FHN-in akademiyasına kursant qəbulu elan edilib - VİDEO

FHN-in akademiyasına kursant qəbulu elan edilib -    VİDEO
  29 Mart 2019    Oxunub:4173
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2019/2020-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilib.
Bu barədə Azvision.az -a FHN-dən məlumat verilib.

Akademiyada “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

Təhsil müddəti 4 ildir. Təhsil dövlət sifarişi əsasında ödənişsiz əsaslarla əyani şöbədə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır.

Akademiyada müasir avadanlıqlarla təchiz edilmiş təlim qurğuları, ixtisaslaşdırılmış auditoriyalar, laboratoriyalar, xüsusi fənn kabinələri kursantların istifadəsindədir.



Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.

Akademiyanın məzunlarına seçdikləri ixtisasa uyğun “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Onlar müvafiq rütbələr verilməklə Fövqəladə Hallar Nazirliyi sistemində vəzifələrə təyinat alırlar.

Akademiyaya qəbula namizədlər boyu 170 sm-dən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 15.09.2019-cu ilədək 17 ya­şı tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 15.09.2019-cu ilədək 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.

Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanları fənləri üzrə, ikinci mərhələdə isə I ixtisas qrupunun fənləri üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.

Sənədlər sənəd qəbulu komissiyası tərəfindən aprel ayının 1-dən 30-dək (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir. Daha ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytlarından ala bilərsiniz.

Fövqəladə Hallar Nazirliyinin sənəd qəbulu komissiyasının əlaqə telefonları:

(012) 512-41-61; (012) 512-41-20.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti