Manatın dizayneri: “Daha çox avrodan istifadə edirəm” (EKSKLÜZİV MÜSAHİBƏ)

Manatın dizayneri: “Daha çox avrodan istifadə edirəm” (EKSKLÜZİV MÜSAHİBƏ)
  05 Dekabr 2017    Oxunub:39488
Robert Kalina dünya şöhrətli dizaynerdir. O, T382 dizaynının yaradıcısı kimi dünyada tanınır. 1996-cı ildə Avro banknotlarının yarışında qalib olan Kalina avronun, Azərbaycan manatının, Suriya funtunun, Bosniya və Hersoqovina markının dizaynının müəllifidir. O, uzun müddət Avstriya Milli Bankında işləyib.
Robert Kalinanın AzVision.az-a eksklüziv müsahibəsini təqdim edirik:

-Cənab Kalina, hazırda işləriniz necədir? Hansı layihələr üzərinə çalışırsınız?

- Əvvəla, özümlə bağlı sizə məlumat verim. 1955-ci ildə Vyana şəhərində anadan olmuşam. İndiyədək doğma şəhərimdə - Vyanada yaşayıram. Evliyəm, bir qızım və bir oğlum, həmçinin iki nəvəm var. 1976-cı ildən bəri banknot dizayneriyəm və 35 il ərzində Avstriyanın Mərkəzi Bankında işləmişəm.

1982-ci ildə buraxılan bütün Avstriya şillinqinə dizayn vermişəm. 1996-cı ildə Avropa Monetar İnstitutunun (Keçmiş Avropa Mərkəzi Bankı) Avropa üçün ilk vahid valyuta banknotlarının dizaynı üzrə yarışmada qalib olmuşam. Növbəti illərdə Avropa İttifaqından kənarda olan bir sıra ölkələrin (Bosniya-Herseqovina, Malayziya və Suriyada) banknotlarının dizaynını hazırlamışam. Mənim üçün ən maraqlı çağırışlardan biri də Azərbaycan Respublikası üçün banknot və qəpiklərin hazırlanması idi.

-Necə oldu ki, dizayner olmağa qərar verdiniz?

-Dizayner olmaq barədə qərarı lap əvvəldən vermişdim. Artıq 15 yaşında mən Vyanada dizayn, foto və çap texnologiyaları sahəsində məşhur olan “Höhere Graphische Bundes- Lehr- und Versuchsanstalt” müəssisəsində təhsil almağa başladım. Mən burada beş il, 4 il “qrafik dizayn” sahəsində və bir il magistraturada təhsil aldım. Baza təhsilini bitirdikdən sonra 1956-1970-cı illərdə Avstriya Şillinqinin dizaynın yaradılmasına cavabdeh olan məşhur rəssam-qrafik və banknot dizayneri olan professor Roman Hellmanla birgə Avstriya Mərkəzi Bankında banknotların tipoqrafiyada hazırlanması üzrə xüsusi kurs keçdim. 1980-cı ildə isə "Banca d’Italia"da (İtaliya bankı) rəssam və banknot dizayneri Qulelmo Savani ilə birgə işləyərək beynəlxalq təcrübə qazandım.



-Siz həm də Azərbayacanın milli valyutasının dizaynerisiniz. Bununla bağlı təklif gələndə reaksiyanız necə oldu?

-Səhv etmirəmsə, məhz 2003-cü ildə ilk dəfə Azərbaycanın yeni banknotlarının dizaynı üzrə təkliflərlə bağlı eskizləri hazırladım. Bu ekzotik, lakin maraqlı ölkə üçün bir sıra banknotların hazırlanması imkanını əldə etmək sevindirici, həm də qürurverici hal idi.

- Azərbaycanın milli valyutasının dizaynını hazırladığınız günləri necə xatırlayırsınız? Ornametlərdən hansını hazırlamaq sizin daha çox vaxtınızı aldı? Ümumilikdə, bu prosses nə qədər davam etdi?

-Ümumilikdə, dizayn prosesi bir neçə il davam etdi. Ən əsas şərtlərdən biri Azərbaycan Mərkəz Bankından (AMB) olan şəxslərlə sıx işləmək idi. Bu anda mən bank rəhbərinin himayəsini xüsusi vurğulamaq istəyirəm. Onlar dizayn işlərini və bir çox ideyaları şəxsən dəstəklədi. Həmçinin məni Azərbaycan Mərkəzi Bankının heyətindən olan digər şəxslər də dəstəklədilər. Biz birlikdə 6 pul vahidi üçün müxtəlif mövzular düşünməli idik. Beləliklə, bir manat Azərbaycanın varlı və müasir mədəniyyətini, həmçinin qədim xalçalarında olan dekorativ elementləri və ənənəvi musiqi alətlərini göstərir. 5 manat Azərbaycanın dünya ədəbiyyatına verdiyi töhfəni simvolizə edir. 10 manat Azərbaycanın qədim ənənə və zəngin tarixini, 20 manat Azərbaycanın ərazi bütövlüyünü, 50 manat Azərbaycanın təhsilə və onun gələcək nəsillərə aidliyini, 100 manat isə iqtisadi inkişafı və Azərbaycan xalqının çiçəklənməsini simvolizə edir. Bu simvolik dəyərlərlə yanaşı təhlükəsizlik məsələsi də olduqca önəmlidir. Saxtalaşdırmadan qorunma ən yüksək prioritetdir. Azərbaycan valyutası Avro banknotları kimi yüksək standarta, çap keyfiyyətinə və təhlükəsizlik funksiyalarına malikdir.

-Həmin vaxt Azərbaycanla bağlı hansı məlumatlara malik idiniz?

-O zaman Azərbaycanla bağlı çox az bilgiyə malik idim. Sadəcə gözəl naxışlarla bəzədilmiş məşhur xalçaları sevirdim. Araşdırma üçün ölkənin tarixi və görməli yerləri haqda xeyli kitablar aldım. Başlanğıcda internetdə bu barədə araşdırma aparmaq bizə yardımçı oldu.

- İndiyədək Azərbaycanda, Bakı şəhərində olmusunuzmu?

-Bəli, Bakıya tez-tez səfər edirdim. Bu sizin ölkənizin mədəniyyətini və insanların necə yaşadığını öyrənmək üçün yeganə yol idi. Bundan əlavə, mən bir tərəfdən AMB-dən olan şəxslərlə ideya və dizayn məsələlərini müzakirə edir, digər tərəfdən isə dizaynlarda istifadə etmək istədiyim motivlərin fotolarını çəkirdim. Olduqca maraqlı vaxtlar idi. Muzeyləri, eyni zamanda Bakının bütün görməli yerlərinə səfər edirdim. Bu gözəl şəhəri görmək üçün yaradılan imkana görə təşəkkür edirəm.



- Siz həm də avronun dizaynerisiniz...

- Bəli. Avro banknotlarının dizaynı olduqca xüsusi və unikal çağırış idi. Banknotları hazırlamaq üçün müxtəlif mədəniyyətlərə malik xalqların qəbul edəcəyi motivləri axtarıb tapırdım. Avro üçün mənim ideyam Avropanın müxtəlif dövrlərindən, epoxalarından olan körpüləri bir istiqamətdə göstərmək idi. Bu körpülər Avropa qitəsində olan ölkələr arasında əlaqəni, həmçinin Avropa ilə dünyanın digər hissələri ilə əlaqəni simvolizə edir. Banknotların ön hissəsində Avropanın müxtəlif dövrlərindən olan qapılar və pəncərələr əks olunub. Bu, şəffaflıq və açıqlığı, həmçinin gələcəyə baxışı simvolizə edir. Hər iki motiv – körpülər və açıq qapılar Avropa dəyərlərini nümayiş etdirir.

Maraqlı fakt ondan ibarətdir ki,körpülər, pəncərələr və qapılardan heç bir reallıqda mövcud deyil. Çünki Avropa İttifaqının heç bir üzvü bu faktla ön plana çəkilməməli idi. Avropa İttifaqı ölkələrinin vahid valyutası ilə hər hansı bir ölkənin - Avstriya, Suriya və ya Azərbaycanın valyutasının dizaynında böyük fərqlər var.

-Siz hansı valyutadan istifadə edirsiniz: avro, yoxsa dollardan?

-Hər gün avro ilə ödəniş etdiyim üçün daha çox avroya üstünlük verirəm. Yeri gəlmişkən, bütün dünyada hamı, dollarla yanaşı avronu da qəbul edir.



- Bəs, dolların dizaynını bəyənirsinizmi?

-Dollar çox qədim və ənənəvi valyutadır, hətta onun yeni dizaynı belə köhnə kimi görünür.

-Necə düşünürsünüz, pulun dizaynının hansısa psixoloji əhəmiyyəti varmı?

-Köhnə görünüşlü dizayn sabitlik və təhlükəsizlik simvolu kimi dəyərləndirilə bilər, lakin bu eyni zamanda köhnəlmiş və bir az da “tozlu” olaraq görünür. Digər tərəfdən çox müasir və təcrübə xarakterli dizayn isə əksinə davamlı və təhlükəsiz olmayan valyuta kimi dəyərləndirilə bilər. Dizaynerin məqsədi yaxşı kompromis tapmaqdır.

Mən bu mərhələdə yenidən saxta əskinazlardan müdafiəyə qayıtmalıyam. Saxta əskinazlardan qorunmağa dair yaxşı müdafiəyə malik banknotlar etibarlıdır və insanlar onları daha çox sevəcək və inanacaqlar. Təhlükəsizlik banknotların ən əhəmiyyətli funksiyasıdır.

Hafiz Əhmədov
Tərcümə etdi: Eldar Tanrıverdiyev

AzVision.az


Teqlər: Robert-Kalina   Dizayner   Manat   Avro  





Xəbər lenti