Bakıda tatar dilinə həsr olunmuş beynəlxalq aksiya
Aksiya iştirakçılarına tatar dilində müxtəlif tapşırıqlar verilib, o cümlədən tatar xalqının mədəniyyəti və adət-ənənələri, tanınmış tatar şairləri və yazıçıları, tatar mətbəxi haqqında və digər məsələlərə dair sualları cavablandırmaq təklif olunub. Sualların bir hissəsi Tatarıstan MSSR-in 2020-ci ildə keçiriləcək yubileyinə həsr olunub.
Tədbirin sonuna yaxın iştirakçılar böyük tatar şairi Abdullah Tukayın şeirinə bəstələnmiş məşhur “Tuqan tel” (“Doğma dil”) mahnısını ifa ediblər.
“Tatarıstan” İctimai Birliyinin sədri müavini, tədbirin kuratoru Emin Ramazanov deyib: “Biz artıq Bakıda bu formatda bir neçə tədbir təşkil etmişik və Tatarıstanın Rusiya Federasiyasının digər regionlarında da təşkil etdiyi bu cür aksiyalarda iştirak edirik. Mən tədbirlərimizdə daha çox tatar gənclərini görmək istərdim, çünki biz öz ana dilimizi bilməli və unutmamalı, xalqımızın ənənələrini yaşatmalıyıq. Biz çox ümidvarıq ki, bu cür tədbirlər gənclər üçün tatar dilinin və mədəniyyətinin öyrənilməsində stimul olacaq. Axı, dili bilmək təkcə ünsiyyət üçün deyil, həmçinin, məsələn, tatar ədəbiyyatı klassiklərinin əsərlərini orijinal dildə oxumaq üçün lazımdır”.
Aksiyadan sonra Azərbaycandakı tatar diasporunun nümayəndələri çay süfrəsi arxasında söhbət edib, onların əcdadlarının Volqaboyundan Azərbaycana köçürülməsi tarixini yada salıb və ailə ənənələrindən danışıblar.
Azərbaycandakı tatar diasporunun dini lideri, “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin keçmiş vitse-prezidenti Hacı Fərhad Qafurov ana dilinin qorunub saxlanılması üzrə bu cür aksiyaların keçirilməsinin vacibliyini vurğulayıb: “Bu məsələdə bizim evimizdə hansı dildə danışdığımıza diqqət etmək çox mühümdür. Əgər biz ailədə tatar dilində danışmağı üstün tutarıqsa, onda dilimizi gələcək nəsillər üçün qoruyub saxlaya bilərik”.
Tədbirdə Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı daimi nümayəndəsi Alfred Zakirov iştirak edib.
“Min tatarca söyleşem” aksiyasının keçirilməsində əsas məqsəd tatar dilinin real tətbiqinin gücləndirilməsi və onun istifadəsi sərhədlərinin genişləndirilməsidir. Aksiya ilk dəfə 2005-ci ildə Kazanda “Uzebes” kreativ yeni nəsil hərəkatının təşəbbüsü əsasında, gənc tatar alimləri və yaradıcı ziyalıların təşkilatçılığı ilə keçirilib.
Azvision.az
Teqlər: Tatarıstan