Azğın azlıqlar

Azğın azlıqlar
  08 Oktyabr 2013    Oxunub:1952
Sahil İsgəndərov

(II yazı)

Demokratiyadan danışanda ən çox mübahisə doğuran məsələlərdən biri də azlıqların hüquqlarıdır. Belə ki, mahiyyət etibarilə azlıqlar iki növə bölünürlər: yaradıcı və aqressiv azlıqlar. Yaradıcı azlıq fakitik olaraq çoxluğun bir hissəsidir. Lakin, bu azlıq konservativ çoxluğun hələ dərk etmədiyi pozitiv dəyişikliklərin zərurui olduğunu anlayır və bu prizmadan çıxış edir.
Aqressiv azlıq isə daim özünü çoxluğa qarşı qoyaraq, özünün müstəsna hüqüqlara malik olduğunu qabardır və çoxluğun hüquqlarının məhdudlaşdırılması hesabına onlara əməl edilməsi tələbini qoyur. Məsələn, əksər hallarda guya etnik azlıqların hüquqları uğrunda mübarizə pərdəsi altında məkrli separatçılıq cəhdləri gizlənir. Yaxud da ki, azlığın hakimiyyət uğrunda mübarizəsi və öz opponentləri ilə haqq-hesab çürütmək cəhdləri, ayr-ayrı ölkələrdə xarici qüvvələr tərəfindən maliyyələşdirilən və idarə olunan marginal qrupların destruktiv fəaliyyəti əsl demokratik prinsiplər uğrunda mübarizə kimi qələmə verilir.

Azlıqların hüquqlarının müdafiəsi tələbləri şəksiz ki, tam ədalətlidir və çoxluğun həqiqətən də onları məhdudlaşdırmaq hüququ yoxdur. Lakin bu məsələdə əks ifratçılığa meyllənərək çoxluğun hüquqlarının məhdudlaşdırılması hesabına azlığın hüqqularını təmin etmək cəhdləri nə dərəcədə düzgündür?

Axı bu müstəvidə çoxluğun öhdəlikləri olduğu kimi, azlığı da heç kəs bu məsuliyyətdən azad etməyib. O cümlədən, hər bir dövlətin hakimiyyəti, beynəlxalq və regionla təşkilatlar da belə yanaşma nümayiş etdirməlidirlər. Sözügedən kontekstdə bir neçə ay öncə əhalinin böyük çoxluq təşkil edən hissəsinin güclü etiraz və müqavimətinə baxmayaraq, Fransada eynicinsli nigahlara icazə verən qanunun qüvvəyə mindirilməsini uğurlu nümunə kimi qiymətləndirmək qeyri-mümkündür. Hazırkı təcrübə göstərir ki, əslində çoxluq heç də azlıqdan artıq hüquqlara malik deyil. Bu baxımdan, çoxluqla müqayisədə heç bir azlıq özü üçün hansısa üstünlüklər tələb edə bilməz.

Çoxluğun hüquqları istənilən azlığın hüquqlarından heç də az müdafiə olunmamalıdır. Birmənalı şəkildə başa düşülməlidir ki, azlığın və onun müdafiəçilərinin iddia etdikləri kimi çoxluq heç də “qara camaat yığnağı” və “boz kütlə” deyil, özünü müəyyən landşaftda, tarixdə və mədəniyyətdə kollektiv şəkildə dərk edərək, davamlı müddət ərzində formalaşan sistematik qurumdur. Ümumi mənafelər əsasında birləşən çoxluq öz ölkəsinin inkişafında maraqlıdır. Ondan çox şey, hətta ola bilsin ki, hər şey asılıdır. Buna görə də, çoxluğun mövqeyi heç də azlıqlardan və “elita”dan az dərəcədə nəzərə alınmamlıdır.

Elə “aqressiv çoxluq daha yaxşı olan azlığa qalib gələ bilər” müddəası da məntiqi baxımdan çox mübahisəlidir. Son illərin təcrübəsi göstərir ki, əslində çoxluğa aqressiv şəkildə təsir göstərməyə çalışan azlıq hücum taktikasını seçib.
Bir neçə inkar oluna bilməyən fakta nəzər salaq. Hətta beynəlxalq münasibətlər sistemində belə, şərti olaraq ən azı aqressiv azlıq kimi səciyyələndirilməsi mümükün olan dünyanın bir neçə güc mərkəzi faktiki planetar miqyaslı taleyüklü qərarların çıxarılması hüququnu inhisarlaşdırıblar. Təcavüzkarcasına hücum xarakterli iqtisadi siyasət aparan dünya oliqarxiyası, bir qrup nəhəng maliyyə mərkəzləri və transmilli şirkətlər də mahiyyət etibarilə aqressiv azlıqlardır.

Son illər əsas məqsədinin vətəndaş bərabərliyi, insan hüquqlarına riayət olunmasının təminatı, diskriminasiya və ksenofobiyanın aradan qaldırılması, sekzual azadlıq, dözümlülük və başqalarından fərqlənmək hüququnu əldə etmək prinsipləri uğrunda mübarizə olduğunu iddia edən LGBT (lesbiyanlar, geylər, biseksuallar və transgenderlər) ictimai-siyasi hərəkatı da həmçinin özünü həddən ziyadə aqressiv aparır. Son bir neçə onillik ərzində əksər dövlətlərdə seksual azlıqlarla bağlı antidiskriminasiya xarakterli çoxlu sayda qanunların qəbul olunmasına baxmayaraq, bu hərəkatın tələbləri gündən-günə daha da sərtləşir. Bir sıra qərb ölkələrində eynicinsli nigahaların bağlanmasının və gey-ümayişlərin keçirilməsinin qanuniləşdirilməsinə nail olduqdan sonra LGBT hərəkatı beynəlxalq miqyasda öz ideologiyasının geniş şəkildə yayılması uğrunda aqressiv təbliğat kampaniyası aparır.

Bu məsələdə homoseksualizmin təbliğatına görə administrativ və cinayət cəzaları nəzərdə tutan qanunvericilik aktları qəbul edən və gey-nümayişlərin keçirilməsinə qadağa qoyan ölkələləri kəskin tənqid edən əksər qərb dövlətləri və liberal-demokratiya tərəfdarları LGBT hərəkatının fəal yardımçıları rolunu oynayırlar. Hərçənd digər vətəndaşlara münasibətdə olduğu kimi seksual azlıq təmsilçilərinin şəxsi həyatına heç bir müdaxilə nəzərdə tutulmur və onlara hamı ilə bahəm bərabər hüquqlar verilir.

Və yaxud götürək ilk dalğaları Avropada və ABŞ-da yaranmış feministlər hərəkatını. Hazırda bu istiqamətdə son illər genişmiqyaslı təxribatçı xarakterli aksiyalarla tanınan Ukraynanın “Femen” qrupu xüsusi fəallığı ilə seçilir. Teatrallaşdırılmış “çılpaqlaşma” taktikasının əsas məqsədi guya patriarxal sistemlə mübarizədə “öz əndamını özünə qaytarmaqdır”. Lakin, bununla yanaşı müsəlman qadınları müsəlman kişilərdən, islam mədəniyyətindən və ümumiyyətlə islamdan “azad etmək” və “xilas etmək” vəzifəsi qarşıya qoyulub.

Yeri gəlmişkən, feminizmin ilk dalğası bir vaxtlar Qərbin müstəmləkə siyasətində çox məharətlə istifadə olunub. Hazırda isə, Qərb müxtəlif səpkili azlıqların bütün protest aksiyalarını fəal surətdə maliyyələşdirməklə, praktik olaraq onların aqressiv davranışına və müxtəlif ölkələrdə cəmiyyətlərin radikallaşmasına yardım edir.

Əslində bu cür siyasətdən belə anlaşılır ki, Qərbin düşüncəsinə görə əsl demokratik cəmiyyətlər məhz həmin cəmiyyətlərdir ki, orada azlığın maraqlarının müdafiəsi çoxluğun mənafeyinin ziddinə olaraq təmin edilir. Başqa sözlə desək, azlığa münasibət: “balacaların xətrinə dəyməyin” prinsipinə söykənməlidir. Hərçənd, müasir dövrdə artıq çoxluq aqressiv azlıqdan özünü qorumaq məcburiyyətində qalıb. Məhz buna görə də azlıqların özünü daha azğın apardığı ölkələr Qərbin həmin qüvvələrdən əlverişli silah kimi ustalıqla istifadə etdiyindən şübhələnirlər.

Görəsən aqressiv azlıqlara misilsiz canıyananlıq göstərənlərin hərəkətləri və məhz çoxluğun dəstəyi nəticəsində hakimiyyətə gəlmiş dövlətlərin liderlərinin bu cür siyasəti hansı məntiqə söykənir? Təbii ki, onlar hamının hüquqlarını qorumalıdırlar. Məhz hamının, o cümlədən də çoxluğun. İstisna deyil ki, hazırda Qərbdə siyasi mübarizə prosesində azlığın hüquqları mövzusundan spekulyativ dividendlər qazanmaq və azlıqlarla oyunbazlıqda bulunmaq çox dəbdir. Lakin buna dəyərmi? Bu məsələdə bir ifratçı qütbdən digərinə yuvarlanmaqdansa, “ortaq məxrəci” tapmaq daha yaxşı olmazdımı?


Teqlər:  





Xəbər lenti