Azərbaycanın milli statistika sistemi təkmilləşdirilir

Azərbaycanın milli statistika sistemi təkmilləşdirilir
  22 Fevral 2019    Oxunub:2509
Bakıda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” layihəsi çərçivəsində konfrans keçirilib.
Komitədən Azvision.az -a verilən məlumata görə, layihənin əsas məqsədi ölkədə iqtisadi islahatların həyata keçirilməsi və monitorinqi prosesində tələb olunan daha keyfiyyətli statistik məlumatlarla istifadəçiləri təmin etmək üçün Dövlət Statistika Komitəsinın potensialının gücləndirilməsidir. Buna nail olmaq üçün milli statistika sisteminin beynəlxalq və Aİ standartlarına tam uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq müasir Azərbaycanın dünyada inamla irəliləyən, qlobal maliyyə-iqtisadi böhranından uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərdən biri kimi tanındığını bildirib. Qeyd edib ki, ölkəmizin bütün sahələrdəki inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur ki, bu mərhələdə də əsas məqsədlərdən biri uzunmüddətli perspektivə dinamik sosial-iqtisadi inkişafın dayanıqlığının təmin edlməsidir. Bu işlərin planlaşdırılmasında, nəticələrin qiymətləndirilməsində və təhlil olunmasında rəsmi statistika xüsusi əhəmiyyət kəsb edir.

Tahir Budaqov Dövlət Statistika Komitəsinin uğurla həyata keçirdiyi iki Tvinninq layihəsindən sonra “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” layihəsinin də rəsmi statistikanın təkmilləşdirilməsinə töhfə və daha effektiv statistika sisteminin yaradılmasına təkan verəcəyinə əminliyini bildirib.

Layihə üzrə Aİ-nin tərəfdaş ölkələrindən biri kimi çıxış edən Litva Statistika Departamentinin Baş direktoru xanım Vilija Lapeniene Avropa Statistika Sistemində statistik biznes proseslərin inkişafı və standartlaşdırılması sahəsində təcrübəsi ilə bölüşüb, layihə çərçivəsində keyfiyyətin idarə edilməsi sahəsində Litva Statistika Departamentinin təcrübəsinin öyrənilməsi məqsədilə 2018-ci ildə Dövlət Statistika Komitəsi mütəxəssislərinin bir qrupunun bu ölkəyə təlim səfərinin, litvalı ekspertlərin isə ölkəmizə səfərlərinin baş tutduğunu vurğulayıb.

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev “Azərbaycanın iqtisadi inkişafını dəstəkləmək üçün yüksək keyfiyyətli statistik məlumatlara artan ehtiyaclar”, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi direktorunun müşaviri Firdövsi Fikrətzadə isə “Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün yüksək keyfiyyətli statistikanın vacibliyi” mövzusunda çıxış ediblər.

İkinci sessiyada layihə üzrə fəaliyyətlər və aralıq nəticələr təqdim olunub, “İCON” İnstitutunun Statistika şöbəsinin rəhbəri Ronald Delemont, Layihənin qrup rəhbəri Rimantas Juozas Vaicenaviciusun çıxışları dinlənilib. Qeyd olunub ki, 2020-ci ildə başa çatacaq bu layihə 4 komponenti əhatə edir. Bunlar “Makroiqtisadi göstəricilər üçün istehsal indekslərinin təkmilləşdirilməsi və istehsalçı qiymət indekslərinin əhatə dairəsinin genişləndirilməsi”, “Statistik məlumatların beynəlxalq səviyyədə və sektorlar arasında müqayisə olunmasına imkan yaratmaq məqsədilə müəyyən edilmiş sahələrdə mövcud beynəlxalq statistik təsnifatların tətbiqi”, “Aİ tərəfindən maliyyələşdirilmiş Tvinninq layihələri və digər tərəfdaşlıqlar nəticəsində təkmilləşdirilmiş mövcud statistik fəaliyyətlərin həyata keçirilməsi”, “Keyfiyyətli statistikanın istehsalı üçün DSK-da çalışan və digər maraqlı tərəflər ilə fəaliyyət göstərən statistiklərin və digər həmkarların potensialının təkmilləşdirilməsi” komponentləridir.

Konfransda dövlət orqanlarının, Azərbaycanda akkreditə olunmuş bir sıra beynəlxalq təşkilatların, layihə üzrə tərəfdaş ölkələrin səfirliklərinin nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

Azvision.az


Teqlər: Statistika  





Xəbər lenti