Əfv Komissiyasının üzvü: “Bütün müraciətlərə ayrı-seçkilik edilmədən baxılıb”
Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
Komissiya üzvü əlavə edib ki, budəfəki əfv sərəncamının ən böyük özəlliklərindən biri müxtəlif mətbuat orqanlarında adları hallanan 52 nəfərin cəzasının çəkilməmiş hissəsindən azad edilməsidir:
"Bu, həm də yerli hüquq müdafiəçilərinin - Novella Cəfəroğlu, Səidə Qocaman, Səadət Bənənyarlı və digərlərinin ölkə başçısına təqdim etdiyi müraciətlər əsasında baş tutub. Ümumən vurğulanmalıdır ki, əfv üçün müraciətlər diqqətlə araşdırılıb və hər hansı ayrı-seçkilik edilmədən baxılıb. Ona görə də müxtəlif insanlar ölkə başçısının humanizmindən, mərhəmətindən faydalanır. Çünki dövlət başçısı üçün vətəndaşları əzizdir və siyasətinin mərkəzində vətəndaşlar dayanır. Vətəndaşlara hər zaman imkanlar yaradılır, qanunun aliliyinin təmin edilməsi istiqamətində qərarlar qəbul edilir ki, hər kəs bundan faydalansın. O cümlədən, məhkumlara ailələrinin yanında olmağa şərait yaradılır".
Ə.Nuriyev vurğulayıb ki, ölkədə hansısa problemlər varsa, bunlar ölkə daxilində həll olunmalıdır: "Ölkə xaricindən bu məsələlərin həlli üçün edilən təzyiqlər, təhdidlər əbəs yerədir. Çünki Azərbaycan suveren ölkədir və konstitusion platforma mövcuddur. Ölkənin seçilmiş prezidenti var. Bütün qərarlar, o cümlədən, insan hüquq və azadlıqlarının qorunması istiqamətində atılan addımlar ölkə başçısının siyasi iradəsinin təntənəsinə xidmət edir".
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Əliməmməd-Nuriyev Əfv