“Əli İnsanovun korrupsiya əməlləri cəmiyyətə yaxşı məlumdur” - Mübariz Qurbanlı

“Əli İnsanovun korrupsiya əməlləri cəmiyyətə yaxşı məlumdur” -   Mübariz Qurbanlı
  19 Mart 2019    Oxunub:4471
Azərbaycanda məhkumların əfv olunması, vətəndaşlara humanist münasibətin göstərilməsi davamlı xarakter daşıyır. Bu günə qədər ölkəmizdə 70-ə yaxın əfv Sərəncamı imzalanıb.
Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam da bu baxımdan xüsusi qeyd edilməlidir.

"Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib. Göründüyü kimi, Prezident İlham Əliyev imzalanan əfv Sərəncamı böyük humanizm nümunəsi olmaqla yanaşı, dövlətin öz vətəndaşlarına yüksək diqqət və qayğısını əks etdirir".

Komitə sədri təəssüflə qeyd edib ki, bu humanizm aktının üzərinə kölgə salmaq istəyənlər də var: "Vaxtilə müxtəlif xarakterli cinayət əməlləri törətmiş, korrupsiya faktlarına görə hüquqi məsuliyyətə cəlb olunaraq həbs edilənlər azadlığa çıxdıqdan sonra öz səhvlərini dərk edib cəmiyyətə yararlı olmaq yolunu seçmək əvəzinə, yenidən hakimiyyətə və dövlətə qarşı ittihamlarla çıxış edirlər. Onların əfv Sərəncamının üzərinə kölgə salmağa, ictimai rəyi çaşdırmağa çalışırlar. Korrupsiya əməlləri cəmiyyətə yaxşı məlum olan keçmiş səhiyyə naziri (Əli İnsanovu nəzərdə tutur-red) onun azad edilməsinin guya xarici təsirlər nəticəsində olduğuna dair absurd iddialar səsləndirir. Hər kəsə, eləcə də həmin adamın özünə də yaxşı məlumdur ki, Azərbaycan heç bir qüvvənin diktəsi ilə hərəkət etmir, tam müstəqil siyasət həyata keçirir, hər hansı bir təsir və təzyiqə qətiyyən imkan vermir. Respublikamız öz müstəqil inkişaf yolunda irəliləyir, ölkəmizin daxili, xarici siyasəti suverenlik prinsipinə əsaslanır və milli maraqlara xidmət edir. Ona görə də hər hansı bir təzyiqdən söhbət gedə bilməz. Həmin adama sual vermək lazımdır ki, əgər həmin qərar xarici qüvvələrin təsiri ilə qəbul olunubsa, bu, sözügedən şəxsin cəzaçəkmə müddətində nə üçün olmayıb? Bu, birmənalı şəkildə Prezident İlham Əliyevin humanist təşəbbüsüdür və onun üzərinə kölgə salmaq mümkün deyil".

M.Qurbanlı qeyd edib ki, bəzi adamların iddiaları ilə müddəaları üst-üstə düşmür, tərs mütənasiblik təşkil edir.

"Onlar öz şəxsi maraqlarını və anti-Azərbaycan dairələrin mənafelərini Azərbaycanın milli maraqlarından üstün tuturlar. Bu, bütün hallarda yolverilməzdir. Sağlam siyasi qüvvələr, eləcə də cəmiyyətin avanqard siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası daim milli maraqları üstün tutur, Azərbaycanın inkişafına və qüdrətinin daha da artmasına xidmət edən addımların təqdirəlayiq olduğunu birmənalı şəkildə və qətiyyətlə ifadə edir".

Azvision.az


Teqlər: Mübariz-Qurbanlı   Komitə   Sədr  





Xəbər lenti