İlham Əliyev: “Sahibkarların vəziyyətini başa düşməliyik”

 İlham Əliyev:  “Sahibkarların vəziyyətini başa düşməliyik”
  28 Mart 2019    Oxunub:3465
"Martın 26-da ticarət mərkəzlərinin birində yanğın baş vermişdir. Xoşbəxtlikdən insan itkisi olmamışdır. Ancaq o ticarət mərkəzində çalışan insanlara maddi ziyan dəyib. Yanğının səbəbləri araşdırılır, bu gün ilkin məlumat veriləcəkdir və əminəm ki, tam araşdırılacaqdır"
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar keçirdiyi müşavirədə çıxışı zamanı deyib.

Prezidentin sözlərinə görə, sahibkarların problemləri həll edilməlidir: "Onlar öz iş yerlərini, öz əmlakını itiriblər. Onlara maddi ziyan dəyib. Bəziləri borc alıb və orada malları satışa çıxarıblar. Ona görə, əlbəttə ki, biz bu insanlara dövlət olaraq öz dəstəyimizi göstərəcəyik.

Dünən Nizami Rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirilib. Bu gün səhər ikinci görüş keçirilib və onlara deyilib ki, dövlət onlara dəstək və yardım göstərəcəkdir. Belə hadisələr baş verir. Əlbəttə ki, səbəblər tam araşdırılmalıdır və operativ olaraq dövlət sahibkarlara öz maddi yardımını göstərməlidir. İqtisadiyyat Nazirliyi ticarət mərkəzində çalışan sahibkarlarla bir-bir görüşməlidir, onların problemlərini dinləməlidir və onlara dəstək göstərməlidir. Maliyyə Nazirliyi operativ olaraq, ilkin maliyyə vəsaiti ayırmalıdır ki, sahibkarlara bu vəsaitin verilməsi təmin edilsin. Bununla bərabər, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi yanmış malların qiymətini sahibkarlarla birlikdə araşdırmalıdır, aydınlaşdırmalıdır və bizdə bu məsələ ilə bağlı dəqiq məlumat olmalıdır".

Prezident qeyd edib ki, adətən inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır: "Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük. Misal üçün, bu yaxınlarda Şamaxı, İsmayıllı, Ağsu rayonlarında baş vermiş zəlzələ nəticəsində minlərlə evə ziyan dəyib və heç bir ev sığortalanmayıb. Təbii ki, dövlət öz dəstəyini göstərir və göstərməlidir. Artıq evlərin tikintisi başlamışdır və bu ayın əvvəlində birinci evlərin vətəndaşlara təqdimetmə mərasimi keçirilmişdir. Bütövlükdə, sahibkarlara məsləhət görülür ki, onlar öz əmlakını sığortalatsınlar. Belə olan halda tam əmin ola bilərlər ki, bədbəxt hadisə baş verdikdə onların əmlakı batmayacaq".

Ölkə başçısı əlavə edib ki, Azərbaycan çox güclü sosial siyasət aparır: "Bu siyasət özünü müxtəlif sahələrdə büruzə verir. Bildiyiniz kimi, bu ilin əvvəlində çox ciddi və böyük sosial paket təsdiqləndi. Sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunur. Deyə bilərəm ki, dünyada belə bir təşəbbüsün bənzəri yoxdur. Təbii fəlakət - zəlzələ, daşqın vaxtı hər zaman vətəndaşın yanında ilk olan dövlətdir. Bu, bizim siyasətimizdir, biz bu siyasətə sadiqik və bunu bütün sahələrdə aparacağıq. Ona görə, baş vermiş yanğınla bağlı, əlbəttə ki, ilk növbədə, biz burada əziyyət çəkən, maddi ziyan dəyən sahibkarların vəziyyətini başa düşməliyik, onlara kömək göstərməliyik və göstərəcəyik.

Məsələni tam araşdırıb təklifləri vermək üçün komissiya yaradılacaq. Əlbəttə ki, komissiya bir müddət işləyəcək. Ancaq biz operativ olaraq sahibkarlara ilkin mərhələdə maddi dəstək göstərməliyik ki, onlar bu vəziyyətdən çıxa bilsinlər. Gələcəkdə onları işlə təmin etmək üçün müvafiq addımlar atılacaq. O ki qaldı, ticarət mərkəzinin sahibkarlarının fəaliyyətinə, əlbəttə ki, onlar dövlət tərəfindən sahibkarlara veriləcək məbləğin ödənilməsini tam təmin etməlidirlər və edəcəklər. Ancaq nəzərə alsaq ki, biz istəyirik məsələ tezliklə öz həllini tapsın, bu məqsədlə, yenə də dediyim kimi, dövlət dərhal öz dəstəyini göstərməlidir"- deyə, dövlət başçısı qeyd edib.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti