QHT Şurasından innovativ yenilik
Şuranın yeni brendi sayılacaq SƏLİS QHT-lər, o cümlədən vətəndaşlar üçün yeni imkanlar yaradacaq və bu sistem vasitəsilə hər kəs Şuranın elektron xidmətlərindən rahat və sürətli şəkildə istifadə edə biləcək.
QHT Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud bildirib ki, 27 martdan etibarən Şura SƏLİS-in ilk xidmətini, elektron növbəni (E-növbəni) istifadəyə verir: "Martın 27-si saat 09:00-dan başlayaraq 2019-cu ilin birinci qrant müsabiqəsinin qalibləri “E-növbə” xidmətindən yararlana biləcəklər. Belə ki, bundan sonra müsabiqə qalibi olan QHT-lərin müqavilə sənədlərini razılaşdırmaq üçün Şuranın ofisinə gəlmələrinə ehtiyac olmayacaq və müqavilənin imzalanması üçün canlı növbələrdə vaxt itgisinə lüzum qalmayacaq. QHT-lər nəzərdə tutulan vaxt çərçivəsində qrant müqaviləsi üçün tələb olunan sənədləri elektron qaydada razılaşdırdıqdan sonra elektron növbə götürərək imzalanmış müqaviləni Şuranın ofisindən çox qısa müddət ərzində (təxminən 5-10 dəqiqə) götürmək imkanı əldə edəcək. Beləliklə, tərəfdaşlarımız vaxtlarına qənaət etmiş olacaq, Şura ilə bütün yazışmaları arxivləşəcək, şəffaflıq və aşkarlıq tam təmin olunacaq, Katibliyin əməkdaşları ilə təmas minumuma endiriləcək, mümkün bürokratik əngəllər və subyektiv amillər aradan qalxacaq.
QHT-lərdən xahişimiz ondan ibarətdir ki, Şuranın təsdiq etdiyi Qaydalarda təsbit edilmiş vaxt çərçivəsinə tam əməl etsinlər. Qrant müsabiqəsinin keçirilməsi Qaydalarının 7.6. bəndində göstərilir ki, müsabiqə nəticələrinə dair Şurada qərar qəbul edildikdən sonra 30 iş günü ərzində Katibliklə qalib olmuş QHT-lər arasında qrant müqavilələrinin (bundan sonra – müqavilə) bağlanılması başa çatdırılır. Qaydaların 7.7. bəndinə əsasən isə müsabiqə nəticələri haqqında məlumat Şuranın rəsmi saytında dərc edildiyi gündən etibarən ən geci 7 iş günü ərzində müsabiqə qalibi olmuş QHT-lər müqavilənin bağlanılması üçün Şuranın e-qht.az saytının E-növbə (bundan sonra – E-növbə) bölməsi vasitəsilə tələb olunan sənədləri Katibliyə təqdim etməlidir. Müsabiqə qalibi olan 371 QHT-nin hər birindən bir daha xahiş olunur ki, göstərilən vaxt çərçivəsini diqqətdə saxlasınlar.
Hazırladığımız video təlimatı izləməklə “E-növbə” xidmətindən daha asan və rahat şəkildə istifadə edə bilərsiniz.
Əgər elektron xidmətdən istifadə zamanı hər hansı bir çətinliklə üzləşsəniz, Şuranın qaynar xəttinə (1672) və ya Katibliyin əməkdaşları Tural Hüseynli və Elnur Bağırova müraciət edə bilərsiniz".
Azvision.az
Teqlər: QHT