Qarabağ icmasının sədri: "Danışıqların davam etdirilməsi vacibdir"
Müsahibə zamanı erməni separatçılarının hələ sovet hakimiyyəti dövründə Azərbaycana qarşı ərazi iddiaları irəli sürdükləri, Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan qoşunlarının Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etdikləri, həmin ərazilərdə yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdikləri diqqətə çatdırılıb. Bildirilib ki, işğal nəticəsində öz torpaqlarından qovulmuş azərbaycanlı əhali ölkəmizin müxtəlif şəhər, rayon və kəndlərində məcburi köçkün vəziyyətində yaşayır.
Müsahibədə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin hazırda davam etdirildiyi bildirilib, Azərbaycanın ərazi bütövlüyünün bərpası və məcburi köçkünlərin Dağlıq Qarabağ və ətraf yeddi rayona qayıtmasını özündə ehtiva edən sülh sazişinin yaxın zamanlarda imzalanacağına ümid ifadə edilib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin hələ ki, bir nəticə vermədiyi, lakin hazırki danışıqların davam etdirilməsinin vacib olduğu vurğulanıb, BMT, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyan qətnamələrin qəbul edildiyi bildirilib. Eyni zamanda, Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması üçün beynəlxalq təşkilatların Ermənistana təzyiq göstərməsinin vacibliyi diqqətə çatdırılıb.
Azvision.az
Teqlər: Qarabağ Tural-Gəncəliyev