Həmsədrlərin hiyləgər gedişi - Bu dəfə niyə Moskva?

 Həmsədrlərin hiyləgər gedişi -  Bu dəfə niyə Moskva?
  12 Aprel 2019    Oxunub:6316
Aprelin 15-də Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə baş tutacaq görüşə həmsədrlər də qatılacaq.
Son vaxtlar cəbhədə vəziyyətin gərginləşməsi, Ermənistan tərəfinin sərsəm bəyanatları fonunda görüşlərin növbəti raundundan gözləntilər nədir?

Azvision.az bu məsələ ilə bağlı politoloqlardan münasibət öyrənib.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin fikrincə, Rusiya, xüsusən xarici işlər naziri Sergey Lavrov çalışacaq ki, müzakirələr üçün predmetli məsələni ortaya çıxarsın: “Rusiyanın bu məsələdə əlində olan əsas varinat 5 rayonla bağlıdır. Rusiya mətbuatı görüş öncəsi işğal olunmuş 5 rayonun geri qaytarılması müqabilində Dağlıq Qarabağın statusu məsələsinin razılaşdırılması və bölgəyə sülhməramlı qüvvələr gətirilməsi və bu kimi məsələləri gündəmə gətirir. Ancaq hesab edirəm ki, bu, ağılabatan varinat deyil. Rusiya moderator kimi imitasiya edəcək və danışıqları irəlilətməyə çalışdığını göstərəcək. Hesab edirəm ki, bu dəfəki danışıqlarda da irəliyə doğru addım atmaq mümkün olmayacaq”.



Politoloq bildirib ki, nədənsə Moskvanın təşəbbüsü ilə məsələlər qaldırılanda həmişə cəbhədə gərginlik yaranır.

"Görünür, cəbhə xəttində gərginliyi artırmaq ermənilərin məqsədi imiş. Ona görə də bir-birinin ardınca Tonoyan və Paşinyan bəyanatlar verdi. Görünən budur ki, danışıqlar prosesində ermənilər tamamilə pozucu rol oynayır və imkan vermir ki, nə isə əldə edilsin”, - deyə Q.Hüseynli vurğulayıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Moskva görüşündə müsbət nəticənin əldə olunacağını gözləmir.

“Əgər liderlərin görüşündə ümumi razılaşma yoxdursa, xarici işlər nazirlərinin danışıqlarda irəli gedəcəyini düşünmək sadəlövhlük olardı. Bunu Paşinyanın Strasburqdakı çıxışında yeni heç nəyin olmaması da təsdiq edir. Çünki Paşinyan daha çox mənasız detallar üzərində düşünür. Münaqişənin konseptual həlli haqqında heç nə demir. Bir ifadəsində deyir ki, “Münaqişənin istənilən həll variantı Ermənistan xalqının, Dağlıq Qarabağ xalqının və Azərbaycan xalqının maraqlarına uyğun olmalıdır”. Göründüyü kimi, o münaqişənin həllinin birinci Ermənistan xalqının maraqlarına uyğun olması vacibliyini önə çəkir. Bu, əslində Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal oldunduğunun sübutudur. Amma Paşinyan hiyləgərliyə gedərək Azərbaycan xalqı ifadəsini işlədir ki, guya güzəştə getdiyini göstərsin. Amma təfərrüat haqqında heç bir irəliləyiş yoxdur. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da etiraf edir. Bu baxımdan Moskva görüşündən real nəticə gözləmirəm. Sadəcə danışıqlar imitativ xarakter daşıyır və bu danışıqlarda real nəticə əldə olunmayanadək, atəşkəs kövrək qalacaq, cəbhə bölgəsində vəziyyətin gərginləşməsi ehtimalı da yüksəkdir”.



Politoloq qeyd edib ki, həmsədrlər çox hiyləgər gedişlər edirlər: “Onlar bilirlər ki, yay aylarına doğru, toqquşma ehtimalları artır. Həqiqətən yay aylarında bu versiya var. Bunu bilərəkdən, əvvəlcə liderlərin görüşünü təşkil etdilər. İndi də nazirləri görüşdürürlər ki, heç olmasa payız aylarına qədər toqquşma ehtimalını önləyə bilsinlər. Payızdan sonra hansısa xırda məsələlərdə uzlaşmanın əldə olunacağına ümid edirlər. Həmsədrlərin əsas fikri atəşkəsin pozulmasının və cəbhə bölgəsində gərginliyin qarşısının alınmasıdır, nəinki danışıqlarda real irəliləyişin əldə olunması, Ermənistana təsir edilməsi və s.

Başqa bir məsələyə diqqət edək. Həmsədrlərin münaqişəni həll edə bilməməsini başa düşdük. Ancaq, bölgədə vəziyyətin gərginləşməsinin qarşısının alınması üçün bəzi addımlar atıla bilər. Birincisi, Azərbaycan tərəfi təklif edir ki, girovlar hamının-hamıya prinsipi ilə dəyişdirilsin. Bu məsələ həll olunsa gərginlik azalar. Bütün həll planlarına görə, Ermənistan işğal etdiyi ərazilərdə köçürmə əməliyyatı, tikinti aparmamalıdır. Çünki bu ərazilər Azərbaycana geri qaytarılmalıdır. Ancaq, hazırda ermənilər Kəlbəcərdə, Şuşada, Laçında köçürmə əməliyyatı, tikinti aparır. Həmsədrlər bunun qarşısını almalıdır. Qanunsuz tikintini dayandırılsa, ermənilər Ağdamda hərbi təlimlərə son versə, bu da inam atmosferi yarada bilər. Ancaq, həmsədrlər bu məsələlərdə də heç bir addım atmır”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: XİN   Görüş   Qarabağ   Moskva  





Xəbər lenti