`Gültəkin Hacıbəyli hər an xəbərçiliyə və satmağa hazırdır`

`Gültəkin Hacıbəyli hər an xəbərçiliyə və satmağa hazırdır`
  28 Sentyabr 2013    Oxunub:12119
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri, Dövlət Dillər Universitetinin rektoru, psixologiya elmləri doktoru, professor Səməd Seyidov ölkədəki son proseslər barədə öz düşüncələrini qələmə alıb.

Məqaləni təqdim edirik

Bütün pedaqoji, araşdırmaçı və diplomatik fəaliyyətim boyunca mən insanın davranışının onun həyat və fəaliyyətinə necə təsir göstərdiyini və yönləndirdiyini müşahidə etmişəm. Özü də bunu insanın nə danışmasından və fikirlərini necə təqdim etməsindən asılı olmayaraq etmişəm...

İnsanın istək və səyləri, arzu və təsəvvürləri uşaqlıq illərindən başlayaraq bütün həyatı boyunca formalaşır və onun davranış tərzini, xarakterini müəyyənləşdirir. Təsadüfi deyil ki, psixologiya elmində şəxsiyyətin öz dəyərlər sistemi ilə birlikdə tam, hərtərəfli və harmonik inkişafı məsələsinə xüsusi diqqət yetirilir. Əsl şəxsiyyət ömrünün sonuna qədər bu dəyərlər sisteminə sadiq qalır və heç bir siyasi və ya sosial konyuktura, ictimai təlatümlər, ətrafının dəyişməsi onun dəyanətini sarsıda bilmir.

Şəxsiyyətin psixoloji aləminə etdiyim bu qısa ekskurs təsadüfi deyil. Çünki son hadisələrin fonunda iki konkret adamın psixologiyası diqqətimi daha çox çəkdi, eyni zamanda məni narahat etdi.
Nə üçün narahat etdi? Çünki ölkənin siyasi həyatında elə adamlar iştirak edir ki, onların məqsəd və motivləri xalqa ünvanlanan nitq və çıxışları ilə üst-üstə düşmür.

Yəqin razılaşarsınız ki, söhbət ölkənin siyasi gələcəyindən gedəndə öz xalqının taleyindən yana narahat olan hər kəs öz çıxışlarında ən azı səmimi, düşüncələrində isə saf olmalıdır. Xalqa üz tutan, onun taleyi ilə məşğul olmaq istəyən hər kəs bunlarsız iflasa məhkumdur. Məncə, oxucu artıq hiss etdi ki, burada söhbət Rüstəm İbrahimbəyovla Gültəkin Hacıbəylidən gedir.

Nə qədər təəccüblü olsa da bu insanların bir şəxsiyyət kimi xarakterik cəhətləri açıq-aydın oxşardır. Onları Milli Şura adlanan quruma da məhz elə bu oxşar psixoloji xüsusiyyətləri gətirib, haqqında ucadan, var səsləri ilə danışdıqları dəyər və ideyalar yox. Onlar vətənpərvər şüarlar səsləndirməkdə yarışmaqla, bütün xalqın adından danışmaqla, hakimiyyəti ifşa etməyə və sadə adamların hissləri ilə oynamağa çalışmaqla özlərini əslində malik olmadıqları keyfiyyətlərdə təqdim etməyə cəhd göstərirlər. Bu adamlar cəmi bir neçə ay öncəyə qədər indi nifrət etdikləri şəxslər barədə mədhiyyələr oxuyurdular.

Bu, necə baş verə bilərdi axı?! Beynəlxalq təşkilatlardakı görüşlərdə, konfranslarda, parlamentdə düz 10 il (!) boyunca hakim partiyanın, hakimiyyətin adından çıxış edən adam danışdıqlarının mənasını necə anlamaya bilərdi?

Yaxud özünün bütün şüurlu həyatı boyunca (onun isə indi 73 yaşı var!) ölkənin siyasi rəhbərliyi ilə tez-tez ünsiyyətdə olan adam necə olmuşdu ki, bu hakimiyyətin “cinayətkar əməl və planları”ndan heç olmasa bircə dəfə də duyuq düşməmiş və şübhələnməmişdi?

Bəli, çox gülməlidir. Həm də çox kədərli mənzərə yaranır. Məncə, bunun da öz məntiqi izahı var.

Mən əminəm ki, əgər Rüstəm İbrahimbəyovun şəhərin mərkəzində almaq istədiyi torpaq sahəsini ona versəydilər, Gültəkin Hacıbəylini isə parlamentə dəvət etsəydilər, bu dırnaqarası siyasətçilərin indi heç bir müxalifətçiliyi olmayacaqdı. Bu adamların heç biri mətbuata çıxıb tədbirlərdə, konfranslarda onlarla eyni masa arxasında, eyni parlamentdə oturan adamlar haqda tənqidlər səsləndirmək, onları lənətləmək barədə heç düşünməzdilər də. Əgər İbrahimbəyovla Hacıbəyli istədikləri hər şeyi alsaydılar, bu gün çıxıb mətbuat səhifələrinə tökdükləri bütün zəhər-ağu və yalan-palan elə içlərində qalıb öz ruhlarını yandıracaqdı.

Lakin baş verənlərin öz məntiqi var: seçkiqabağı vəziyyət hər şeyin üzə çıxması üçün sadəcə katalizator rolunu oynadı və əlverişli məqama çevrildi.

Razılaşaq ki, arzuladığımız hər şeyi həyatda heç də həmişə əldə edə bilmirik. Hətta əksinə, çox vaxt elə olur ki, gözləmədiyin, yaxud bu vaxta qədər heç təsəvvür belə eləmədiyin hallarla üzləşirsən. Həyatın bütün gözəlliyi və ləzzəti də elə bu gözlənilməzlik və məchulluqdadır. Amma hansısa peşmançılıq hissi, çin olmayan arzular, həyata keçməyən planlar bizi öz həyati ideallarımıza xəyanət etməyə, onlardan üz döndərməyə məcbur edə bilməz və etməməlidir. Əksinə, uğursuzluqlar insanı özünü təhlil etməyə, özünü təkmilləşdirməyə sövq etməlidir.
Yaxşı, bəs İbrahimbəyovla Hacıbəylini radikallaşaraq ittihamçı tərəfə çevrilməyə məcbur edən motiv və amillər hansılardır? Onları buna nə vadar etdi? Hər ikisi özlərinin çoxsaylı müsahibələrində eyni sözləri dayanmadan təkrarlayırlar: “Biz vətənpərvər insanlarıq, biz öz vətənimizi sevirik...”

Bəzən istəyirsən ki, Samuel Consonun hələ 1775-ci ildə dediyi, sonradan isə Tolstoyun adına çıxılan bu sözləri xatırladasan: “Vətənpərvərlik yaramazların son sığınacaq yerinə çox tez-tez çevrilir”.
Bütün arqumentləri qurtaran adamlar sadəcə yalan danışmağa, özlərini şəxsi ambisiyaları barədə yox, yalnız xalq, onun rifahı barədə düşünən millət xilaskarı kimi göstərməyə başlayırlar. Son illərin siyasi burulğanları zamanı yüzlərlə belə adam görmüşük. Bizim dırnaqarası xilaskarlar da onların biridir...

Buna əmin olmaq üçün onların çıxışlarından parçalara baxmaq kifayətdir. Məsələn, G.Hacıbəyli yazır: “Biz birinci olmalıyıq”, “ən ləyaqətlilər bizik”, “ən parlaq şəxsiyyətlər bizik”.

Əgər burada “parlaq” sözünün yerinə “müqəddəs” sözünü yazsaydı, ambisiya və hikkənin real səviyyəsi özünü daha qabarıq göstərərdi.
Özünü ziyalılar zümrəsinə aid edən Hacıbəyli daha sonra yazır: “Biz millətin vicdanıyıq, onun mənəvi etalonuyuq”.

Hacıbəylinin çıxışlarında xeyli belə özünəvurğunluq elementləri var. Əgər Hacıbəyliyə elə gəlirsə ki özünə verdiyi bu qeyri-adekvat qiyməti “peşəkarcasına” şişirdə bilib, möhkəm yanılır.

Bir dəfə müsahibələrinin birində jurnalist G.Hacıbəylinin özünə yüksək qiymət verməsinə, özünəvurğunluğuna eyham etmişdi. Hacıbəyli isə belə cavab vermişdi ki, ən ön sıralarda olmağa haqqı çatır, çünki bu, onun konstitusion hüququdur.

Hacıbəyliyə xatırlatmaq lazımdır ki, heç kim bu hüququnu onun əlindən almır. Ona sadəcə olaraq başa salırlar ki, insanın real potensialı onun özünə verdiyi qiymətə ən azından uyğun olmalıdır.

Bununla əlaqədar alman sosioloqlarının bu yaxınlarda apardığı bir tədqiqatı xatırlamaq istəyirəm. Onlar əhali arasında bu sualla belə bir sosioloji rəy sorğusu keçirmişdilər: “Əgər siz kansler olsaydınız, Almaniyada nəyi dəyişərdiniz?”

Cavablar təbii ki, müxtəlif olmuşdu. Lakin maraqlısı bu da deyil. Ən maraqlısı o idi ki, ziyalılar, universitetlərdən çıxan adamlar (professorlar, müəllimlər, yaxşı təhsilli mütəxəssislər, alimlər) hər hansı məsləhət verməkdən imtina etmişdilər. Buna da belə izah vermişdilər ki, haqqında söhbət gedən vəzifə çox məsuliyyətlidir deyə qeyri-peşəkar tövsiyələr verməyə, fikirlər səsləndirməyə ehtiyat edirlər. Orta təhsilli adamlar, əsasən də müxtəlif xidmət sahələrində çalışan insanlar isə Almaniyanı necə idarə etmək lazım olduğuna dair öz fikir və düşüncələrini o dəqiqə dilə gətirmiş, məsləhətlər vermişdilər.

Psixologiya elmi belə bir qanunauyğunluğu çoxdan isbat edib: insanın özünə verdiyi qiymətin həddən artıq yüksək olması və bu qiymətin qeyri-adekvat səviyyəsi onun daxilindəki çox təhlükəli iki meyldən xəbər verir.

Birincisi, həmin adamın şəxsiyyəti ziddiyyətlidir, münaqişəlidir, bu adamın ictimai mədəniyyəti və davranış tərzini mənimsəmək qabiliyyəti praktiki olaraq yoxa çıxır. İkincisi, şəxsiyyətin belə tipi öz statusunu və özünə verdiyi yüksək qiyməti qoruyub saxlamaq naminə hər şeyə getməyə hazır olur.

Bizim dırnaqarası müxalifətçilərə amerikalı psixoloq Atkinsonun apardığı tədqiqatların nəticələrini də xatırlatmaq istərdim. Orada deyilir ki, insanların özünə verdiyi qiymətin səviyyəsi orta həddən aşağı olanda onların əmək məhsuldarlığı yüksəlir.

Amma əgər bizim yenicə “yapılıb-bişmiş” təzə müxalif siyasətçilərin özünüqiymətləndirmə əmsalı təhlükəli həddə çatıbsa, Atkinsonun tədqiqatlarını xatırlatmağın nə xeyri?! Bu cür təhlükəli həddi ən azı Gültəkin Hacıbəylinin timsalında müşahidə edirik.

Mən uzun illər ərzində Gültəkin Hacıbəyli ilə birgə işləmişəm və onun Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin bütün üzvlərini sarsıdan bir hərəkətinin canlı şahidiyəm. Bizi sarsıdan bu hərəkət isə G.Hacıbəylinin komandamızın digər üzvü, professor Naira Şahtaxtinskaya ilə ilk münaqişəsi idi. Bu, mənasız və əsassız bir münaqişə idi, lakin həmin konflikt nümayəndə heyətimizin bütün işini ləngitməyə və axsatmağa başladı. Nəticəsi də o oldu ki, Naira Şahtaxtinskaya bizim komandanı tərk etdi.

Lakin bu da hələ hamısı deyildi. Daha sonra Hacıbəyli ilə Asim Mollazadə arasında yeni münaqişə başladı. Hacıbəyli Mollazadənin ünvanına heç bir əsası olmayan ittihamlar səsləndirirdi. Bunun da nəticəsi o oldu ki, Asim Mollazadə də komandanı tərk edib Avropa Parlamentində işləməyə getdi. Beləliklə, biz AŞ PA-dakı nümayəndə heyətinin dəyərli bir üzvü kimi A.Mollazadəni də itirdik. Bütün bunlar ayıb işlər idi!

Lakin məsələ bununla da yekunlaşmadı. Münaqişənin üçüncü seriyası başladı. Gültəkin Hacıbəyli bu dəfə də Aynur Camalqızı ilə tutaşdı. Və Aynur Camalqızı da nümayəndə heyətini tərk etməyə məcbur oldu. Hacıbəyli sonra daha bir münaqişə yaratdı. G.Hacıbəyli ilə Qənirə Paşayeva arasında kəskin və uzun bir konflikt oldu...

Mən nümayəndə heyətində nələrin baş verdiyini gördüyüm üçün bir dəfə Hacıbəylinin birbaşa üzünə dedim ki, barmaqlarını adamların gözünə soxmasın, onlara cırmaq atmasın, belə olmaz. Hacıbəylinin üz ifadəsindən sonra mənə hər şey tam aydın oldu. Sən demə, Hacıbəylinin münaqişəyə girdiyi adamların hamısı ondan ötrü boş şey imiş, adi insan materialı imiş, o, bu adamları guya təhqir edə, rədd eləyə, saya salmaya bilərmiş və s.

Özünü müstəsna insan saymaq hissi və düşüncəsi bu adama özünə doğru kimi görünən yanlış mövqeyini başa düşməyə bir an da olsun imkan vermirdi. Əgər kimsə Hacıbəylinin qarşısına çıxıb sözünü deyirdisə, o, bütün mümkün və qeyri-mümkün vasitələri işə salırdı. O, qarşındakı adamı xalqın maraqlarına xəyanət etməkdə suçlamaqdan tutmuş ta məişət səviyyəsindəki konfliktlərə, hətta etnik dözümsüzlüyə qədər bütün vasitələrə əl atırdı. Təsadüfi deyil ki, Hacıbəyli bu gün də bütün tribunalardan öz türk kimliyini qabardır, amma anlaya bilmir və ya bunu anlamaq istəmir ki, Azərbaycan polietnik və çoxmədəniyyətli ölkədir.

Hamı ilə konfliktə girmək, özünü buna heç bir əsas olmadığı halda yüksək qiymətləndirmək Hacıbəyli şəxsiyyətinin xarakterik xüsusiyyətlərinin yalnız biridir. Onun eqosunun, özünəvurğunluğunun ikinci tərəfi də var: adamı istənilən an pis vəziyyətdə qoymağa, xəbərçilik və donosçuluq eləməyə, satmağa və ya insana böhtan atmağa hazır olmaq.

Bu xanımın maraqlı şəkildə cilddən cildə girməyinin əsas mənbəyi və səbəbləri budur. Bir insanın daxilində yalnız bir dəyər - onun yalnız özü varsa, qalan hər şey, bütün digər insani dəyərlər (etimad, qarşılıqlı hörmət, sədaqət) arxa plana keçir. Bütün bu dəyərləri öz EQOna qurban verirsən. Lakin ən maraqlısı da odur ki, buna layiq olmadıqları halda özlərinə yüksək qiymət verən adamlar özünəməxsus psixoloji özünümüdafiə mexanizminə malik olur. Bu da onların şərəf və ləyaqət barədəki hipertrofik və hiperbolik təsəvvürləridir.

Əgər siz G.Hacıbəylinin çıxışlarını izləsəniz və diqqətlə təhlil etsəniz görərsimiz ki, bu adam “şərəf”, “vicdan”, “ləyaqət” sözlərini sonsuz sayda təkrarlamağı sevir.

G.Hacıbəyli Qarabağ münaqişəsinin həllinin müasir beynəlxalq siyasətin ən ağır problemlərindən biri olduğunu çox gözəl bildiyi halda bu ümummilli faciəmizlə əsassız yerə spekulyasiya edirsə, burada vicdandan necə danışmaq olar axı?! Bəli, torpaqlarımız işğal altındadır. Amma regionda ən güclü ordunu biz yaratmışıq. Münaqişənin həllinə dair beynəlxalq hüquqi baza var. Xocalı faciəsinin dünya birliyi tərəfindən genosid kimi qəbul edilməsinə nail olmaq üçün tədbirlər keçirilib və keçirilir.

Milli Şura adlanan qurumun “beynəlxalq məsələlər üzrə komissiyasının sədri”, Milli Şura adlanan qurumun üzvü regiondakı qüvvələr nisbətinin xüsusiyyətlərini doğrudanmı anlamır? Bu nədir belə - qeyri-peşəkarlıq, yoxsa sırf demaqogiya? Məncə, hər ikisi...

Çox təəssüf ki, insani dəyərlərlə insani ambisiyalar bizlərdən çoxu üçün eyniləşib. Bununla belə əminəm ki, bu xanımla birgə barrikadanın o tərəfində olanlar da tezliklə əmin olacaqlar ki, özünəhörmətin yolu yaxın adamlara, ətrafındakılara hörmətdən keçir, əksinə yox..




Teqlər:  





Xəbər lenti