YAP-dan “Azadlıq”-a cavab
“Hər zaman səhifələri yalan və böhtanlarla dolu, qərəzli mövqeyi ilə könül bulandıran, həqiqətə uyğun olmayan çıxışları ilə ictimaiyyət arasında çaşqınlıq yaratmağa cəhd göstərən, söz və mətbuat azadlığından sui istifadə edən “Azadlıq” qəzeti yenə də 27 sentyabr 2013 – cü il tarixli nömrəsində yalan və böhtanla dolu yazılarla özünü ifşa etdi. “Gəncənin ali təhsil müəssisələrində Kənd Təsərrüfatı Akademiyasının (müəllif hələ də bilmir ki, 4 aprel 2009 – ci ildən bu ali təhsil müəssisəsi Azərbaycan Dövlət Aqrar Universiteti adlanır), Gəncə Dövlət Universiteti, Texnologiya Universiteti və İnşaat Texnikumunda (hazırda Gəncədə belə bir texnikum mövcud deyil) yerləşən məntəqələrdə komissiya üzvlərinə boş protokollarda imza atdırır, yaxud YAP yerlərdə tərəfdaş qıtlığı yaşayır, bu fotolardan da aydın görünür.” – deyən “Azadlıq” qəzeti təəccüblüdür ki, bu böhtanları yazarkən hansı mənbələrə istinad edir. Hər bir qələm sahibi xalqın səsini duymalı, yaşadığı cəmiyyətin ab – havası ilə nəfəs almalıdır. Amma “Azadlıq” qəzetinin yazarları hörmətsizlik edərək, yaşadıqları cəmiyyətə, mənsub olduqları xalqın adına yalnız ləkə yaxmaq, xəyanət etmək əqidəsi ilə yaşayırlar.
Azərbaycanın görkəmli şəxsiyyətləri, yazıçıları, alimləri tarixin çətin və mürəkkəb sınaqlarında elinə arxa və dayaq olmuş, haqq və ədalət yolunda canlarını belə əsirgəməmişlər. Yaxşı ki, “Azadlıq” qəzetinin oxucu kütləsi qat – qat azdır, ona görə ki, qəzetin yazarları saxta və yalan xəbərləri ilə artıq hamını bezdiriblər. Axı, cəmiyyətdə gedən proseslər, misilsiz nailiyyətlər, iqtidar – xalq birliyinin reallıqları, cəmiyyətimizə verdiyi töhfələr göz qabağındadır. “Azadlıq” unutmasın ki, onların yalan və böhtanları müdrik xalqımızın qəzəbinə tuş gələ bilər. Ulu öndər Heydər Əliyevin siyasi kursunun Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməsini, möhtəşəm qələbələrimizi, zəfərlərimizi, təbliğat – təşviqat görüşlərinə gələn 10 minlərlə tərəfdarları görməmək, alqış sədalarını eşitməmək sadəcə vicdansızlıqdır, ədalətsizlikdir!”