Mirzə Cəlili qınayanlara - Murad Köhnəqaladan cavab

      Mirzə Cəlili qınayanlara    - Murad Köhnəqaladan cavab
  28 Mart 2019    Oxunub:10252
Son vaxtlar millətin yeni ziyalısı iddiasında bulunan bir qrup yazar-pozar sosial şəbəkələrdə Azərbaycan maarifçilərinə, xüsusi olaraq, Mirzə Cəlilə qarşı “qara piar” apararaq, onu öz əsərlərində xalqı aşağılamaqda, erməniyə işləməkdə ittiham edirlər. Onların bu fikirlərinə həm sosial şəbəkədə, həm də başqa yazılarımda dəfələrlə münasibət bildirmişəm.
Aşağıda təqdim elədiyim mətnlər təkcə şair Şəhriyar Del Geraninin bu mövzuda paylaşdığı statuslarına yazdığım rəylərdi. Atüstü yazılmış feyzbuk rəylərində Mirzə Cəlil haqda fikirlərimi tam əhatə edə bilməsəm də, bu polemik parçaların oxucular üçün gərəkli olacağını düşündüm və müəyyən əlavələr etməklə saytda dərc etdirməyi qərara aldım.

* * *

...Uşaqlıqdan yadımda qalan bir-iki şeyi deyəcəyəm sənə. Bizim kənddəki evimizi erməni ustaları tikib. Aynabəndimizi və taxta döşəməni düzəldən ustalar uzaq Bada kəndindən olduğuna görə (yeri gəlmişkən, Tovuzun kəndlərinə yaxın, Şəmkirin uzaq dağ kəndi olan Bada ermənilərinin əksəriyəti usta idi) o iki usta bizdə gecələyirdi. Həmin ustaların yaşlı tayı həmişə axşamlar eynəyini taxıb, gətirdiyi kitabları oxuyurdu. Onun yaşında olan azərbaycanlının əlində heç vaxt kitab görməmişdim.

Yaxud, biz uzaq keçmişdə qalan orta məktəb foto şəkillərimizə görə Vazgen adlı bir fotoqrafa borcluyuq. Musurmanın fotoaparat alıb şəkil çəkməyi, sonra onu evdə fiksa eləyib fotoya döndərməyi heç ağlına da gətirmədiyi vaxtlar idi onda. Söhbət 1965-70-ci illərdən geir.
Yaxud, Litinstitutda məndən bir kurs yuxarıda oxuyan erməni Aşotla yay tətilini tələbə dostumuz, inşaatda çalışıb qiyabi təhsil alan Şaiq Vəlinin yanında, Omskda işləyib, pul qazanası olduq. Orada Aşot mənə bütün yay boyu dünya təsviri incəsənətindən, ədəbiyyatından dərs keçdi.

Moskvada teatrlar, qəzet-jurnal nəşriyyatları, televerilişlər ermənilərlə doludur. Xəstəxanalarda savadlı erməni həkimlərin əlindən tərpənmək olmur. Bizimkilərə isə yalnız bazarlarda rast gəlmişik. Mirzə Cəlil demirdi ki, Novruzəli mənəviyyatsızdır, deyirdi, Novruzəli savadsızdır. Canında xroniki yaltaqlıq olan bədbəxt Novruzəli ailəsinin boğazından kəsib, düzəltdiyi sovqatı eşşəyinin belinə yükləyib, heyvanı ağacla döyə-döyə xanın qapısına gətirib. Orada da xanın zibilinə düşür, ancaq yenə xana yalvarır.

Bilirsənmi, ermənilər niyə bizim torpaqlarımızı rusların vasitəsi ilə ala bilib? Çünki erməni diasporu ziyalısına, ideoloquna pul buraxmağın faydasını yaxşı bilir.

Sən get, eləcə, Həsən bəy Zərdabinin həyatını, xatirələrini vərəqlə. Bir detalını yazıram. "Cəmiyyəti-xeyriyyə" adlı qurum təsis edib, kasıb uşaqlarını oxutmaq üçün maliyə axtaran Həsən bəy Qarabağ bəyləri ilə görüşür. Onun fikrini bilən bəylər narazı halda bir-birinin ardınca məclisi tərk edirlər. Həmin imkanlı bəylərimiz kasıb uşaqlarını oxutmaq istəyən Həsən bəyin “avamlığına” gülüb, onu qınayırlar. Düşündükləri də bu idi ki, birincisi, “urus” məktəbində uşaq nə üçün oxumalıdır, ikincisi də, kasıb uşaqları niyə bizim övladlarımızla birgə məktəbə getməlidir?

Ancaq Həsən bəyin yanında erməni cəmiyyəti üçün pul yığmağa gedən “Mşak” adlı erməni qəzetinin redaktoru yaxşıca pulla qayıdır. Yeri gəlmişkən, bu qəzet hətta “Əkinçi”dən əvvəl fəaliyyətə başlayıb, səksən ilə yaxın ömür sürüb. Ancaq sənin “Əkinçi”n maliyyə çatışmazlığı və fəal erməni maneəçiliyi ucbatından cəmi iki il varlığını saxlaya bilib. Gürcülərin isə həmin ərəfələrdə gündəlik qəzetləri çıxırdı. Təsəvvür edirsənmi, o zamanın texnologiyası ilə 1886-cı ildə gündəlik qəzet buraxmaq nə demək idi?

Özünün yazdığına görə, həmin səfərdə Həsən bəyi bir əhvalat xüsusilə sarsıdır. Deməli, erməni redaktora pul verməyə gələn ermənilərin arasında eşşəklə su daşıyıb satmaqla dolanan, kimsəsiz 70 yaşlı Mkrtç adlı bir qoca da olur. Qoca ciblərində olan bütün pullarını stolun üstünə töküb, redaktora deyir: “Mənim oğul-uşağım yoxdur, amma oxumaq istəyən bütün erməni uşaqları mənim balalarımdır!”

Ey əzizim Şəhriyar, istəyirsən, bunun arxası ilə Həsən bəyin bicə cümləsini də yazım, ancaq bu cümləni bir litr xaxol arağı ilə də yuya bilməyəcəksən. Həsən bəy xatirələrində yana-yana yazırdı: “Bir erməni Mkrtçda (saitləri az olsa da, milli təəsübkeşlikləri realdır - M.K.) olan qeyrət Qarabağ bəylərinin tamamında olmadı”.

Yaxud, gör, altı dil bilən, Volteri, Russonu, Lokku orijinaldan oxuyan, Avropa universitetlərində mühazirələr deyən bir ziyalımız, məcburən, hər tərəfdən basqıya məruz qalan Azərbaycana qayıdaraq, say-seçmə oğullarımızı qıran Daşnak partiyasına qarşı Difai adlı silahlı müdafiə təşkilatı yaratmış Əhməd bəy Ağaoğlu nə yazır? O, gimnaziya xatirələrində yazır ki, Şuşada rus dilində açılan “Realnı gimnaziya”nın qırx tələbəsi erməni uşaqları, cəmi beş tələbəsi isə azərbaycanlı idi. Müəllimlərin də əksəriyyəti erməni olduğundan, türk uşaqlarını daimi sıxışdırırdılar. Bütün bunlara görə təzyiqlərə dözməyən digər dörd tələbə də məktəbi yarımçıq buraxıb qaçır, qalır yalnız biçarə Əhməd bəy. Və sair və ilaxır...

Yəni, ey oğul, Mirzə Cəlil də deyirdi ki, yazırdı ki, başa salırdı ki, ey Şəhriyar, eyibinizin üstünü örtməklə, yalançı daqqalıqla, saxta eqoizmlə, mənasız təsübkeşliklə irəli gedə bilməyəcəksən. Neçə ki, xəstəliyinin diaqnozunu gizlədəcəksən, bu halınla müalicə oluna bilməyəcəksən, yalnız ərəb əlifbası kimi daim geriyə, yəni irəlidən arxaya gedəcəksən.

* * *

Usta Zeynal öz işi ilə məşğul olmayan azərbaycanlı obrazıdır. Özü də mənasız dinin lap cəhalətinin içinə düşmüş, mövhumatın tənbəlləşdirib karikaturaya çevirdiyi milyonlarla soydaşımızın simvolik surətidir, İrandan Azərbaycana iş dalınca gəlib.

Bir dəfə, elə Mirzə Cəlili suçlayanlardan biri - Həmid Herisçi mənə danışdı ki, təmir üçün evə iki usta çağırmışdım. Həmin ustalardan biri hər dəfə məni görəndə əlindəki alətlərini yerə qoyub, bir siqaret yandırdıqdan sonra soruşurdu ki, xozeyin, sən şairsən, hə? Deyirdim həə, nolub ki? Deyirdi, mən də şeir yazıram və başlayırdı boş-boş danışmağa. Həmid söyləyirdi ki, onları evə dəvət elədiyimə it peşmanı olmuşdum.
Şəxsən mənim özüm də o tip insanlardan çox görmüşəm. Mirzə Cəlil nə deyirdi ki? Deyirdi, oxuyun, öz eyibinizi bilin, düzəlin.

Hekayədəki Usta Zeynal da tez donan gəclə işləyir və hər dəfə müsəlman arxayınçılığı ilə uzun-uzadı danışıb, materialı zay eləyir. Adam, yenə deyirəm, mənəviyyatsız deyil, axmaqdır, sadəcə, öz işi ilə məşğul olmayanlardandır. Bir usta kimi xozeyin Akopu da yarıtmır. Həm də, sən niyə elə düşünürsən ki, evində azərbaycanlı fəhlə işlədən imkanlı erməni ola bilməzdi? İkinci “həm də” budur ki, Akop Moskvada təhsil alıb qayıdan oğlunu qarşılamaq üçün evini sahmana salır, səninki də soruşur ki, donuz ətini necə yeyirsiniz, axirətinizi düşünmürsünüzmü? Elə bil, kişi ev təmir eləməyə yox, hinkir-minkirliyə gəlib. Bir “həm də”: niyə elə düşünürsən ki, yazıçı ermənini mənəviyyatlı adam kimi çəkib? Qəti elə deyil! Hekayədəki xozeyin Aşot soyuqqanlı, adamayovuşmaz, alçağın da dal ayağıdır. Mirzə Cəlil bu əsəri ilə deyirdi, ayıq ol, düşmən güclüdür. Namazdan-dəstəmazdan danışıb, işini yarıtmayan azərbaycanlı hara, xaricdə təhsil almış oğlunu qatar qrafiki ilə gözləyən erməni hara? Birdən elə bilərsən, burada ermənini tərifləyirəm, xeyr, sadəcə, onları intellektual manyak kimi görürəm. Mirzə Cəlil yazıq da bu fərqi görüb, dəli olurdu. Çıxış yolunu isə bu dözülməz rəzilliyə güzgü tutmaqda görürdü.

Sən elə son dövrlərdə təkcə Bakıdan köçən ermənilərin varidatı haqda maraqlansan, təccüblənəcəksən.
İkincisi də, "Usta Zeynal"ı oxuyub, həyatını dəyişərək düzəldən minlərlə, milyonlarla adamımız olub. Öz işi ilə məşğul olmayan biri kimi sən özün də o hekayəni təkrar-təkrar oxumalısan.

* * *

Bir vaxtlar üzü Göyçə tərəfə - Gədəbəyə qalxan xaraba yollarla gedirdik. Erməni kəndlərinə dönən yollar isə dərhal şüşə kimi asfaltlı olurdu, dərhal! Yəni, bircə metr dönən kimi erməni kəndinin abad yolları başlayırdı. Asfalt nədən əmələ gəlir? Çınqılla bitumdan. Çınqıl bizdə, qır bizdə, ancaq erməninin yolları abad olurdu. İndi neyləyək, öz pintiliyimizi, bacarıqsızlığımızı tərifləyək?

Mən Əkrəm Əyləslinin yazdığı əsəri satqınlıq nişanəsi kimi dəyərləndirirəm, çünki Əkrəm həyasızcasına ermənilərin bizdən çox mənəviyyatlı olduğunu yazıb. Ancaq Mirzə Cəlil ermənilərin bir düşmən kimi bizdən dəfələrlə hiyləgər, savadlı və fəndgir olduqlarını göstərirdi. Məkrli düşmənlə üz-üzə qalan avam, savadsız, sadəlövh, cahil xalqına görə dəli kimi narahat olurdu. Ona görə sadəlövh, saf, avam Novruzəli ilə çoxbilmiş erməni dığasını müqayisə eləyir, qarı düşmənin nə qədər çevik olduğunu göstərir, bizi hazırlıqlı olmağa itiləyirdi. Bu cür fərqləri üzə çıxarıb, bizə deyirdi: evdə bitlənməyin, cəhalətdən silkinin, elmə tərəf gedin, uşaqlarınızı məktəbə yollayın.

Sən, heç olmasa, Gədəbəyin ermənilər yaşadığı Başkənd kəndini görəydin. Ermənilər aşağı düzənlik-biçənəkləri təsərrüfat üçün saxlayır, əkib-biçir, heyvandarlıq edir, yaşayış evlərini isə dağın döşündə, zirvəyə tərəf, əkinə yararsız yerlərdə tikmişdilər. Ancaq bizimkilər bu gün də əkin yerlərini betonlayıb hasarlayır, dağların sinəsini isə boş buraxırlar. Ona görə kəndlərimizdə heyvan otarmağa örüş qalmayıb. Kəndçilərimiz yumurtanı da, qatığı da mağazadan alırlar.

Qarabağ döyüşləri başlayanda bəzi daqqabaş azərbaycanlılar belə deyirdilər: ayə, erməni hara zibilidi, bizim torpağımızı ala? Ancaq düşməni yaxşı tanımadığımıza görə bu duruma dirəndik. Düşməni yaxşı öyrənməsən, yersiz təkəbbür göstərsən bundan da acınacaqlı hala düşəcəksən. Mirzə Cəlil üslubu isə natamamlıq kompleksi yaratmır, əksinə səni silkələyib ayıldır. "Molla Nəsrəddin" jurnalının birinci nömrəsinin üz qabığındakı karikaturaya bax, gör, kişi nədən başlayıb? Yatan milləti oyatmaqdan!

* * *

Sizin ümumi fikriniz budur ki, guya, Mirzə Cəlil aşırı nihilistdi, öz əsərləri ilə millətdə "kомплекс неполноценности" yaradır. Bəs, o halda sən özün niyə o boyda kişini erməni satqını elan eləyirsən? Mirzə Cəlil də bizim millətdəndi dəə, niyə ondan tələb elədiklərinizə, yəni, “eyibi üzə demək olmaz” məsələsinə özünüz əməl eləmir, kişinin “satqınlığını” üzünə vurursunuz? Yazıçıdan tələb elədiyiniz həmin etika ilə soruşuram, siz niyə Mirzə Cəlilin bu “eyibini” gizlətmək istəmirsiniz? Qoysanız, yazıçının “satqınlığı” Novruzəlinin avamlığı kimi üstüörtülü qalsın. Fikirləşmirsinizmi ki, məntiqsizliyinizi qaytarıb özünüzə dolayarlar? Sizin ağlınıza qalsaydı, onda ruslar da Saltıkov-Şedrini, Qoqolu, Çexovu topa tutardı. Hələ müasir satiriklərindən danışmıram.

Keçən dəfə də yazmışdın ki, Mirzə "Molla Nəsrəddin"i Tiflisdə gürcülərin “tırkası” və maliyyəsi ilə çıxarırdı. Əvvəla, bilməlisən ki, o zamanlar Tiflis bizim mədəniyyət mərkəzimiz idi. AXC də ilk dəfə Cümhuriyyəti Tiflisdə, hər il bayram elədiyimiz həmin 28 Mayda elan eləmişdi. Mirzə Cəlil isə həyat yoldaşı, ömrünün sonuna qədər ona dayaq olan Həmidə xanım Cavanşirin qızıllarını xərcləyib, jurnal çıxarır, maarifçilik eləyirdi. Bunu hardan eşitmisiniz, bilmirəm, ancaq Mirzə Cəlil ailəsinin gürcünün, yaxud erməninin puluna heç vaxt ehtiyacı olmayıb, heç vaxt. Mirzə Ələkbər Sabiri Tiflisə gətirib öz evində ağırlayaraq müalicə etdirən Həmidə xanım haqda Üzeyir Hacıbəyli təxminən belə yazır: “Qoy, bu sözlərim ədəbiyyat tariximizdə qalsın, milyonçularımızın arasından bir kişi çıxmasa da, Həmidə xanım kimi dost, ədəbiyyat himayəçisi var”.

Həmidə xanım doğulduğu kənddə öz vəsaiti hesabına məktəb açıb və millətin balalarına özü orada dərs keçib. Yoxsa, pirlərdə sürünməyi, ərəbin azanına qulaq kəsilməyi təbliğ eləməyib.

Ey gənc, bil və agah ol, cazmen Vaqif Mustafazadəni sənin bığın kimi bığı, cins şalvarın kimi şalvarı olduğuna görə efirə buraxmırdılar, ona görə o dahinin də birinci konserti Tiflisdə keçirilmişdi. İndi neynləyək, millətin bu xislətinin də xətrinə dəyməyək?

Ancaq mən düşünürəm ki, xətrinə dəysə də, millətin ümumi eyiblərini açıb, üzünə vurmaq lazımdır. Yoxsa, hər tində oturan təsbehli gündə bir fətva icad eləyib, yeni-yeni mentalitet detalı yaradacaq.

O vaxtlardan azca zaman keçib, indi sən, namxuda, Vaqifin bığından da uzun bığ buraxmısan. Buna görə səni küçədə söyən, yaxud efirləri üzünə bağlayan yoxdur, düzdür? Çünki o vaxtdan üzü bəri, az da olsa, millət maariflənib, gəlişib, fikirləri dəyişib. Mirzə Cəlil də bunu deyirdi dəə! Deyirdi, gəlişin, inkişaf eləyin, müasirləşin, bədəvi ərəbin nağılına xumarlanmayın, realist olun, Şəhriyarı cins şalvarına görə daşlamayın!

Bax beləcə, Mirzə Cəlil, savadsız qoçular, şəriət-daşqalaq aşiqləri tərəfindən Bakıda təqib edildiyinə görə, Tiflisdə rahat nəfəs almağa gedirdi.

Rastıma çıxan bəzi yazılarında yazırsan ki, avazla oxunan ərəb dualarından, azan səsindən duyğulanırsan. Nə oldu sənə birdən-birə? Sən axı, bu düşüncədə deyildin? Xəbərin varmı, sən hazırda Şərqi Avropanın şəhərində yaşayırsan? Bu kimi fikirlərin mənə şəriət əlindən qaçıb Avropa ölkələrinə sığınan ərəb qaçqınlarının yaşadıqları ölkədə yenidən şəriət qanunları tələb etməsini xatırladır.

Murad Köhnəqala
Azvision.az üçün


Teqlər: Cəlil-Məmmədquluzadə  





Xəbər lenti