XİN rəhbəri İlham Əliyevin qəbulunda - Yenilənib
Dövlət başçısı Ekvador Respublikasının xarici işlər naziri Maria Fernanda Espinosa Qarsesin Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında iştirakının önəmini qeyd edərək bu səfərin əlaqələrimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına üzvlüyə səsvermə zamanı Ekvadorun ölkəmizə göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirib və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
Söhbət zamanı iki ölkə arasında qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb, ticarət, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Ekvador Respublikasının Prezidenti Lenin Morenonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Ekvador Prezidentinə çatdırmağı xahiş edib.
AzVision.az
Teqlər: İlham-Əliyev Ekvador XİN