“Nəsiminin kim olduğunu hamı bilməlidir” - Rasim Balayev

 “Nəsiminin kim olduğunu hamı bilməlidir” -  Rasim Balayev
  11 Yanvar 2019    Oxunub:6794
Yaratdığı Nəsimi obrazı ilə tamaşaçıların böyük sevgisini və rəğbətini qazanan xalq artisti Rasim Balayev 2019-cu ilin Azərbaycanda "Nəsimi İli" elan olunmasını yüksək qiymətləndirib.

Aktyor Azvision.az -a açıqlamasında bildirib ki, prezident İlham Əliyevin "Nəsimi İli" ilə bağlı qərarı dahi şairin tanıdılması baxımından olduqca əhəmiyyətlidir. Onun sözlərinə görə, Azərbaycan gəncləri Nəsimini daha yaxından tanımalıdır.
“Bizim klassik şairlərimizi bir çox xalqlar öz adına çıxır. Məsələn, türkmənlər deyirlər ki, Nəsimi onlarındır və ya İran Nizami Gəncəvinin fars şairi olduğunu iddia edir. Mən bir dəfə İranda səfərdə olarkən Nizaminin onlara məxsus şair olduğunu dedilər. Etiraz etdim, heç olmasa Gəncəvi sözünə fikir vermələrini bildirdim. Bu baxımdan belə tədbirlər alqışalayiqdir. Nəsimini dünyaya və gənclərimizə tanıtdırmaq üçün çox faydalı qərardır. Gənclərimiz klassik şairlərimizi tanımırlar. Bilmirəm, bunlara ədəbiyyat dərsləri keçilmir, ya nədəndir? Bir dəfə verilişlərdən birində Nizaminin, Füzulinin, Nəsiminin heykəllərini göstərib, kim olduqlarını soruşdular. Gənclərin çoxu bunu bilmədi. Hesab edirəm ki, bu cür addımları digər klassiklərimizlə də bağlı etmək lazımdır ki, onların Azərbaycana məxsus olduğunu hamı bilsin. Mən bunu Nəsimi rolunu oynayan insan və sadə vətəndaş kimi alqışlayıram. Azərbaycanın xeyrinə olan qərardır”, - deyə Rasim Balayev vurğulayıb.

Qeyd edək ki, prezident İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq bu ili ölkəmizdə “Nəsimi İli” elan etdiyini deyib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Nəsimi-İli   Rasim-Balayev  





Xəbər lenti