Nigeriyada yaşayan azərbaycanlı: “Bizim kimi istiqanlı, bir az da tənbəldirlər” - MÜSAHİBƏ (FOTOLAR)

 Nigeriyada yaşayan azərbaycanlı:  “Bizim kimi istiqanlı, bir az da tənbəldirlər” -  MÜSAHİBƏ (FOTOLAR)
  08 Yanvar 2019    Oxunub:40240
Azvision.az maraqlı insanlarla silsilə müsahibələrini davam etdirir. Növbəti həmsöhbətimiz Nigeriyada yaşayan azərbaycanlı Kərim Tahiroğludur.
O, 1978-ci ildə Bakı şəhərində anadan olub, ailəlidir və iki qız övladı var. Kərim Tahiroğlu ali təhsillidir, ixtisasca proqramçı-mühəndisdir. Peşə fəaliyyəti tədris və proqramlaşdırma ilə bağlıdır. Müxtəlif dövrlərdə bir neçə özəl və dövlət ali məktəblərində proqramlaşdırmadan dərs deyib. 2006-2017-ci illərdə təsisçisi olduğu MilliByte MMC-yə rəhbərlik edib. 2016-cı ildə “Python ilə Proqramlaşdırma” (Şərq-Qərb Nəşriyyatı 2016-ci il, 246 səh.) adlı kitabı nəşr olunub. Nigeriyaya köçməzdən öncə 2017-2018-ci illərdə Akademik Zərifə Əliyeva adına liseyin İKT üzrə direktor müavini və informatika müəllimi işləyib.

- Nigeriyaya getmə səbəbiniz nədir? İndi orada nə işlə məşğulsunuz?

- Doğrusu, ölkəni tərk etməyimin açıqlamaq istəmədiyim bir sıra səbəbləri var. Amma qısa şəkildə onu deyə bilərəm, təəssüflər olsun ki, çox istəməyimə rəğmən vətəndə özümü xoşbəxt hiss edə bilmədim. Nigeriyaya ailəmlə bərabər gəlmişəm. Burada bir ingilis şirkətində öz ixtisasıma uyğun olaraq çalışıram.



- Getməzdən öncə heç tərəddüdləriniz oldumu? Ümumiyyətlə, buna kimi Nigeriya haqqında hansı təsəvvürlərə malik idiniz? Ölkə haqqında nələri bilirdiniz?

- Nigeriya inkişafına görə Afrikanın ilk üçlüyünə daxil olan ölkədir. Bir dostumdan təklif gəldi, tərəddüd etmədən qəbul etdim. Ailəmi razı salmaq çətin olmadı. Daha öncədən Nigeriya haqqında ümumi məlumatım vardı. İş təklifini qəbul etdikdən sonra, daha çox məlumat toplamağa başladım.

- Hazırda Nigeriyanın hansı şəhərində olursunuz? Necə bir yerdə məskunlaşmısınız?

- Hazırda Nigeriyanın paytaxtı Abuja şəhərində çalışır və yaşayıram. 1991-ci ilin dekabrından ölkənin paytaxtı olan bu şəhərin təxminən 6 milyon əhalisi var. Ümumiyyətlə, Nigeriyanın çox yaşıl təbiəti var, Abuja şəhəri də istisna deyil. Şəhər əvvəlki paytaxt Laqos ilə müqayisədə çox da inkişaf etməyib. Bir çox infrastruktur çalışmalar hələ də davam edir. Yüksək binalar, ticarət və əyləncə mərkəzlərinin sayı məhduddur. Buna baxmayaraq, Abuja Nigeriyanın ən təhlükəsiz yeri sayılır.



- Övladlarınız məkan dəyişikliyini necə qarşılayırlar? Burada dərslər Azərbaycan dilində keçirilirdi, orada hansı dildə təhsil alırlar? Adaptasiya olmaq onlara çətin olmadı ki?

- Bəli, bura ailəmlə birlikdə gəlmişəm. Uşaqlar buranı daha çox sevdilər. Çünki buranın çox gözəl təbiəti var, ətraf yaşıllıqla doludur. 90-cı illərə qədər bizim paytaxtımız da yaşıl və təbiətlə iç-içə idi. Sonradan nisbətən yaşıllıqlar azaldı, yerini hündürmərtəbəli binalar aldı.

Uşaqlar vətəndə Azərbaycan bölməsində oxuyurdular, burda isə beynəlxalq məktəbə gedirlər və ingilis dilində təhsillərini davam etdirirlər. Yaşları kiçik olduğuna görə adaptasiyada ciddi problem yaşamadılar. Nigeriyada dövlət məktəblərində təhsil çox yüksək səviyyədə olmasa da, təhsilə verilən qiymət yüksəkdir. Burada özəl təhsil yaxşı inkişaf edib. İnsanlar öz gələcəklərini təhsil ilə bağlı gördüklərindən təhsilə önəm verirlər. Lakin təəssüf ki, burada yaxşı təhsil bir lüks məsələsidir, hər kəsin buna imkanı yoxdur.



- İstəyərdim bizə nigeriyalılar haqqında danışasınız. Biz adətən səyahət proqramlarından onların yaşayışı, həyat tərzləri, necə olmaları ilə bağlı məlumat əldə etmişik. Siz isə canlı şahidisiniz. Həyat şəraitləri, yaşayışları necədir? Onlarla birgə yaşamanın çətinliyi və ya asanlığı varmı?

- Nigeriya da bizim kimi neft ölkəsidir. Amma bura Avropa olmadığına görə ölkə insanlarının bu təbii nemətdən bərabər və ədalətli faydalanması təəssüf olsun ki, mümkün olmayıb. Nigeriya uzun illər Böyük Britaniyanın müstəmləkəsi olub və yalnız 1960-cı ildə öz müstəqilliyini əldə edib. Ölkədə bundan sonra daxili çəkişmələr və iç savaşlar olub, minlərlə insan həyatını itirib. 1998-ci ilə qədər ölkəni hərbi diktatura rejimləri idarə edib. Müxtəlif dövrlərdə dini zəmində qarşıdurmalar baş verib və insanlar qətlə yetirilib. Elə indinin özündə də ölkənin şimalında "Boko Haram" adlı terror qrupu təhlükə olaraq qalmaqdadır. Son 20 ildə ölkənin demokratik inkişafında ciddi irəliləyişləri görmək mümkündür. Buna baxmayaraq, ölkə hələ də korrupsiya və rüşvətxorluqdan ciddi mənada əziyyət çəkir. Nigeriya ərazi və xüsusilə də əhalisinə görə böyük ölkədir. Sahəsi 923 768 km² və əhalisi 200 milyona yaxındır. Etnik tərkib də çox mürəkkəbdir. Ümumilikdə 250-dən çox xalqlar və tayfalar vardır. Bunlardan sayına görə ən nüfuz sahibi olanlar Hausa, Yoruba, İbo və Fulanilərdir. Əhalinin 50%-ni müsəlman, 40%-ni xristian və 10%-ni də digər konfessiyalar təşkil edir. Nigeriyanın çox zəngin və çox yoxsul əhalisi var. İnsanların sosial vəziyyətindəki bu uçurum Hindistandakından daha böyükdür. Bildiyiniz kimi, Nigeriyalılar zənci irqə mənsub insanlardırlar və müstəmləkə dövründə ciddi irqi ayrı-seçkiliyə məruz qalıblar. Bunun yaraları az da olsa indi də hiss edilməkdədir. Buna rəğmən nigeriyalılar çox məğrur və özlərinə hörmət edən insanlardılar. Xaricilərə asanlıqla güvənmirlər, amma güvəndikləri insanlara da xoş və səmimi rəftar göstərirlər. Bizim kimi istiqanlıdırlar, bir az da tənbəldirlər. Hərçənd ki, biz də son 25-30 ildə tənbəl cəmiyyətə çevrilmişik. Nigeriyalılar haqda xüsusilə onu deyə bilərəm ki, onlar çətinliklərə baxmayaraq, həyatdan zövq almağı bacaran insanlardırlar. Musiqi və rəqs həyatlarının ayrılmaz bir parçasıdır.



- Səyahət proqramlarından birində Nigeriyanın böyük şəhəri olan Laqos haqqında materialı izləmişdim. Oranın böyük bir bazarında çəkiliş aparmışdılar. Proqramda göstərilirdi ki, yerlililər turistlərə dollar gözü ilə baxır. Mümkün qədər pul qopartmağa çalışır və s. Hətta oğurluq halı ilə bağlı da kadrlar göstərmişdilər.

- Mən Nigeriyada Abujadan başqa hələ ki Kaduna şəhərində ola bilmişəm. Bildiyimə görə Laqosun 21 milyon əhalisi var, amma bu şəhər haqda o qədər də ətraflı məlumatım yoxdur. Sadəcə Abujadan əvvəl Nigeriyanın paytaxtı və hazırda iqtisadi və ticarət mərkəzi olduğunu bilirəm. Əslində mən səyahət etməyi çox sevirəm. Elə təkcə 2018-ci ildə Nigeriya da daxil 11 ölkəyə səfər etmişəm. Lakin hazırda işlərin çoxluğundan gəzməyə hələ ki, vaxtım qalmır. Amma əgər tətildə vətənə dönməsəm, Nigeriyanın bir neçə şəhərini gəzməyi istərdim.

- Nigeriyada 400-ə yaxın dil olması haqqında oxumuşdum. Əsasən hansı dillərdə ünsiyyət qurulur?

- Nigeriyada ümumilikdə 250-dən çox xalqlar və tayfalar var. Hər birinin öz dili var. Sayıları ən çox olanlar Hausa, Yoruba, İbo və Fulanilərdir. Dövlət dili isə ingilis dilidir. Tayfalar öz aralarında doğma dillərində, dövlət və ictimai yerlərdə bir-biriləri ilə ingilis dilində ünsiyyət qururlar.



- Qidaları damaq dadınıza uyğun gəlirmi? Mətbəxləri haqqında nə deyə bilərsiniz?

- Mən səfər etdiyim ölkələrdə yerli mətbəxin hər zaman dadına baxıram. Nigeriya da bu baxımdan mənim üçün istisna olmadı. Burda ən çox sevdiyim yerli kabab növü sayılan suya oldu. Həmçinin Zobo şərbətinin adını çəkə bilərəm. Müşahidəmə əsasən deyə bilərəm ki, Nigeriya mətbəxi müxtəlifdir və burada bol-bol yerli ədviyyatlardan istifadə edirlər. Bundan başqa buranın çox təbii meyvə və tərəvəzlərini qeyd edə bilərəm. Bakıda bahalı və ekzotik sayılan meyvələr burda adi meyvələrdir. Şəxsən mənim ən çox xoşuma gələnlər kəşyu alması (cashew apple), pəşin frut (passion fruit) və papayadır. Tərəvəzlərdən isə ən çox şirin kartofu sevdim.



- Orada xristianlar, müsəlmanlar və az sayda yəhudilər yaşayır. Onlar arasındakı münasibətlər necədir?

- Nigeriyada əhalinin 50%-i müsəlman, 40%-i xristian və 10%-i də digər konfessiyalardan ibarətdir. Buradakı yəhudilər haqda məlumatım yoxdur. Ümumiyyətlə, Nigeriyalılar çox dindar insanlardırlar, istər müsəlmanı olsun, istər xristianı. İbadətlərini vaxtı vaxtında edirlər. Cümə günləri məscidlər, bazar günləri kilsələr dolu olur. Gündəlik həyatlarında da işlərinə dua ilə başlayırlar. Müsəlman və xristianlar arasında əvvəlki illərdə müəyyən toqquşma və münaqişələr olub, amma çox şükür son illər sakitlikdir. Ünsiyyətdə olduğum insanlarda tolerantlıq müşahidə etdiyimi söyləyə bilərəm. Ümumiyyətlə, din siyasətə və çirkli oyunlara alət edilmədiyi müddətdə inanclı insanlar bir-birlərinə qarşı hörmət və sevgi ilə yanaşır və dözümlülük nümayiş etdirirlər.









Şahanə Rəhimli
Azvision.az


Teqlər: Nİgeriya   Müsahibə  





Xəbər lenti