "İstilik elektrik stansiyalarinda soba mazutu təbii qazla əvəz edilib, bu sektorda daha müasir texnologiyaların tətbiqi karbon qazı tullantılarının azaldılmasına öz töhfəsini verib. Eyni zamanda, bütün ölkə ərazisində kömürdən istifadə tamamilə dayandırılıb.

Son illər ərzində qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yollarının ətrafında yaşıllıqların salınması, bərpası, becərilməsi istiqamətində müvafiq işlər görülüb,yeni geniş həcmli aqro-meşə massivləri salınıb. Bu da öz növbəsində milli iqtisadiyyatın şaxələndirilməsinə və karbon qazı tullantılarının azaldılmasına yardım edəcək"

R.Hacıyev əlavə edib ki, iqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi işləri davam edir. "Ölkədə quraşdırılmış avtomat meteoroloji stansiyaların ümumi sayı 68-ə çatdırılıb. İqlim dəyişmələrinin kənd təsərrüfatına təsirlərinin qiymətləndirilməsi və adaptasiya planının hazırlanması məqsədilə ilkin olaraq iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirlərinə dair statistik məlumatların təhlili və məlumat bazasının təkmilləşdirilməsi işlərinə başlanılıb. Eyni zamanda müasir metodlara əsaslanan iqlim ssenariləri hazırlanıb.

İqlim dəyişikliyi təsirlərinə uyğunlaşmaq və iqlimlə bağlı təhlükələrə cavab vermək üçün dəqiq, vaxtında işləyən və hərəkətli erkən xəbərdarlıq sisteminin yaradılması və Azərbaycanda dayanıqlığın təmin olunması məqsədilə iqlim məlumatlarının keyfiyyətinin yaxşılaşdırılması və bir çox təhlükəli hadisələr barədə erkən xəbərdarlıq sisteminin gücləndirilməsi üzrə tədbirlər həyata keçirilir".

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Nazir-Müavini  





Xəbər lenti