İsmayıl Şıxlının 100 illiyi ilə bağlı tədbirlər planı təsdiqlənib

  03 Aprel 2019    Oxunub : 1908
İsmayıl Şıxlının 100 illiyi ilə bağlı tədbirlər planı təsdiqlənib
Prezident İlham Əliyevin 2019-cu il yanvarın 28-də imzaladığı Sərəncamla görkəmli nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunacaq. Dövlət başçısının yazıçının 100 illiyi haqqında Sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı təsdiq edilib.
Nazirlikdən Azvision.az -a verilən xəbərə görə, sənəddə ölkəmizin mədəniyyət müəssisələrində ədibin yubileyinə həsr olunan ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, kitab sərgisi və digər tədbirlərin keçirilməsi əksini tapıb. May ayında Azərbaycan Dövlət Akademik Filarmoniyasında İsmayıl Şıxlının yubileyinə həsr olunmuş təntənəli gecə gerçəkləcək.

Yubiley ilində Mədəniyyət Nazirliyinin dəstəyi ilə yazıçısının kitabının nəşri, həmçinin Milli Kitabxana və nazirlik tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının çap olunması və təqdimatı, “Xalq yazıçı İsmayıl Şıxlı - 100” mövzusunda kitab sərgisinin təşkili nəzərdə tutulur.

Tədbirlər planında Azərbaycan Respublikasının Avstriya, Fransa və Özbəkistandakı səfirliklərinin tabeliyində fəaliyyət göstərən mədəniyyət mərkəzləri tərəfindən həmin ölkələrdə İsmayıl Şıxlının yubileyinə həsr olunmuş müxtəlif tədbirlərin keçirilməsi də yer alıb.

Mədəniyyət Nazirliyi, Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyi və “Qazax Xeyriyyə Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə “Xalq yazıçı İsmayıl Şıxlı – 100” adlı konfransın keçirilməsi planlaşdırılır.

Bakı Xoreoqrafiya Akademiyasında “Xalq yazıçısı İsmayıl Şıxlının yaradıcılığında tarixilik və millilik” mövzusunda elmi sessiyanın təşkili, Təhsil Nazirliyinin müəssisələrində yubileylə bağlı elmi konfrans, simpozium və seminarların keçirilməsi, məktəb kitabxanalarında İsmayıl Şıxlının bədii əsərlərinin oxusu və müzakirəsinin təşkili nəzərdə tutulur.

Yubiley ili ərzində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda, birliyin bütün filiallarında yazıçının anım gecələrinin keçiriləcək, AYB-nin mətbuat orqanlarında ədibin ömür yolu və yaradıcılığı ilə bağlı silsilə yazılar dərc olunacaq.

Azvision.az

Teqlər: İsmayıl-Şıxlı