Prezidentin fərmanına uyğun olaraq 6 binanın istismarına icazə verilib - VİDEO

  Prezidentin fərmanına uyğun olaraq 6 binanın istismarına icazə verilib -    VİDEO
  15 Mart 2019    Oxunub:7168
Prezident İlham Əliyevin fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanının icrasına başlanılıb. Fərmanın icrasına uyğun olaraq, Bakıda 6 çoxmənzilli yaşayış binasının istismarına icazə verilib.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev məlumat verib. Onun sözlərinə görə, artıq bu gündən bu binalar rəsmi olaraq istismara qəbul olunub: “Uzun müddət idi ki, bu binalarda insanların yaşamasına baxmayaraq, mənzillər istismara qəbul olunmamışdı. Bu gün Azərbaycanda həmin binalardan 6-sı istismara verildi. Bu eyni zamanda sakinlər üçün şad xəbərdir. Hesab edirəm ki, bu bir hədiyyədir. Bu gün, ümumilikdə, 6 bina istismara verilir”.

F.Mustafayev bildirib ki, istismara verilən Səbail rayonu, Badamdar qəsəbəsində "İdea İnşaat MTK"ya məxsus çoxmənzilli yaşayış binasında 561 mənzil var: “Həmin mənzillərin 50 faizdən çoxu istifadədədir. Prezidentin fərmanının əsas predmeti odur ki, vətəndaşlar tərəfindən uzunmüddətli istismar olunan binalarda sənədləşmə prosesi tamamlanmalıdır. Çünki bu olmasa, insanlar öz zəhmətləri hesabına aldıqları mülkiyyətin hüquqi sahibi sayılmırlar. Prezident bu humanist addımla vətəndaşlara hədiyyə etdi”.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Səbail rayonu, Badamdar qəsəbəsində istismara verilən binanın sakinləri üçün səyyar xidmət göstərilib və mənzil sahiblərinə çıxarışlar təqdim olunub.(Report)



Azvision.az


Teqlər: İlham-Əliyev   Bina   Fərman  





Xəbər lenti