50 ildir çəkməçi işləyən xanəndə: “Bakıda mənə ikinci Hacıbaba deyirlər” - (VİDEO)

50 ildir çəkməçi işləyən xanəndə:  “Bakıda mənə ikinci Hacıbaba deyirlər” -  (VİDEO)
  07 Fevral 2019    Oxunub:30531
Müsahibimiz Mirməmməd Mircavadov el arasında Miri usta kimi tanınır. 50 ildən çoxdur ki, çəkməçilik sənətilə məşğul olur. Təəccüblü görünsə də, Miri usta həm də xanəndədir. "Kişi ailəsini saxlamaq üçün daşdan da pul çıxarmalıdır" - deyən Miri usta gah xanəndəlik edir, gah da ayaqqabı tikir.
“Mən dağlı balasıyam. Bakının dağlı məhəlləsində böyümüşəm. Dayım çəkməçi olub. Artıq yaşa dolub, işləmir. Azərbaycanda onun kimi çəkməçi iki nəfər olar, ya olmaz. Atam mən balaca olanda soruşdu ki, bu uşağı hansı sənətə qoyaq? Dayım cavab verdi ki, ona öz sənətimi öyrədəcəm. Beləliklə, 1968-ci ildə məni usta yanına qoydu. Ustam yəhudi idi. Xatirəmdə gözəl usta və gözəl insan kimi qalıb. İki il onun yanında şagirdlik edib sənəti öyrəndim. Mənə model kəsməyi öyrətdi. Model olmasa ayaqqabı hazır olmaz”.



Miri usta deyir ki, xanəndəliyə hərbi xidmətdən qayıdandan sonra başlayıb: “Hərbi xidmətdə olduğum zaman Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Arif Babayev kimi xanəndələri dinləyirdim, zümzümə edirdim və görürdüm ki, mənim də səsim var. Ona görə düşündüm ki, niyə oxumayım? Əsgərlikdən sonra ayaqqabı sexində işləyirdim. Orada özüm üçün yenə zümzümə edəndə mənə dedilər ki, gözəl səs sahibisən, sənin burada nə işin var? Beləliklə, dost tanışın təkanı ilə Əlibaba müəllimin yanına gəldim. Biz ona əmi deyirdik. Dedim, əmi, bəlkə səsimi yoxlayasan? Ansambl çaldı, bir mahnı ifa etdim. Əlibaba müəllim dedi, sən çoxundan yaxşı oxuyursan. Bu sözdən ürəklənib sənədlərimi Asəf Zeynallı adına kollecə verdim. Orada Hacıbaba Hüseynovdan, Ağaxan Abdullayevdən, Nəriman Rəhimovdan dərs aldım. Beləliklə, xanəndəliyə başladım, toylara getdim. Çəkməçiliyi kənara qoydum. Çünki 90-cı illərdə vəziyyət çətin idi, çəkməçiliklə pul qazanmaq olmurdu. O vaxtlar mənə ustad xanəndə adını verdilər. 2009-cu ildə adım Azərbaycan muğam ensiklopediyasına düşdü. Həvəsləndim, öz üzərimdə işlədim".



Miri usta keçmiş ustadı çəkməçi Əli dayını da unutmayıb: “Rəhmətlik rəqqaslar üçün ayaqqabılar tikərdi. Rəqqaslar üçün çeşkiləri, uzunboğaz çəkmələri tikməyi ondan öyrənmişəm. Qaraqabaq adam idi, heç kimi özünə yaxın buraxmırdı. Bir xüsusiyyəti də var idi ki, şair Nizami Gəncəvini çox sevirdi. Söz soruşanda onun şeirləri ilə cavab verirdi. O rəqs çəkmələrinin tikilməsindəki bütün biliyini mənə öyrətdi. Ondan sonra bu işə dərindən yiyələndim. Rəqs ayqqabılarının altına inək dərisi, üstünə isə keçi dərisi istifadə edirəm. Rəqqaslar heç vaxt məndən narazı qalmırlar. Özümün də, ailə üzvlərimin də ayaqqabılarını mən tikirəm. Niyə axı dükandan gedib iy verən ayaqqabı alım?

İndi yalnız rəqs ansambıllarının, fərdi rəqqasların sifarişlərini qəbul edirəm. Gündəlik geyinilən ayaqqabı tikmirəm. Bunun üçün fabriklər, zavodlar var. Mən özümü niyə incidim, həm də gücüm, qolumun qüvvəti daha buna imkan vermir. 65 yaşım var. Cavanlıqda əjdaha idim”.



Ustanın narazı qaldığı məqamlardan biri də bu peşənin az gəlirli olmasıdır: "Bəzən iki-üç ay sifariş olmur. Bizimki pullu peşə deyil. Həm də Əbilov adına muğam mərkəzində dərs deyirəm. Bakı kəndlərində mənə ikinci Hacıbaba deyirlər. Onun bir neçə mahnısını halallıq alıb lentə yazdırmışam. Həm muğam sənətində, həm də çəkməçilikdə canımı qoyuram ki, kimsə məndən nəsə öyrənsin. Bir zamanlar rəqslə də məşğul olmuşam. Dayım məni SSRİ xalq artisti Böyükağa Məmmədovun dərslərinə yazdırmışdı”.

Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Çəkməçi   Xanəndə  





Xəbər lenti