"AŞPA Ermənistana ciddi təzyiqlər göstərməlidir" - Millət vəkili

"AŞPA Ermənistana ciddi təzyiqlər göstərməlidir" -    Millət vəkili
  13 Aprel 2019    Oxunub:1811
Azərbaycanın millət vəkili Qənirə Paşayeva AŞ PA-da "Azad müzakirələr"də Ermənistanı Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarını, AŞ PA-nın 1416 saylı qətnaməsini və Sərsəng su anbarı ilə bağlı qətnaməsini yerinə yetirməməkdə və Avropa Şurasını (AŞ) Ermənistana təzyiq göstərməməkdə ittiham edib.
Azvision.az -ın məlumatına görə, Azad Demokratlar Qrupunun vitse-prezidenti Q.Paşayeva çıxışında deyib ki, Avropa Məhkəməsinin qərarları üzv ölkələrdə icra olunmalıdır. Amma Ermənistanın keçmiş rəhbərliyi Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarını yerinə yetirməkdən imtina etdi. Öz evinə dönə bilməyən məcburi köçkünlərin Avropa Məhkəməsinə müraciəti əsasında qəbul edilmiş bu qərarın yerinə yetirilməsi üçün təəssüf ki AŞ qurumları da ciddi addımlar atmadı və qərarın yerinə yetirilməsi üçün Ermənistanın sabiq rəhbərliyinə heç bir ciddi təzyiq göstərmədilər:

"Çox təəssüf ki, Ermənistanın yeni rəhbərliyi də bu qərarı yerinə yetirmək üçün heç bir ciddi addım atmır. Bu məsələ Avropa Şurası Parlament Assambleyasını ciddi narahat etməlidir. “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarın qəbulundan uzun zaman keçir və onun yerinə yetirilməsi üçün AŞ PA, AŞ qurumları Ermənistana ciddi təsir və təzyiqlər göstərməlidir. Bu məsələlərə yanaşmada ikili standartlar olmamalıdır. Öz evinə dönə bilməyən məcburi köçkünlər AŞ PA-nı bu məsələlərdə daha həssas olmağa çağırır. Onlar sizi eyni zamanda AŞ PA-nın qəbul etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində də Ermənistana təzyiq göstərməyə çağırır".

Millət vəkili vurğulayıb ki, bu qətnamənin qəbulundan 10 ildən çox zaman keçir, amma Ermənistan hələ də bu qətnaməni yerinə yetirməkdən imtina edir və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə dönməsinə imkan vermir:

"Mən eyni zamanda başqa bir vacib məsələni səsləndirmək və Assambleyamızı bu istiqamətdə də ciddi addımlar atmağa çağırıram. Bir müddən əvvəl Assambleyamız Sərsəng su anbarı ilə bağlı 2085 saylı qətnamə qəbul etmişdi. Həmin qətnamədə AŞ PA Ermənistandan tələb edirdi ki, su ehtiyatlarından siyasi təsir və təzyiq kimi istifadə etməyə son qoysun. Amma Ermənistan bu günə qədər bu qətnamənin də həyata keçirilməsi üçün heç bir addım atmır və on minlərlə azərbaycanlı, əhalinin sıx yaşadığı bir neçə region bundan ciddi əziyyət çəkməkdə davam edir. Biz Assambleyanı çağırırıq ki, bu məsələyə də daha böyük diqqət yetirsin, qəbul etdiyi qətnamənin yerinə yetirilməsi istiqamətində daha sərt mexanizmlərə əl atsın və onun yerinə yetirilməsi üçün Ermənistana təzyiq etsin.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti və Azərbaycanın AŞ yanında Daimi nümayəndəliyi yaz sessiyası çərçivəsində işğal altında olan Azərbaycan torpaqlarında vəziyyətlə bağlı tədbir keçirdi və dəhşətli faktları fotolarla təqdim etdi. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində tarixi-mədəni, dini abidələrin, qəbiristanlıqların dağıdılmasına AŞ PA biganə qalmamalıdır, öz etiraz səsini ucaltmalı və bu dəhşətli vəziyyətə son qoymaq üçün Ermənistana təzyiq etməlidir. Biz sizi Azərbaycanla bərabər, dünya mədəniyyətinin də bir parçası olan abidələrin məhv edilməsinə ciddi etiraz səslərinizi ucaltmağa çağırırıq. Evlərinə dönə bilməyən bütün azərbaycanlı köçkünlər onların pozulan haqlarının müdafiəsi istiqamətində sizdən daha fəal mövqe, bu istiqamətdə səylərinizi daha da artırmağınızı gözləyirlər. İnsan haqlarının müdafiəsi dəyərlərinin qorunması prinsipləri üzərində qurulan AŞ PA o insanların səsini dinləməli və onların öz evlərinə dönə bilməsinə dəstək olmalıdır".

Azvision.az



Teqlər: AŞPA  





Xəbər lenti