“Amnesty International” beynəlxalq hüquq müdafiə təşkilatı oktyabrın 14-də Moskvanın Biryulyovo rayonundakı tərəvəz bazasında 1200-dən çox miqrantların saxlanılmasını pisləyərək, bu tədbirləri nümayiş xarakterli və diskriminasiyanın təzahürü adlandırıb.
“Bir nəfər ehtimal edilən qatilin tapılması üçün mindən çox aidiyyatı olmayan miqrantın saxlanılması kəskin diskriminasiya xarakteri daşıyır, və açıq-aydın qanunsuzdur”. AzVsison.az `BBC` istinadən xəbər verir ki, bunu “Amnesty International” təşkilatının Rusiya üzrə təmsilçisi Denis Krivoşeyev bəyan edib.
“Bu, açıq-aydın nümayiş məqsədilə və bəraət qazandıracaq hər hansı bir səbəb olmadan edilib. Polis bu cür reaksiya verməklə, sadəcə, mövcud olan ksenofobiya meylərini daha da şiddətləndirir”, deyə o əlavə edib.
Denis Krivoşeyevin sözlərinə görə, Rusiya hakimiyyəti ölkədə “dərinləşən irqçilik probleminin həlli ilə məşğul olmalıdır” və “cəmiyyətə yanlış siqnal verən” ritorikaya son qoymalıdır.
Amnesty International Moskvada miqrantlara qarşı nifrət zəminində törədilən cinayətlərin artığını xatırladaraq qeyd edir ki, polis belə halların əksəriyyətinə göz yumur. Hüquq müdafiəçiləri həmçinin miqrantların bir çoxunun onlardan sənədlərini qanunsuz tələb edən “fəallar”ın hücumlarına məruz qaldığını da vurğulayırlar.
Təşkilat qeyd edir ki, ksenofobiya Rusiyada o qədər geniş yayılıb ki, hətta sentyabrda keçirilmiş mer seçkilərində belə “antimiqrant siyasəti həm iqtidaryönümlü Sergey Sobyaninin, həm də müxalifətçi Aleksey Navalnının seçki kampaniyasının əsasını təşkil edib”.
Qeyd edək ki, Biryulyovda miqrantların kütləvi şəkildə saxlanılması bu rayonda 25 yaşlı Yeqor Şerbakovun qətlinin səbəb olduğu iğtişaşlardan bir gün sonra həyata keçirilib. Qeyd edək ki qətli törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov saxlanılıb.