"Bəzi hakimlərin fəaliyyətindəki nöqsanlar sistemli xarakter alıb" - Ramiz Rzayev
R.Rzayev deyib ki, dövlətimizin başçısının imzaladığı proqram xarakterli Fərmanda məhkəmə hakimiyyətinə məhkəmə-hüquq sistemində kompleks qanunverici, institusional və praktiki tədbirlərin görülməsi, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması, cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi istiqamətində, eləcə də işlərə baxılarkən ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyinin təmin edilməsi və Azərbaycan Respublikası Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət edilməsinə dair tövsiyələr verilib:
"Dövlətimizin başçısının Fərmanında qeyd olunan tapşırıqların vaxtında, dürüst və dönmədən icrasının təmin olunması, həmçinin ədalət mühakiməsinin keyfiyyətinin və səmərəlilyinin artırılması üçün hər bir məhkəmə sədrinin, həmçinin ədalət mühakiməsini həyata keçirən hakimlərin üzərinə mühüm vəzifələr düşür. Bunun üçün məhkəmə sədrləri, hakimlər ədalət mühakiməsinin prinsiplərinə ciddi əməl etməklə yanaşı, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının səmərəliliyinin yüksəldilməsi, bir sözlə, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlər görməli, məhkəmə icraatı zamanı süründürməçiliyə və digər neqativ hallara yol verməməlidirlər. Lakin ayrı-ayrı kateqoriyaya aid işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi göstərir ki, bəzi hakimlərin fəaliyyətində hələ də həmin mənfi hallar davam etməkdədir və belə nöqsanlar onların fəaliyyətində artıq sistemli xarakter alıb".
O, qeyd edib ki, fərmanda, həmçinin məhkəmə-hüquq sisteminin bütün sahələrini əhatə edən fəaliyyət istiqamətləri müəyyən olunmaqla yanaşı, Ali Məhkəməyə məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlərin görülməsi, ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyətinin gücləndirilməsi, həmçinin məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyənləşdirilmiş sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizmlərin işlənib hazırlanmasına dair tapşırıqlar verilib.
Azvision.az