Amerika Analitik Mərkəzi əfv sərəncamını alqışlayır
Xəzər Siyasi Mərkəzinin Direktorlar Şurasının üzvü səfir Riçard Houqland Azərbaycan Prezidentinin bu Sərəncamını şərh edərək bildirib ki, postsovet dövlətlərində həyata keçirilən mühüm islahatlar çox vaxt dünyada daha maraqlı sensasiyalı xəbərlər fonunda diqqətdən kənarda qalır. Keçmiş diplomat 431 nəfər məhkumun əfv edilməsini alqışlayaraq vurğulayıb: “Mən qəti əminəm ki, biz Azərbaycanı bu islahatlar yoluna qədəm qoyması münasibətilə təbrik etməliyik. Bu xəbərləri gerçəklik kimi qəbul etmək lazımdır. Bu cəsarətli addım Azərbaycanın demokratik dünya birliyinə daha inamla daxil olmasına imkan verəcək, o, dünya arenasında öz qanuni yerini tutacaq”.
Bəyanatda daha sonra deyilir ki, Azərbaycan rəhbərliyinin bu qərarı ölkədə işgüzar mühitin yaxşılaşdırılmasına və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş geniş spektrli iqtisadi və siyasi islahatların tərkib hissəsidir. Dünya Bankı və digər beynəlxalq təşkilatlar bu islahatları bəyənirlər. Biznes fəaliyyətinin rahatlığı göstəricisinə görə Dünya Bankının reytinqində Azərbaycan dünyada 25-ci yerə çıxıb.
Sənədin sonunda qeyd edildiyi kimi, tamamilə aşkardır ki, Azərbaycan rəhbərliyi son bir neçə ayda başladığı islahatlar xəttini davam etdirmək əzmindədir, ona görə də beynəlxalq birlik bu ölkənin seçdiyi yolu fəal dəstəkləməli və təşviq etməlidir. (AzərTAc)
Azvision.az