“Maaş və pensiyalar yenə artacaq” - Deputat

   “Maaş və pensiyalar yenə artacaq” -  Deputat
  28 Mart 2019    Oxunub:7006
"Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər keçirilir"
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev deyib.

O, bildirib ki, 2019-cu il həyatımıza sosial müdafiə və sosial rifah ili kimi daxil olub: "2019-cu ilin ilk iki ayında sosial sahədə atılan addımlar heç də təsadüfi, hər hansı impulsiv qərar deyil. Bu addımlar planlı, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq həyata keçirilir. Son imzalanan sərəncamlar da bir və ya iki ayın işi deyil, onların üzərində aylardır ki, iş gedib".

M.Quliyevin sözərinə görə, sərəncamlar imzalanmamışdan öncə onların maliyyə tutumluluğu, əhatə edəcək əhalinin sayı, inflasiyaya dayanıqlığı hesablanıb.

"Bütün bunlar sadə məsələlər deyil, uzun illər görülən, hesablanan işləri məntiqi nəticəsidir. Prezident İlham Əliyev də bəyan edib ki, 2019-cu il əhalinin sosial müdafiəsi sahəsində xüsusi bir il olacaq. Yəni 2017-ci il iqtisadiyyatımızın sabitləşməsi, 2018-ci il iqtisadi inkişaf, 2019-cu il isə sosial inkişaf və rifah ili kimi xalqımızın tarixinə düşəcək.

Azərbaycan Prezidentinin əhalinin sosial müdafiəsi istiqamətində atdığı addımlar, xalqın lideri kimi xalqın qayğısına qalmasının əyani nümunəsi və ifadəsidir. Son zamanlar həm sosial müavinətlərin, pensiyaların, təqaüdlərin, minimum əmək haqlarının və digər əhalinin rifahına təsir edən qərarların verilməsi də bu baxımdan böyük önəm kəsb edir. Bütün bunlar konkret olaraq dövlətin inkişafı, əhaliyə yönəlik siyasətin nümunəsidir".

Deputat qeyd edib ki, ölkə başçısı tərəfindən imzalanan sərəncamlar təxminən 3 milyona yaxın insanı əhatə edir. Bununla da, dövlət büdcəsinin üçdə birindən çoxu sosial xərclərə yönəlmiş olur ki, bu da büdcəmizin sosial yönümlü olduğunun əlamətidir.

"Ölkə başçısının da söylədiyi kimi bu sərəncamlar davamlı olacaq. Minimum, orta aylıq əmək haqları, pensiyalar artacaq, yeni iş yerləri açılacaq, bütün bunlar əhalinin sosial rifah halının güclənməsinə, ölkəmizi sosial rifah dövlətinə gətirib çıxaracaq. Bu bir daha göstərir ki, Azərbaycan dövlətinin mahiyyəti sosial müdafiə, sosial rifah və vətəndaşa yönəlik siyasət istiqamətində qurulub. Beləliklə, Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır".

Azvision.az


Teqlər: Musa-Quliyev   Deputat  





Xəbər lenti