Almaniya azərbaycanlıları bir araya gəlib

Almaniya azərbaycanlıları bir araya gəlib
  15 Mart 2019    Oxunub:2554
Berlində Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının geniş iclası keçirilib.
Azvision.az -ın məlumatına görə, iclasda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib. Komitə sədri diaspor siyasətinin prioritet istiqamətləri barədə danışıb və son bir ildə görülən işlərlə bağlı məlumat verib. Diaspor siyasətinin mühüm məqamlarını əks etdirən videoçarx nümayiş olunub. Daha sonra Koordinasiya Şurasının hesabatı dinlənilib və Şuranın İdarə heyətinin sədri Yaşar Musayev görülən işlər barədə danışıb, Şuranın gələcək planlarını diqqətə çatdırıb.

Dövlət başçısının sərəncamı ilə yaradılan və artıq fəaliyyətə başlayan Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib. İcraçı direktor Elşad Əliyev fondun fəaliyyət istiqamətləri barədə danışıb. Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Aytən Əliyeva tədbir iştirakçılarını bu il Şamaxı şəhərində keçirilməsi nəzərdə tutulan “Nəsimi 650” Diaspor Gənclərinin II Yay Düşərgəsinin mahiyyəti və şərtləri barədə məlumatlandırıb. Diaspor hərəkatı sahəsində mühüm addım kimi qiymətləndirilən və ikinci ildir ki, ölkəmizdə təşkil olunan Diaspor Gənclərinin Yay Düşərgəsi Almaniyada yaşayan azərbaycanlıların marağına səbəb olub. Qeyd olunub ki, belə bir düşərgənin təşkili yeni nəsil Azərbaycan diasporu ilə işləmək üçün ən gözəl imkandır.

Toplantıda eyni zamanda Niderland, Belçika, Fransa, Skandinaviya ölkələri üzrə Koordinasiya Şuralarının əlaqələndiriciləri, o cümlədən Mayisə Gündoğdu, Toğrul Zeynallı, Ülviyyə Cabbarova da iştirak və çıxış ediblər. Avropada yaşayan azərbaycanlı alimlər Cavid Səfərov, Rasim Mirzəyev, Asif Məsimov, Avstriyada fəaliyyət göstərən diaspor təşkilatının rəhbəri və karate üzrə dünya çempionu Fərid Əzizov, bəstəkar və pianoçu Abuzər Manafzadə, Avropada şöhrət qazanmış azərbaycanlı rəssam Əşrəf Heybətov Berlində keçirilən müzakirələrin iştirakçısı olub. Onlar çıxışlarında maraqlı təkliflər səsləndiriblər.

Müzakirələrdə gənclər fəallıq nümayiş etdirib. Almaniyadakı Azərbaycan diasporunun təmsilçilərinin yeni və müasir imkanlara söykənərək diaspor hərəkatının keyfiyyətcə yeni müstəviyə qaldırılması, onlayn müzakirə platformalarının təşkili və s. barədə təklifləri maraqla qarşılanıb. Sonda Azərbaycanın diaspor siyasəti, Yol Xəritəsində müəyyən olunan istiqamətlər üzrə iş planları və diaspor təşkilatlarının, onları birləşdirən Koordinasiya Şuralarının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: Almaniya   Azərbaycan   Diaspora  





Xəbər lenti