Bu gün Qurban bayramıdır

Bu gün Qurban bayramıdır
  15 Oktyabr 2013    Oxunub:4802
Bu gün Azərbaycanda islam aləmində ən möhtəşəm bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd edilir.

İslamda cəmi iki bayram - Eydül-əzha (Qurban bayramı kimi tanınan bayram) və Eydül-fitrə (Orucluq bayramı - kiçik bayram) bayramları qanuniləşdirilib. Qurban bayramı islam dininin ən vacib sayılan fərzlərindən biri kimi Quranın tələb etdiyi dini tələbdir.

Bu bayram müsəlmanların Həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü Məkkədə Həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.

İslam dini böyük inama, Uca Allaha qurban verməkdə də əvəzsiz inqilab yaratdı. Bəşəriyyəti insanı qurban verməkdən çəkindirdi, bu cür qurbanı hətta qadağan etdi. Ona görə də islam dini Allahın adından buyurdu ki, insanın əvəzinə qurbanlıq heyvan kəsilməlidir. Qurban mərasiminin vaxtı da müəyyənləşdirildi. Əvvəllər kim nə vaxt istəsəydi, qurbanlıq heyvan kəsə bilərdi. Bayramı daha da şərəfləndirmək üçün onun ildə bir dəfə - Zilhiccə ayının 10-da keçirilməsi qanuniləşdirildi.
Quranda deyilir: "Allah Beytülhəram (müqəddəs ev) olan Kəbəni haram ayı (Zilhiccəni), (Kəbəyə gətirilən) boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmamış və taxılmış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bilməsini, özü də Allahın hər şeyi (layiqincə) bilən olmasını siz də biləsiniz!" (Quran, 5-ci surə, 97-ci ayə).

Bu mərasim yerlərdə də keçirilir. Hər hansı niyyət üçün qurbankəsmə istənilən gündə ola bilər.

Sovet hakimiyyəti dövründə din və dini ayinlər, bayramlar da tənqid hədəfi olub.

Azərbaycan müstəqilliyə qovuşduqdan sonra xalqın dininə, milli ənənələrinə, milli və dini bayramlarına hörmət və diqqət yetirilməyə başlandı.

Azərbaycanda bu il Qurban bayramı oktyabrınn 15 və 16-da qeyd edilir.


Teqlər:  





Xəbər lenti