“Mən sizi sevirdim…” - Murad Köhnəqala Elinadan yazır

   “Mən sizi sevirdim…” -    Murad Köhnəqala Elinadan yazır
  11 Aprel 2019    Oxunub:6939
Elina. Necə də gözəl addır...
Sovet vaxtı müşahidə edirdik ki, rusdilli məktəblərin şagirdləri azərbaycandilli məktəblərin şagirdlərindən müsbət mənada fərqlənirdilər. Niyə? Çünki rus dilində yazıb-oxumağı bacaran uşaq bilgi və maraq dairəsini genişləndirmək üçün həmin dildəki bol mənbələri, xarici dillərdən tərcümə olunmuş əlavə oxu materiallarını asanca tapıb, istifadə edə bilirdi. Başlıca səbəb bu idi.
Həmin məktəblərdəki müəllimlər də pedoqoq, keyfiyətli mütəxəssis kimi digərlərindən fərqlənirdilər. Yəni o müəllimlər mütaliəli olduqlarına görə, məktəbdə həm də ayrıca psixoloq rolunu oynayırdılar. Amma, deyəsən, həmin məktəblər sovetin özü kimi tarixə qovuşur. Görünən bu ki, indiki rusdilli uşaqların əksəriyəti savadsız və ailədən gələn dini şəriət qırıntılarının daşıyıcılarıdır.

Demək istəyirəm ki, məsələn, Dostoyevskinin sentimental ruhlu “Bəyaz gecələr”ini oxuyan müəllim, yaxud şagird tamam başqa cür düşüncə dünyasında yaşayır. “Bəyaz gecələr”in qısa süjeti belədi: Sankt-Peterburq sakini Xəyalpərəst adlı tənha, gənc çinovnik oğlan təsadüfən Nastenka adlı qıza rast gəlir. Nastenka çay kənarındakı skamyada oturub, ağlayır. Gənc romantik çinovnik bu mənzərəyə dözmür və yaxınlaşıb, onu saktləşdirərək, ağlamasının səbəbini soruşur. Məlum olur ki, Nastenka evlərində kirayənişin qalan bir kasıb oğlana vurulubmuş. Oğlan imkansızlıqdan onunla evlənə bilmədiyinə görə, müvəqqəti olaraq, Moskvaya bir illik pul qazanmağa gedib. Onlar göz yaşı içində ayrılaraq, bir ildən sonra məhz bu skamyada görüşəcəklərinə söz veriblər. Günləri, ayları sayaraq sevdiyi oğlanı gözləyən Nastya vədə vaxtı həmin yerə gəlir və oğlanı görmür, ona görə də həmin skamyada oturub ağlayır.

Xəyalpərəst onu mehribanlıqla sakitləşdirir və beləcə, onlar dostlaşırlar. Sonradan yenə görüşürlər. Beləcə, biri-birinə bağlansalar da, Nastya öz sevdiyi oğlanı gözlədiyini, buna görə hər gün əzab çəkdiyini deyir və Xəyalpərəstə sevgili yox, yalnız dost olmağı təklif eləyir. Xəyalpərəst Nastyaya ürəkdən vurulsa da, ona öz sevdiyi oğlana qovuşmaq üçün əlindən gələn köməklikləri eləyir. Hətta oğlana məktub yazaraq, Nastyanın onu dəli kimi sevdiyini etiraf edir.

Bir gün qızın sevdiyi oğlan qəfil peyda olur. Nastya Xəyalpərəsti tərk edərək ona qoşulub gedir. Bir müddət sonra Nastya çətin günlərində onu tək qoymayan Xəyalpərəstə məktub yazaraq, bağışlanmasını istəyir. Tənha qalmasına baxmayaraq, Xəyalpərəst Nastyanın ona bəxş etdiyi sevmək bacarığına görə birgə keçirdikləri hər bir dəqiqəni əbədiyyət kimi qiymətləndirir.

Uşaqlığında cücülərdən tutmuş heyvanlara, bitkilərə qədər məhəbbət aşılayan rəngli kitablar, yeniyetməliyində “Bəyaz gecələr” ruhunda, xeyirxahlıq aşılayan bədii əsərlər oxuyan şagirdlər gəncliyində heç vaxt onu sevməyən qızı incitməz.

Puşkinin bu məşhur şeirini isə rusdilli məktəbdə oxuyan hər bir şagird əzbər bilir:

Я вас любил

Я вас любил: любовь еще, быть может,
В душе моей угасла не совсем;
Но пусть она вас больше не тревожит;
Я не хочу печалить вас ничем.

Я вас любил безмолвно, безнадежно,
То робостью, то ревностью томим;
Я вас любил так искренно, так нежно,
Как дай вам бог любимой быть другим

Bu şeiri dilimizə bir neçə müəllif tərcümə eləyib, ancaq mən Eyvaz Borçalının 1987-ci il tərcüməsini daha çox bəyəndim.

Mən Sizi sevirdim: eh, kim bilir, kim
Bəlkə də sönməyib hələ o eşqim.
Sizə qəm yetirmək istəməyib mən,
Eşqimdən əl üzdüm daha bu gündən.

Mən Sizi sevirdim: ümidsiz, həzin,
Qısqana-qısqana, həm ürkək-ürkək;
Mən Sizi sevirdim: allah eləsin,
Sizi bir özgəsi sevsin mənim tək!


Şeirdəki oğlan dərindən sevdiyi, lakin onun bu sevgisinə cavab verməyən qızın daha çox sevəninə qovuşmasını arzulayır. Bax, ədəbiyнat, kitab insanı uşaqlıqdan, yeniyetməlikdən bu cür tərbiyə eləməlidir.

Bizim məktəblərdə isə savadsızlığın, nadanlığın və cahilliyin ucbatından kiməsə öz sevgisini bildirən bir qıza ucdantutma hamı girişir. Yeniyetməlik dövrünün sevgiləri yanlış, qeyri-kamil olsa da, bu hissi hamı keçib getməlidir. Bu, bir genetik diqtədir. Həmin ərəfənin sevgisinə görə heç kimi qınamaq, pozğun deyib barmaqla göstərmək olmaz. Sevginin bu yaşını minalanmış sahədən keçən kimi hamımız keçməliyik ki, sonradan heç kimi barmaqla göstərməyə ehtiyac qalmasın.

Sevgi ilə aşıb-daşan səmimi bir qıza hamı sataşırmış. Bu, vəhşilikdi!

Uşaqların, yeniyetmələrin və gənclərin təlim-tərbiyəsi, psixologiyası ilə məşğul olmaq adı altında qrantlar yeyən yüzlərlə QHT var ölkədə. Hanı onlar? Niyə onların fəaliyyəti cəmiyyətdə hiss olunmur? Nə qədər kağız üzərində hesabat verərək kolluğa çəkilib pul yemək olar? Bu intiharlarda sizin də əliniz var, bilirsinizmi?!

Murad Köhnəqala
Azvision.az üçün


Teqlər: Elina  





Xəbər lenti