Oqtay Əsədov Dağlıq Qarabağdan danışıb

Oqtay Əsədov Dağlıq Qarabağdan danışıb
  27 Sentyabr 2013    Oxunub:1116
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Böyük Britaniya nümayəndə heyətini qəbul edib.

MM-dən AzVision.az-a verilən məlumata görə, O. Əsədov deyib ki, iki ölkə arasında siyasi sahədəki əlaqələr iqtisadiyyata da öz müsbət təsirini göstərməkdədir: “Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 800 milyon ABŞ dolları təşkil etmişdirsə, cari ilin 6 ayı ərzində bu rəqəm artıq 700 milyon ABŞ dollarını keçib. Bu gün Azərbaycanda 150-dən çox İngiltərə şirkəti fəaliyyət göstərir. Xəzərin karbohidrogen ehtiyatlarının istismarında və Avropa bazarlarına çıxarılmasında BP yaxından iştirak edir”.

Milli Məclisin sədri bildirib ki, Avropaya inteqrasiya Azərbaycanın xarici siyasətində prioritet yer tutur: “Bütün bunlarla yanaşı, bütöv bir regionun inkişafına böyük maneçilik törədən Dağlıq Qarabağ problemi ölkə ictimaiyyətini haqlı olaraq dərindən düşündürən məsələlərdəndir. Bu problem təkcə bölgənin deyil, Avropanın da təhlükəsizliyini təhdid edir. Biz münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq. Ümid edirik ki, Böyük Britaniya bu məsələdə haqqın və ədalətin tərəfində olacaq”.

Görüşdə çıxış edən britaniyalı qonaqlar – Bletsolu Lord Con, Lord Leksden, Ceremi Bredşou, Leo Doçerti və Benjamin Veqq-Prosser İngiltərə qanunvericilik sistemi barədə məlumat verdikdən sonra Azərbaycan parlamentinin fəaliyyəti ilə yaxından maraqlanıblar. O. Əsədov Milli Məclisin, onun komitələrinin fəaliyyəti və qanunvericilik yaradıcılığı barədə qonaqlarla ətraflı məlumat verərək, onların suallarını ətraflı cavablandırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti