Paytaxtda Novruz şənlikləri davam edir
Tədbirlər çərçivəsində paytaxtın Suraxanı rayonunda və rayonun qəsəbələrində bayram şənlikləri geniş miqyasda keçirilib.
İlk növbədə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda ümumrayon bayram şənliyi keçirilib. “Atəşgah Məbədi”nin qarşısı baharın gəlişi münasibətilə başdan-başa bayram libasına bürünüb.
20-21 mart tarixlərində bayram tədbirləri rayonun Bülbülə, Əmircan, Qaraçuxur, Hövsan, Zığ, Yeni Suraxanı qəsəbələrində davam etdirilib.
Bayram tədbirlərində tanınmış incəsənət ustaları, rayonun mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirib, "Kosa, Keçəl və Bahar qız" tamaşası göstərilib, rəngarəng konsert proqramı keçirilib. Şənlik iştirakçıları qədim xalq mahnılarını ifa edib, milli musiqinin sədaları altında rəqs edibər. Sakinlərimiz və şəhərin qonaqlarına zəngin Azərbaycan mətbəxi nümunələri təqdim olunub.
Tədbirlərdə rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri, çoxsaylı xarici və yerli qonaqlarla yanaşı, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri də iştirak ediblər.
Azvision.az