Ən böyük bayram hədiyyəsi: Prezidentin humanizm siyasəti rəqəmlərdə - TƏHLİL

      Ən böyük bayram hədiyyəsi:    Prezidentin humanizm siyasəti rəqəmlərdə -    TƏHLİL
  16 Mart 2019    Oxunub:10164
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Novruz Bayramı münasibətilə növbəti əfv sərəncamını imzalayıb. Sərəncama əsasən, 431 məhkum əfv olunub. Onlardan 399-u azadlıqdan məhrumetmə cəzasının qalan hissəsini çəkməkdən azad ediliblər.

Beləliklə, yüzlərlə ailə Novruz bayramını daha böyük sevinclə, gülər üzlə keçirəcək. Yüzlərlə insan bayram ərəfəsində doğmalarına, qohumlarına qovuşacaqlar. Bu, Azərbaycan dövlətinin və onun başçısının artıq illərdir davam etdirdiyi humanizm siyasətinin növbəti təzahürüdür.

Cənab İlham Əliyevin fəaliyyətində humanizmin və insansevəriyin əsas prinsip olmasını rəqəmlər də təsdiqləyirlər. Faktlara baxaq: Bu gün imzalanan Sərəncam 2003-cü ildən bəri dövlət başçımızın imzaladığı sayca 33-cü əfv sənədidir. Ümumilikdə 16 il ərzində imzalanan fərman və sərəncamlarla 4.500-dən çox şəxs azadlığa buraxılmaqla, 5 minə yaxın məhkum əfv edilib.

Təsadüfi deyil ki, əfv sənədləri adətən bayramlar ərəfəsində imzalanır. Bununla dövlət başçısı yüzlərlə insana dünyada ən qiymətli neməti – Azadlığı hədiyyə edir. Yada salaq ki, ötən il də mayın 24-də, Cümhuriyyətin 100 illiyi münasibətilə 634 şəxs əfv olunmuşdu.

Qeyd edək ki, Sərəncamda adları hüquq müdafiəçilərinin siyahılarına düşmüş 50-dən çox şəxs var. Bu, kifayət qədər böyük rəqəmdir, indiyə qədər heç vaxt belə nisbət olmamışdı. Buradan da görünür ki, əfv fərmanı ölkənin siyasi-ictimai həyatında da yetərincə ciddi hadisə sayıla bilər.  

Bu humanizm və insanpərvərlik siyasətinin kökləri vaxtilə Milli Lider Heydər Əliyevin atdığı addımlardan qaynaqlanır. Yada salaq ki, Ulu Öndər ölkə rəhbərliyinə qayıdandan sonra, 1995-ci ildə əfv və amnistiya praktikasını bərpa etdi. Bundan sonra onun hakimiyyətdə olduğu dövrdə ümumilikdə 65 fərman və sərəncamla 8 minə yaxın şəxs əfv olunub. Həmin humanizm siyasəti bu gün də davam etdirilir.

Amma əfvlə bağlı fərman və sərəncamlar o siyasətin sadəcə, bir tərəfidir. Hakimiyyətin humanizm siyasətinin daha geniş təzühürü özünü Amnistiya aktları zamanı göstərib. 1995-ci ildən başlayaraq, bu günə qədər qəbul edilmiş 11 amnistiya aktı ümumilikdə 117.000-ə yaxın şəxsi əhatə edib ki, onlardan da 30.000-i azadlığa buraxılıb. Qalanların cəzaları müxtəlif formalarda yüngülləşdirilib.

Bu amnistiya aktlarından sonuncu 4-ü – yəni 2007, 2009, 2013 və 2016-cı illərdə baş tutan amnistiyalar Heydər Əliyev Fondunun Prezidenti, xanım Mehriban Əliyevanın təşəbbüsləri olub. 2016-cı ilin amnistiyası 10.000-dən çox məhkumu əhatə etmiş, 3.000-ə yaxın şəxs penitensiar müəssisələrdən buraxılmışdı.

Bu faktlar bir daha təsdiqləyir ki, Humanizm Azərbaycan iqtidarı üçün prioritet dəyərlərdən biridir. Həm də məhz bu səbəbdən cəzaların yüngülləşdirilməsi, alternativ cəza növlərinin tətbiqi istiqamətində fəal iş aparılır. Çünki dövlətin məqsədi əsla vətəndaşını cəzalandırmaq deyil. Dövlətin məqsədi vətəndaşı islah etmək, qanunsuz əməllərdən uzaqlaşdırmaqdır. Həbsxana isə çox vaxt əks nəticə verir: Məhkumlar orada qaldıqca cəmiyyətdən qopur, sivil həyatın normalarından uzaq düşürlər. Azərbaycan dövləti belə olmaması üçün çalışır və son illərdə əfv təşbbüsləri də daxil olmaqla, atılan bütün addımlar əsasən bu məqsədə hesablanıblar.

Anar Rüstəmov
Azvision.az




Teqlər: Prezident   Əfv   Sərəncam   Bayram  





Xəbər lenti