RİT sahəsinin işçilərinin sosial müdafiəsi güclənir
Eyni zamanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) strukturuna daxil olmayan tabeliyindəki qurumlarda çalışan işçilərin orta aylıq əməkhaqları son 5 ildə orta hesabla 50 faiz artırılaraq, 233 manatdan 346 manata çatdırılıb, o cümlədən telekommunikasiya sektorunda 306.6 manatdan 416.3 manata, poçt sahəsində isə 106.9 manatdan 202.2 manata yüksəlib. 2013-cü il ərzində rabitə və birlik müəssisələri üzrə “Teleradio” İB-də 15 faiz, “Aztelekom” İB-nin 12 TKQ-si üzrə və HMİ-də 10 faiz əməkhaqqı artımı olub.
Azvsison.az Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu istiqamətdə müəyyən işlər görülsə də, RİTN üzrə orta aylıq əməkhaqqı respublika üzrə orta aylıq əməkhaqqından 20 faiz, poçt sahəsində isə 2 dəfə aşağıdır. Qeyd olunanları, ölkə üzrə minimum əməkhaqqı məbləğinin 1 sentyabr 2013-cü il tarixdən 105 manat müəyyən edildiyini və RİTN-in 2013-cü ilin 6 ayının yekunları haqqında 26.07.2013-cü il tarixli 6 nömrəli kollegiya qərarının 7-ci bəndinin icrası üzrə rabitə birlik və müəssislərinin razılaşdırılmış təkliflərini nəzərə alaraq, rabitə sahəsində əməkhaqları ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqından aşağı olan tam ştat üzrə işləyən işçilərin əməkhaqları 1 sentyabr 2013-cü il tarixdən minimum əməkhaqqı səviyyəsinə qaldırılıb.
Həmçinin rabitəçilərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədilə RİTN-in kollegiya qərarına əsasən, cari ilin 01.10.2013-cü il tarixindən RİTN-in tabeliyində olan müəssisələrdə çalışan işçilərin əməkhaqlarının 10% artırılması rabitə müəssisələrinə tapşırılıb.
Qeyd edək ki, cari ilin 9 ayının nəticələrinə görə, ölkənin informasiya və rabitə sektoru üzrə orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.8% artırılaraq 669,6 manata çatdırılıb. O cümlədən orta aylıq əməkhaqqı telekommunikasiya sektorunda 771.8 manat, poçt sektorunda isə 218,0 manat təşkil edib. Həmçinin RİTN-in birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əməkhaqqı 348.4 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz çoxdur.
Məlumat üçün bildirək ki, respublika üzrə orta aylıq əməkhaqqı 417.0 manat təşkil edir.