Mədəniyyət Nazirliyi müsabiqə elan edib

Mədəniyyət Nazirliyi müsabiqə elan edib
  16 Mart 2019    Oxunub:3598
Mədəniyyət Nazirliyi bədii film ssenariləri müsabiqəsi elan edib.
Azvision.az xəbər verir ki, müsabiqə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamının icrasına uyğun olaraq, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə ilə həyata keçirilir.

Müsabiqədə iştirak şərtləri aşağıdakılardır:

Ssenari yaradıcılığı ilə məşğul olan istənilən şəxs iştirak edə bilər;
İştirakla bağlı yaş məhdudiyyəti yoxdur;

Müsabiqədə iştirak etmək üçün tammetrajlı bədii filmin ssenarisi (elektron və çap olunmuş variantda), şəxsiyyəti təsdiq edən sənədin surəti və müəllif haqqında məlumatın (əlaqə telefonu və e-mail ünvanı) təqdim edilməsi tələb olunur;

Müsabiqəyə qatılmaq üçün film ssenarisi (və ya ssenariləri) və tələb olunan sənədlər 2019-cu il mart ayının 15-dən may ayının 1-dək Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinə (Ünvan: AZ1000, Bakı şəhəri, Hökumət evi, 3-cü mərtəbə, 333-cü otaq) təqdim edilməlidir;

Hər bir müəllif müsabiqəyə vətənpərvərlik, milli-mənəvi və ümumbəşəri dəyərlər, uşaq və gənclər, eləcə də müasir həyatın digər prioritet mövzularında bir və ya bir neçə film ssenarisi təqdim edə bilər;

Müsabiqənin kino mütəxəssislərindən ibarət Münsiflər heyətinin rəyi əsasında ən yaxşı ssenarilər müəyyən edilir;

Qaliblərin adları 2019-cu il mayın 15-dək Mədəniyyət Nazirliyin rəsmi internet saytında www.mct.gov.az və nazirliyin mətbu orqanı olan “Mədəniyyət” qəzetində açıqlanır;

Qalib ssenarilərə Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında cari və növbəti illərdə filmlər çəkilir;

Müsabiqədə iştirak yalnız qeyd olunan tələblər çərçivəsində mümkündür. Əks halda təqdim edilən ssenarilərə baxılmır;

Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.

Azvision.az


Teqlər: Müsabiqə   Mədəniyyət-Nazirliyi  





Xəbər lenti