“Təhsil sistemimiz 5 elementdən ibarət olacaq”

“Təhsil sistemimiz 5 elementdən ibarət olacaq”
  26 Sentyabr 2013    Oxunub:1082
“Təhsil sisteminin biliklərin bölüşdürülməsi və vətəndaşın formalaşdırılması kimi əsas iki vəzifəsi var”.
Bunu təhsil naziri Mikayıl Cabbarov Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) təşkilatçılığı ilə keçirilən işgüzar görüşdə çıxışı zamanı bildirib. Nazir inkişaf etmiş ölkələrdə təhsilin inkişaf etdiyini vurğualyıb: “Həmin ölkələrdə əsas kriteriyalar ölkələrin zənginliyi, təhsil sistemi və eyni zamanda, insanların biliklərinin çox olmasıdır. Çünki hər bir ölkənin dünyada mövqeyini insanların bilikləri və insan kapitalı müəyyənləşdirir”.

Təhsil nazirinin sözlərinə görə, Azərbaycanın milli təhsil sistemi 5 əsas elementdən ibarət olacaq: “Qeyd olunan 5 əsas elementdən birincisi müəllimlərdir. Müəllimlərlə bağlı ölkədə ciddi işlər görülməlidir. İkinci element görülən işlərin mahiyyəti ilə bağlıdır. Yəni orta məktəblərdə, universitetlərdə gənclərə nələr öyrədilməlidir. Üçüncü element idarəetmə ilə bağlıdır və bu da vacib məsələlərdəndir. Dördüncü element təhsilin infrastrukturu ilə bağlıdır. Beşinci element isə resurslarla bağlıdır. Yəni bura maliyyə resursları daxildir. Bu məsələyə hər zaman diqqət etmişik. Bu gün özəl məktəblərin bank hesabları olsa da, dövlət məktəblərinin bank hesabları yoxdur və onlar mərkəzləşdirilmiş formada fəaliyyət göstərirlər”.

M. Cabbarov qeyd edib ki, Azərbaycanda 50 min məktəb müəllimi var və bu da o deməkdir ki, 1 müəllimə 8,5 şagird düşür: “Koreyada bir müəllimə təxminən 35, Rusiyada 18 şagird düşür. Bu o deməkdir ki, Azərbaycan məktəblərində şagirdlərə müəllimlər daha çox diqqət yetirir. Biz əgər qapımızı professionalların üzərinə açsaq, onlar təhsilin yüksəlməsinə öz töhfələrini verəcəklər”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti