Polad Bülbüloğlunun “Eşq və Ölüm”ü nümayiş olunacaq

Polad Bülbüloğlunun “Eşq və Ölüm”ü nümayiş olunacaq
  14 Mart 2019    Oxunub:4046
Martın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti, professor, diplomat, tanınmış ictimai xadim Polad Bülbüloğlunun “Eşq və Ölüm” baleti təqdim ediləcək.
Teatrın mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, balet “Dədə Qorqud” dastanının motivləri əsasında qələmə alınmış səhnə əsəridir. Balet həyat və ölüm, məhəbbət və nifrət, dostluq və xəyanət kimi əbədi mövzulara toxunur, ölməz məhəbbət və qəhrəmanların igidliyi qarşısında ölümün acizliyini vəsf edir.

Səhnə əsəri ilk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru Vəkil Usmanov tərəfindən səhnəyə qoyulub. 2010-cu ildə “Eşq və Ölüm” rusiyalı xoreoqraf - Rusiyanın Əməkdar incəsənət xadimi Nadejda Malıgina tərəfindən Yekaterinburq Dövlət Opera və Balet Teatrında oynanılıb. Balet həmin quruluşla 2011-ci ildə Rusiya Akademik Böyük Teatrında və Türkiyənin paytaxtı Ankarada nümayiş edilib. Balet teatrda 2015-ci ildə Nadejda Malıgina tərəfindən P.Bülbüloğlunun 70 illik yubileyi münasibətilə səhnəyə qoyulub. Baletin quruluşçu rəssamı rusiyalı teatr rəssamı Dmitri Çerbadji, dirijoru Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyevdir.

Əsas rollarda Cəmilə Kərimova (Baycan), Anar Mikayılov (Azər), Nigar İbrahimova (Ölüm), Samir Səmədov (Məlik xan), Gülağası Mirzəyev (Qazan xan) və digərləri çıxış edəcək.

Azvision.az



Teqlər: Polad-Bülbüloğlu  





Xəbər lenti