Mistik tarix: Nizaminin qəbrində gizlənən sirr – ARAŞDIRMA+FOTOLAR

Mistik tarix: Nizaminin qəbrində gizlənən sirr – ARAŞDIRMA+FOTOLAR
  11 Oktyabr 2017    Oxunub:66836
Füzuli Sabiroğlu
AzVision.az üçün

Bu yerdə mənim tək yatanlar çoxdur,
Onları xatirə salan ki, yoxdur.
Təzə kəklik, yad et məni ürəkdən
Məzarım yanından ötüb keçərkən,
Görərsən üstümdə göyərmiş otlar,
Baş daşım uçulmuş, çökmüşdür məzar.
Qəbrimin tozunu sovurmuş yellər,
Dostlardan anan yox məni bir nəfər.


“ŞƏRƏFNAMƏ”dən

Böyük Nizaminin vəfatından az sonra, XIII əsrin əvvəllərində tikilən, əzəmətini XVIII əsrin axırları, XIX əsrin əvvəllərinə qədər qoruyub saxlayan məqbərə xalqın ziyarət yeri olub. Nizami irsinin tədqiqatçısı, görkəmli alim, akademik Həmid Araslı yazırdı: “Nizami öldükdən sonra qəbri ziyarətgaha çevrilmiş, onun öz kəndinin gəlirlərindən başqa bizə məlum olmayan hökmdarlar və ya bivaris ölən adamlar tərəfindən bu məqbərəyə vəqflər edilmişdir. XVI əsrdə bu məqbərə çox gəlirli vəqfi olan, gəlib-gedənlərə və yoxsullara hər gün yemək verən, müdərrisləri təmin edən bir xeyriyyə ocağı olmuşdur. …Məqbərə təkcə bir günbəzdən ibarət olmayıb, geniş bir ərazini əhatə edirmiş”. (Həmid Araslı “Nizami vəqfi haqqında yeni sənəd” “Ədəbiyyat və incəsənət”, 25 fevral, 1983)
Məqbərə Qızıl Arslan tərəfindən Nizamiyə hədiyyə edilmiş Həmdan - indiki Əhmədli kəndinin ərazisindədir və bu əraziyə yerli əhali indi də “Şeyx düzü”, “Şıx düzü” deyir. "Şıx düzü"ndə aparılan arxeoloji qazıntılar sübut edir ki, ərazi vaxtilə Gəncə şəhərinin bir növ fəxri xiyabanı olub.

Orada Şeyx Nizaminin məqbərəsinin ətrafında Gəncə şəhərinin başqa hörmətli şəxslərinin də məqbərələri varmış. XIX əsrin əvvəllərində Rusiya imperiyasının Qafqazda yeritdiyi işğalçılıq siyasəti nəticəsində Gəncə xanlığının süqutundan sonra, 1826-cı ildə “Şıx düzü”ndə baş verən məşhur Yelizavetpol döyüşü zamanı məqbərə ciddi zədələnir və təmir edilmədiyindən, bərbad vəziyyətə düşür. XIX əsrin 40-cı illərində tamamilə dağılmaq təhlükəsi qarşısında qalan məqbərənin ciddi təmirə ehtiyyacı olduğunu görən Qarabağ xanlığının tarixçisi Mirzə Adıgözəl bəy XIX əsrin ortalarında məqbərəni təmir etdirərək, onun uçmuş günbəzinin əvəzində yeni bir günbəz tikdirir. XX əsrin əvvəllərində isə Adıgözəl bəyin nəslindən olan və Gəncənin polis rəisi işləyən Əjdər bəy Adıgözəlov-Gorani günbəzi təmir etdirir.



Sonrakı dövrlərdə məqbərə tamamilə baxımsız qaldığından, uçub dağılır. 1875-ci ildə İran taxtının vəliəhdi Fərhad Mirzə Qacar böyük şairin ziyarətinə gəlişini və məqbərənin vəziyyətini özünün “Yol bələdçisi” kitabında da belə təsvir edirdi: “Biz daha yeddi verst yol gedəndən sonar çox da böyük olmayan bir gümbəz gördük. Gümbəz yarıuçulmuş bir vəziyyətdə idi. Bu, şeyx Nizaminin məzarı idi. Buradan Gəncəyə yeddi verst qalırdı. Mən tələsə-tələsə məzara doğru getdim. Ancaq yaxınlıqdakı postun qarovulçuları gümbəzin üstünə o qədər ot yığmışdılar ki, içəri keçmək mümkün olmadı”.

XIX əsrin sonunda Məkkə ziyarətinə gedən Seyid Əzim Şirvani Nizaminin məqbərəsini ziyarət edir və onun acınacaqlı vəziyyətindən təsirlənərək, məhşur rübaisini söyləyir:
Ey Şeyx Nizami, ey nizamı dağılan,
Ey Gəncədə izzü-ehtişamı dağılan.
Olmayıbdır cahanda bir səninlə məntək,
Beyti, evi, məktəbi, kəlamı dağılan.




1881-ci ildə arxeoloqların Tiflisdə kecirilən V qurultayında Rusiyalı arxeologlarla yanaşı, Avropadan gəlmiş qonaqlar da iştirak edirdilər. Həmin dövrdə Avropalı arxeoloqlar Qafqazla ciddi maraqlanır və Çar hökümətinin razılıgı ilə bu ərazidə geniş qazıntı işləri aparırdılar. Qurultay keçirilən ərəfədə avropalı arxeoloqlar Gəncəyə gələrək, Nizaminin qəbri ilə maraqlanırlar. Yerli əhalinin sonralar söylədiyinə görə, arxeoloqlar qəbrin sirrini öyrənir və məqbərədən bir az aralıdan lağım ataraq, ora daxil ola bilirlər. Onlar məzardan bəzi şeyləri götürüb aparmaq istəyərkən, Əhmədli kəndinin əhalisi onlara mane olur və bu əşyaları onlardan alırlar. Bundan xəbər tutan çar hökuməti alınan əşyaların arxeoloqlara qaytarılmasını əmr edir. Bu əşyaların nədən ibarət olması və onların sonrakı taleyi bu günə qədər də sirr olaraq qalır.



“40-45 il bundan əvvəl Avropalı bir heyət gəlib lağım ataraq Nizaminin qəbrindən yazılı başdaşını aparmışdır… Nizaminin qəbrindən həmin başdaşı ilə bərabər, əski məqbərənin günbəzindən uçub tökülən qədim Kufi yazılı kərpiclər də yox olmuşdur…”
(Mirabbas Mirbağırzadə, “Şeyx Nizaminin qəbri”, “Kommunist”, 19 oktyabr 1923-cü il)

Nizaminin məzarının vəziyyəti Gəncə ziyalılarını daim narahat edir, məzarın abadlaşdırılması üçün yollar axtarırdılar. Belə ziyalılardan biri də Gəncə gimnaziyasının Ana dili və Ədəbiyyat müəllimi Mirzə Məhəmməd Axundzadə idi. O, 1908-ci ildən başlayaraq müxtəlif mətbu orqanlarda müsəlman ziyalılarını və imkanlı adamları Nizami Gəncəvinin məqbərəsinin təmiri barədə düşünməyə çağırır. Bu məqsədlə elə ilk addımı da özü atır. Mirzə Məhəmməd Axundzadə 1909-cu ildə “Şeyx Nizami” kitabını yazır. Bu kitabın satışından toplanılan məbləğ Nizaminin məqbərəsinin təmiri üçün nəzərdə tutulmuşdu. “Şeyx Nizami” kitabınının titul vərəqəsində yazılmışdı: “Bu kitabın satışından əldə olunan pullar Nizaminin məqbərəsinin bərpasına sərf olunacaq”.



Lakin toplanılan məbləğ məqbərənin təmirinə çatmır, yalnız məqbərənin ətrafında səliqə-sahman yaratmağa bəs edir. ”Molla Nəsrəddin” jurnalının 1908-ci ildə çıxmış 51-ci sayında görkəmli rəssam Şmerlinq tərəfindən çəkilmiş rəsmdə və V. Bartoldun 1912-ci ildə çap etdirdiyi “Şair Nizaminin qəbri” məqaləsində Şeyx Nizaminin məzarının acınacaqlı vəziyyətindən ürəkağrısı ilə söz açılmaqla bərabər, məqbərənin qalıqlarının rəsmləri də çap edilib. XX əsrin əvvəllərində “Tərəqqi”, “Yeni həqiqət”, “Yeni iqbal”, “Yeni iqdam” qəzetlərində Nizami Gəncəvinin məzarının acınacaqlı vəziyyəti, məzarın ətrafında aparılan qazıntı işlərindən söhbət açılırdı.

Nəhayət, 1922-ci ildə Gəncə ziyalıları toplaşaraq, Mirzə Məhəmməd Axundzadə, tarixçi alim Cavad bəy Rəfibəyov və müəllim Mirkazım Mirsüleymanzadədən ibarət, “Nizami komissiyası” adlanan bir komissiya yaratdılar. Komissiyanın qarşısına məqbərənin təmiri ilə məşğul olmaq tapşırığı qoyulmuşdu. Lakin sonradan komissiya tamam başqa mövqe tutdu və heç kimlə məsləhətləşmədən Nizaminin məzarını Gəncə şəhərinin mərkəzinə köçürmək qərarına gəldi. Bu məqsədlə müsamirələr, tamaşalar təşkil etməklə, əhalidən ianələr toplamaqla xeyli vəsait də yığıldı.



Nizaminin sümüklərini dəfn etmək üçün Şah Abbas məscidinin qabağındakı “Avara bağ” deyilən alqı-satqı meydanının ortasında qırmızı kərpicdən bir qəbir də hazırlanmışdı. 1923-cü ilin mart ayında məqbərənin içərisində qazıntı işlərinə başladılar. Məqbərənin içinə tökülmüş daş, torpaq qalağını təmizlədikdən sonra qapının ağzında bir qəbir aşkar olundu. Qəbirdən çıxarılan sümüklərin Nizamiyə aid olduğunu düşünərək onları taxta yeşiyə yığdılar. Lakin sümüklərin çox incə, ağ və kiçik olması komissiya üzvlərini şübhələndirdi və onlar məqbərə səthini təzədən qazmağa başladılar.



Birinci səthdən sonra, təxminən 71 sm. dərinlikdə ikinci səthə çatanda, səthin ətrafında günbəzin bünövrə və qalıqları üzə çıxdı. Məqbərənin dib tərəfində, divarın yanında hündürlüyü 45-50 sm. olan, sadə bir daş aşkar olundu. Daşın yan tərəfində bir yerə ətrafın sarı torpağından fərqlənən göy qum töküldüyü diqqəti cəlb edir. Bu qum kütləsini qazıb çıxardıqdan sonra 1m 45 sm dərinlikdə daş hörgü aşkar olunur. Daşları sökdükdə yer altına açılan və üst qatları uçmuş bir lağım görünür.

Uçub içəriyə tökülmüş daş və torpağı təmizlədikdən sonra aydın olur ki, Nizaminin cənazəsi kəfənə büküldükdən sonra üstündən tirmə ilə sarınıb və palıddan hazırlanmış dörd ayaqlı bir tabuta qoyulub. Tabutun özünün də tirmə ilə sarınması cənazənin çox böyük ehtiram və hörmətlə dəfn edildiyindən xəbər verirdi. Tabutun taxta parçalarının üzərindən qoparılmış tirmə parçaları indi Nizami adına Ədəbiyyat muzeyində saxlanılır.




Burada diqqət və maraq doğuran məsələlərdən biri də şairin məzarının tipi və forması ilə bağlıdır. Mirabbas Mirbağırzadə “Şeyx Nizami” ("Yeni fikir", Tiflis 1923, 25 noyabr; N:256) adlı məqaləsində onu belə təsvir edir: “Nizaminin cənazəsi qoyulan yer qazılıb abirma, adəti-vəchilə qəbirlərdən olmayıb, türklər tərəfindən sapma qəbir deyilən əsgi üsulca yeraltı bir daxmadan ibarət imiş”.

Bu təsvirdən Nizaminin qəbrinin qədim türklərin hörmətli insanları dəfn etdikləri kurqan qəbirlərə daha çox bənzəməsi xüsusən maraq doğurur. “İmamzadə” ətrafındakı Gəncə qəbirstanlığında belə sapma qəbirə bu gün də rast gəlinir. Bu barədə görkəmli alim Y. Qummel hələ 1931-ci ildə Bakıda çap etdirdiyi “Dəfn kurqanı” və “Qədim Gəncə” əsərində məlumat verir: “Şıx düzü”ndəki köhnə Gəncə qəbirstanlığı bürünc dövrünə aid kurqan çölünə geniş yayılmışdır. Bu rayonda dəfn olunmuş başçıların,hərbi rəislərin kurqanlarının öyrənilməsi sübut edir ki,icma quruluşunun dağıldığı bu dövrdə cəmiyyət içərisindən döyüşçü dəstəsi ilə əhatələnən və qulları olan icma-tayfa başçıları meydana çıxır”.



Bu kurqanlar üstü torpaq qatı ilə örtülən yeraltı bir tikili idi. Oğuz türkləri bu kurqanın üzərində orada dəfn olunmuş hörmətli şəxsə məxsus yaşayış yerinin–dairəvi çadırın modelini qururdular. Zaman keçdikcə onlar bunun davamsız olduğunu görüb, bu çadırları daş və kərpicdən tikilmiş türbələrlə əvəz etdilər.

Şeyx Nizaminin qəbri də məhz bu üslubda qurulmuş kurqan-qəbirdən ibarət olub və onun üzərində XIII- XIV əsr memarlıq abidələri üslubunda qülləvari türbə ucaldılıb. Arxeologiyadan bixəbər, qeyri-peşəkar insanlar tərəfindən aparılan özbaşına qazıntı işlərinə Akademik Bartold “Özbaşına qazıntı və şərqşünaslıq” adlı məqaləsində öz ciddi etirazlarını bildirdi.



Azərbaycan Arxeologiya Komitəsinin İdarə Heyəti 26 avqust 1923-cü il tarixli iclasında nəhayət qərar qəbul etdi: “Böyük Azərbaycan şairi Şeyx Nizaminin qəbrini özbaşına açıb onun sümüklərini şəhərdəki təzə qəbirdə basdırmaq məqsədilə götürən keçmiş Gəncə Arxeoloji Cəmiyyətinin üzvlərinə töhmət elan edilsin. Bütün işlərin yoxlanması üçün Azərbaycan Arxeologiya Komitəsinin üzvü Şeyxzadə Gəncəyə ezam olunsun”.

Şeyxzadədən sonra isə daha bir arxeoloq Yusifzadə Gəncəyə ezam olunur və 1923-cü il sentyabrın 19-da Arxeologiya Komitəsinin ümumi iclasında bu barədə məruzə edir. Komitə konkret qərar qəbul etməkdə çətinlik çəkir, hansı addımı atacağını bilmirdi. Komissiya sədrinin qəflətən vəfat etməsi və həmin dövrdə SSRİ-nin yaradılması ilə bağlı gedən proseslər işləri xeyli ləngitdi.

Həmin dövrün mətbuatına nəzər salanda bütün bunların Nizaminin sümüklərinin dəfn edilməməsi ilə bağlı yeganə səbəb olmadığı üzə çıxır. İranın məşhur ədəbiyyatşünas alimi Səid Nəfisinin Nizaminin məqbərəsi haqqındakı fikirlərinə diqqət yetirək: “Gəncə əhalisi tərəfindən… Nizaminin məqbərəsinə təcavüzkaranə və təhqiramiz bir hərəkət olmuşdur, bu məqnada ki, şəhər adamlarından bir dəstə bu fikrə gəliblər ki, Nizaminin türbəsini şəhər kənarından köçürüb şəhər daxilinə gətirsinlər, burada ona movzoley qursunlar. Buna görə Nizaminin qəbrini qazmışlar, yanlarında bir çox nəqş edilmiş çox kəhnəlmiş taxta tabutunu qəbrdən çıxarmışlar, şəhərə gətirmişlər. Lakin bu zaman şəhərin avam böyüklərindən biri çıxış edərək demişdir ki, Nizami Gəncə əhalisindən olmamışdır, o, Qum əhalisindən olmuşdur. Bunun nətiçəsində Nizaminin Gəncə şəhəri daxilində yaradılmalı olan məqbərəsinin işi baş tutmamışdır”.
(Əkrəm Cəfər “Nizaminin məqbərəsi və milli mənsubiyyəti haqqında”)



Ancaq bu fikirlər yalnız “şəhərin avam böyükləri”ndən birinə məxsus deyildi. Bəzi şəxslər mütəmadi olaraq bu fikri əhalinin beyninə yeritmək istəyirdilər ki, Nizami Qum şəhərindən bura gəlmiş bir fars şairidir. Görünür, uzun illər aparılmış bu təbliğat da Nizami məqbərəsinin baxımsız qalmasına öz təsirini göstərmişdi. Rəssam Şmerlinqin "Molla Nəsrəddin” jurnalının 51-ci sayındakı (1908-ci il) rəsmdə Nizaminin uçulmuş məqbərəsi təsvir olunub və belə bir alt yazı verilib:

“Gəncənin yaxınında məşhur Şeyx Nizaminin qəbri. Camaat: Bu əzim günbəd şairi-məşhur Nizami Gəncəvinin qəbiridir. Mərhumun "Pənc gənc" adlanan "Xəmsə"si fars ədəbiyyatının bünövrəsi və rüknlərindəndir. Bundan savayı, iyirmi min beytdən ibarət qəsidə, qəzəl və qeyri şeirləri olduğu deyilirsə də, çoxu itibdir. "Xəmsə"si Müsyo Şarmua tərəfindən fransiyə tərcümə olunubdur. Mərhumun özü əslən qumludur və Gəncədə şöhrət tapıbdır. Adı Şeyx Əbu Məhəmməd İlyas bin Yusif bin Mobiddir. 891 tarixdə və bir rəvayətə 606-da 84 yaşında vəfat edib. Zamanın padşahları mərhuma çox hörmət etdikləri halda, qeyri şairlər kimi heç kəsi mədh etməmişdir. Camaat, mən təklif edirəm ki, Gəncənin fəxri olan bu mübarək yadigarı qoyunların ziyarətindən qurtaraq”.



Həmin dövrdə Noşirəva Zinətulla adlı birisinin də bu mövqedən çıxış etməsi Azərbaycan ziyalıları arasında geniş mübahisəyə səbəb oldu. Hətta “Kommunist” qəzetində və başqa mətbu orqanlarda “Nizamiyə abidə lazımdırmı?..” mövzusunda polemikalar açıldı. İllərlə davam edən bu mübahisələrə “Kommunist” qəzetində yekun vuruldu: “Üç ildir abidə məsələsi meydana atılmışdır. Azərbayçan Xalq Komissarları Şurası Nizamiyə abidə qoyulması məsələsini təsdiq etmiş və 7 min manat bu işə təxsis edilmişdir. Amma Noşirəva Zinətulla Nizamini ləkələmişdir. Salman Mümtaz bunun (Zinətulla Noşirəvanın) əleyhinə çıxmış, “Nizamiyə abidə lazımmı” məsələsi üzrə Əli Abbas Müznib Zinətulla Noşirəvanın əleyhinə şiddətlə çıxış etmiş, onun dediklərinin əsassız olduğunu sübut etmişdir!” (“Kommunist”, 1923, 28 sentyabr.)



Nəhayət, Dadaş Bünyadzadənin işə qarışması ilə məsələ öz həllini tapdı. Əli Razi Şamçızadə “Kommunist” qəzetinin 1924-cü il 8 oktyabr tarixli nömrəsində “Bədbəxt şair” başlıqlı məqaləsində bu barədə yazırdı: “...Tiflisdən, yoldaş Dadaş Bünyadzadədən teleqraf alındı ki, Şeyx Nizamini yerindən tərpətməyin, öz qəbrində qalsın. Məqbərəsinin planını çəkib göndəriniz bütün məsarif öhdəmədir”.

Bundan sonra Arxeologiya Komitəsi Mirabbas Mirbagırzadəni oktyabrın 3-də Gəncəyə ezam edir və o, oktyabrin 6-da verilən tapşırıgı yerinə yetirərək Şeyx Nizaminin 6 aya qədər açıq havada, taxta qutunun içində saxlanılan sümüklərini yıgıb yenidən köhnə qəbrində dəfn etdirir. Mirabbas Mirbagırzadə gördüklərini “Şeyx Nizami” adlı məqaləsində belə təsvir edirdi: “…sümüklər, uzun yeşik kimi yapılmış adi bir taxta qutunun içində idi. Üç yerdən mismarlanmış qapağını açdım. Şeyx Nizaminin sümüklərini həmin qızın ağ sümükləri ilə qarışmış gördüm. Qəbirdən çıxarılan sandıq taxtasının parçaları və mıxları da qalan başqa şeylərlə bərabər sümüklərlə qarışmış idi…Şeyx Nizaminin qafa tası bir-birindən ayrılmış və ufaq-ufaq olmuşdu. Sümüklər yeni çürüməyə başlamiş və qəhvə rəngini almışdi…”



Nizaminin qəbrinin acınacaqlı vəziyyəti barədə “Şeyx Nizaminin qəbri” (“Kommunist” 19 oktyabr 1923-cü il)“Şeyx Nizami” ("Yeni fikir”, Tiflis 1923, 25 noyabr ; N:256) məqalələri ilə çıxış edən Mirabbas Mirbagırzadə bu barədə Arxeologiya komitəsinin 28 noyabr 1924-cü il tarixli ümumi iclasında kiçik məruzə söyləyərək, Nizaminin məzarı üzərində məqbərənin tikilməsi ilə əlaqədar Dadaş Bünyadzadənin arzularını idarə heyətinin nəzərinə çatdırır. Yeni məqbərənin tikilməsi məqsədi ilə şairin qəbrini ətraflı tədqiq etmək üçün 1925-ci il iyunun 19-da bilavasitə Dadaş Bünyadzadənin tapşırığı ilə arxeoloq C.Aleksandroviç Nəsifi epiqrafçı İ.Əzimbəyovla birlikdə Gəncəyə gəlir. O, Gəncədə Nizaminin qəbrini tədqiq etməklə bərabər, qəbrin açılmasında iştirk etmiş şair Əli Nəzmi ilə görüşür və ondan qəbirlə baglı bir çox maraqlı məlumatlar alır. C.Aleksandroviç Nəsifinin tədqiqatlarının nəticələri onun “Gəncə və Nizaminin qəbri” məqaləsində ətraflı işıqlandırılıb. Bu acınacaqlı hadisəni sonralar Əli Nəzmi bu cür təsvir edirdi.

Eylədilər

Bir biyabanda, uçuq qəbrimin altında əvət,
Yeddi yüz əlli il idi ki,yatırdım rahət.
El unutmuş məni, atmışdı kənara millət,
Bir əyadət, nə ziyarət, nə məhəbbət, hərəkət.
Heyf, birdən-birə meydanda zühur eylədilər,
Saldılar yadə məni gorbagor eylədilər.

Dedilər kim, sənə layiq deyil olsun mədfən,
İşbü səhrada yıxıq günbədi, var su, nə çəmən.
Başda tac olmalı ərbabi-qələm, əhli süxən,
Şəhrə tabutumu nəql etdilər əbnayi-vətən.
İşbu fel ilə bütün düşməni kor eylədilər,
Saldılar yadə məni gorbagor eylədilər.

Çatmadan şəhrə, geri döndü fəqət qafiləmiz
Dəfn edildik yenə əski çuxura bir daha biz.
Dirilər ilə qədid eyləyə bilməz ki, səfiz,
El hökumət adıma abidə rəkz etməyə tez.
Söz və dil bir hamısı sərf- süur eylədilər,
Saldılar yadə məni gorbagor eylədilər.

Bir təşəbbüs daha etmişdi keçənlərdə də el,
Tikməyə məqbərəmi bağlamış idi hamı bel.
Onda da əsdi bu “söz” bağına bir sərsəri yel,
Basdı bu fikir gülüstanını bir qırmızı sel.
Get-gedə başdan o fikri, işi dur eylədilər,
Saldılar yadə məni gorbagor eylədilər.

Mən kiməm? Petroqradda Marrı bilmiş tanıyor,
Berlinə, Londona get sor belə həpsi qanıyor.
Ax mənimkilər…Aman onlara canım yanıyor,
Kim bilir…Bəlkə də onlar məni “yad”dır sanıyor.
Sökməyə məqbərəmin daşını zor eylədilər,
Saldılar yadə məni gorbagor eylədilər.

İngilis, nemsə və ruslarca da məlum əsərim,
Başqa millətlər arasında da vardır dəyərim.
Bilməyir tək məni öz qövmlərim var xəbərim,
Sanki məchul ona bu “məxzən” olubdur gühərim.
Anlamaq istədilər,heyf ki, şur eylədilər,
Saldılar yadə məni gorbagor eylədilər.


(“Sicimqulunamə”, Bakı, 1927)

Ancaq yenə də şairin qəbrinin abadlaşdırılması yaddan çıxır. 1929-cu ildə Nizaminin qəbrini görmək üçün Gəncəyə gəlmiş akademik İ.İ.Meşşaninov demişdi: “Mən Nizaminin qəbrini görəndə gözlərimə inanmadım, Nizaminin qəbrini belə bərbad görmək məni heyrətə saldı”.

1930-cu ildə Şeyx Nizaminin qəbri ikinci dəfə açılır və 1932-ci ildə nəhayət qəbrin üzərinə müvəqqəti abidə qoyulur. 1939-cu ildə Kiyev ziyalıları ilə görüşündə Stalinin “Xosrov və Şirin” poemasından bir parçanı əzbərdən söyləməsi, onun Nizami yaradıcılığına və şəxsiyyətinə münasibətini təsdiqləyirdi. Həmin görüşün iştirakçısı Mikola Bajan həmin hadisəni belə xatırlayırdı: “Yoldaş Stalin bəşəriyyətin yaratdığı bütün dəyərləri əhatə edən geniş zəkası və hafizəsinə arxalanaraq , məhz bu şe’ri əzbərdən söylədi”.



İosif Stalinin Nizamiyə münasibəti aydınlaşdıqdan sonra hadisələrin inkişafı daha da sürətləndi və Nizaminin məzarı üzərində layiqli bir abidə ucaldılması məsələsi yenidən diqqət mərkəzində durdu. Tikiləcək məqbərənin yerini son dəfə tədqiq etmək üçün 1940-cı ildə İ.P.Şeblıginin də iştirak etdiyi daha bir arxeoloji ekspedisiya Nizaminin qəbrində və onun ətrafında qazıntı işlərinə başlayır. Tarixi mənbələrdə rast gəlinən ən xırda detallardan tutmuş, C.Aleksandroviç-Nəsifinin məqbərə ətrafındakı son tədqiqatlarına qədər məqbərə haqqındakı bütün materialları, arxeoloji ekspedisiyanın gəldiyi nəticələrlə uzlaşdıran İ.P.Şeblıgin böyük elmi dəyərə malik "Nizami türbəsinin tarixinə dair” məqalə və “Nizami dövründəki Azərbaycan abidələri” adlı monoqrafiya ilə çıxış edir.



Şeblıginin tədqiqatlarından aydın olur ki, Nizaminin XIII əsrdə tikildiyi təxmin edilən məqbərəsinin ümumi sahəsi 101,12 kv. m, özülünün qalınlığı isə 1m 72 sm olub. Bütün bunları nəzərə alan Şeblıgin Nizaminin məzarı üzərində XIII əsrdə tikilmiş məqbərənin çox nəhəng bir tikili olduğu qənaətinə gəlir. 1923-cü ildə aparılan son qazıntılara qədər məqbərənin sahəsi azalaraq 56,25 kv.m. olub. O, məqbərənin forma və quruluşunu müəyyənləşdirərkən 1903-1905-ci illərdə İranın Tiflisdəki konsulu Hüseyn xan Rzazadənin sulu boya ilə çəkdiyi bir rəsm əsərini əsas kimi götürmüşdü.



Şeblıginin Nizaminin məzarında apardığı qazıntı işləri sonralar-70-80-ci illərdə yeni şaiyələrin və söz-söhbətlərin yayılmasına səbəb oldu. Mənbəyi məlum olmayan bu şaiyələrdə iddia edilir ki, qazıntı zamanı Nizaminin kəllə sümüyü götürülərək surətinin yaradılması üçün məşhur alim Gerasimova göndərilib. Sonra isə guya naməlum səbəblər üzündən nə Nizaminin obrazı yaradılıb, nə də kəllə sümüyü geri qaytarılıb. Heç bir arxiv sənədində və akademik Gerasimovun gördüyü və yerinə yetirməyi planlaşdırdığı işlər siyahısında bu barədə heç bir məlumata rast gəlinmir.

Görünür, 1941-ci ildə Əmir Teymurun və oğlanlarının kəllə sümüyü əsasında onların obrazlarının yaradılması barədə məlumatlar belə bir əsassız şaiyənin yaranmasına səbəb olub. Çünki,1939-cu il noyabr ayının 1-də Nizaminin 800 illik yubileyinə hazırlıq məqsədi ilə Azərbaycan SSR Xalq Komissarları Şurasının 4972 N-li qərarı ilə Nizami muzeyi yaradıldı. Böyük şairin obrazının yaradılması üçün rəssamlar arasında müsabiqə elan edildi. Rəsm müsabiqəsinin qalibləri üçün I və II dərəcəli mükafatlar nəzərdə tutulmuşdu. 1941-ci ildə şairin 800 illik yubileyi ərəfəsində müsabiqəyə yekun vuran komissiya heç bir işi I mükafata layiq görmədi.



İkinci mükafat Qəzənfər Xalıqovun çəkdiyi portretə verildi. Sonralar bu portret əsasında məşhur heykəltəraş, SSRİ İncəsənət Akademiyasının həqiqi üzvü Fuad Əbdülrəhmanov şairin heykəlini hazırladı. Bu gün Bakıda, Gəncədə və Brüsseldə ucalan möhtəşəm heykəllərin müəllifi də Fuad Əbdülrəhmanovdur.

1925-ci ildən başlayaraq məzarın üzərində tikiləcək məqbərə üçün müxtəlif layihələr təklif edilirdi. 1926-cı ildə Azərbaycan Politexnik İnstitutunun tələbələri tərəfindən işlənmiş layihə müsabiqədə birinci yeri tutdu və hökumət səviyyəsində bu layihə əsasında məqbərənin inşasına razılıq verildi.

1926-cı ildə “Ədəbi parçalar” adlı məcmuəsinin birinci nömrəsində 3-cü səhifədə layihənin şəkli dərc olundu. Həmin jurnalda 53-cü və 59-cu səhifələrdə isə Nizaminin məzarının xarabalıqlarının fotoları verilmişdi.

Lakin naməlum səbəblər üzündən layihənin icrası təxirə salındı və Nizaminin qəbri üzərində sadə bir baş qaşı qoymaqla bu işi bitmiş saydılar. 940-cı ildə Vaxutin və Sarkisovun layihələri əsasında məqbərənin tikintisinə başlamaq barədə göstəriş verildi. Böyük Vətən Müharibəsinin başlaması ilə məqbərənin tikintisi dayandırıldı və nəhayət 1947-ci ildə məqbərə tikilib başa çatdırıldı. Yerli ağ daşdan tikilmiş məqbərənin hündürlüyü 15,2 m, bünövrəsinin sahəsi 49 kv. m idi. Memarlar Nizami dövrünün və ondan sonrakı Elxanilər dövrünün qülləvari türbə ənənəsinə uyğun bir abidə yaratmağa çalışmışdılar. Bununla da böyük şairin məzarı ətrafında cərəyan edən xoşagəlməz əhvalatlara son qoyulduğunu güman etmək olardı… Lakin belə deyildi…



Əvvəl Nizaminin məzar daşlarının, sonra isə onun sinə daşının estampajının müəmmalı şəkildə yoxa çıxması, hansısa gizli bir qüvvənin Nizaminin bu məmləkətlə bağlılığının ya ən azı şübhə altına alınmasına rəvac verməsindən, ya da tamam başqa mətləblərdən xəbər verir.

Nizami komissiyası “Kommunist” qəzetinin 13 noyabr 1924-cü il tarixli nömrəsində dərc etdirdiyi “Unudulmuş yoldaşa cavab” sərlövhəli məqaləsində yazırdı:“Yoldaş Mirabbas getdikdən sonra, Maarif şöbəsinin müdiri yoldaş Kazımovdan Mərkəzi muzeyə bəzi daşlar və həm də böyük bir məruzə göndərilib, təəssüflər ki, bu günə kimi əncamsız qalmışdır”.

Nizami muzeyi yaradıldığı gündən orada baş mühafiz işləyən Sücaətdin Tağızadə danışırmış ki, Nizaminin məzarından bir neçə yazılı daş gətirib muzeyin foyesinə qoyublarmış. Daşlardan əlavə qəbrdən başqa əşyalar da gətirilibmiş. Muzeydəki tirmə parçası da həmin əşyalar arasında olub. Sonra bu daşlar tarix muzeyinə verilir və ordan yoxa çıxır. Ancaq bu daşlar görünür Nizaminin məqbərəsi sökülən zaman üzə çıxan daşların hamısı olmayıb.



Daşlardan bir hissəsi qəbrin yanında qalıb və sonradan – 1947-ci ildə yəni məqbərə tikildikdən sonra həmin daşları məqbərənin içinə yığıblar. Nizami muzeyinin əməkdaşı Sadıq Hüseynovun yazdığına görə 1963-cü ildə Nizaminin məqbərəsində səliqə-sahman yaradılması ilə əlaqədar, o vaxtlar Kirovabad şəhər Sovetinin sədri işləyən Ələsgər Əlizadə Nizaminin sinə daşının və orada olan başqa daşların Gəncə Tarix-Ölkəşünaslıq muzeyinə aparılması barədə göstəriş verir. Bu daşların Gəncə Tarix - Ölkəşünaslıq muzeyində isə həmin daşların harada olmasından heç kimin xəbəri yoxdur.

Bunlar azmış kimi Nizami muzeyinin fondundan Nizaminin sinədaşının estampajı da yoxa çıxır.
Estampajı muzeyə təqdim edən Əjdər Ələsgərzadə onun haqqında ilk dəfə 1945-ci ildə Elmlər Akademiyasında etdiyi məruzədə söz açıb və 1947-ci ildə rus dilində nəşr etdirdiyi “Azərbaycan memarlığı. Nizami dövrü” kitabında estampajın şəklini və tərcüməsini də vermişdi.

Əjdər Ələsgərzadənin tərcüməsində kitabənin mətni bu cür səslənir: “Bu nurlu qəbr Şeyx şeyxləri Əbu-Məhəmməd, ibn-İlyas,ibn-Yusif,ibn-Zəki, Nizaməddin Müəyyədindir. Orucluğun dördüncü günü, altı yüz beşinci il tarixində”.



Kitabənin bu cür oxunması, düzgün və sərrast tərcüməsi Y.E.Bertels, C.Alesandroviç Nəsifi, Şeblıgin və başqaları tərəfindən kəşf kimi qarşılandı. Görkəmli şərqşünas Dyakonov 1948-ci ildə kitaba yazdığı rəydə bunu belə qiymətləndirirdi: “Ə. Ələsgərzadə tərəfindən Nizami və Xaqani qəbrinin kitabələrinin oxunub Şərq epitafiyası sahəsində qəbul edilməsi xüsusilə qiymətlidir, demək olar ki, sensasiyadır”.



Lakin kitabədəki bir səhv bəzi alimləri şübhəyə salır və onun orjinallığını sual altında qoyurdu. Hətta bu kitabənin Ə.Ələsgərzadə tərəfindən uydurulduğunu iddia edənlər də tapılırdı. Təcrübəli nizamişünas Y.Bertelsin bu qüsuru məntiqi surətdə izah etməsi bütün şübhələrə son qoydu: “Kitabədə səhv vardır. Şairin adı olan “İlyas” sözündən əvvəl “ibn” sözü durur. Şəxsən mənə elə gəlir ki, bu səhv kitabənin əsl olduğunu ancaq təsdiq edir, belə ki, saxta olsaydı əlbəttə adı düzgün yazardı. Usta tələsdiyindən “ibn” sözünü çox asanlıqla yaza bilər”.

Gəncədə Alüminium zavodunun tikilməsi məqbərə üçün real təhlükəyə çevrildi. Alüminium tullantılarının yağışla bərabər türbənin üzərinə düşməsi nəticəsində məqbərənin aşağı hissələri yeyilməyə başladı. 1981-ci ildə Nizaminin 840 illik yubiley tədbirləri zamanı məqbərənin acınacaqlı durumu, o zaman Azərbaycan KP MK-nın I katibi işləyən Heydər Əliyevin nəzərindən yayınmır və o, Nizaminin məzarı üzərində daha əzəmətli bir məqbərə ucaltmaq təklifi ilə çıxış etdi.



O vaxtlar Gəncə şəhərinin baş memarı işləyən Fərman İmamquliyev, Qorxmaz Sücəddinovla birgə Nizami məqbərəsinin yeni layihəsini işlədi. Onlar, artıq Gəncənin simvoluna çevrilmiş köhnə məqbərənin bəzi elementlərini Nizami dövrü memarlığının ənənələri ilə daha da yaxınlaşdıraraq qranit və mərmərdən tikiləcək və hündürlüyü 20,9 m olacaq məqbərənin layihəsini hazırladılar. Layihə bəyənilsə də, Heydər Əliyevin Moskvaya getməsi ilə yeni məqbərənin tikintisi təxirə salındı. 1990-cı ildə Nizaminin 850 illik yubileyi ərəfəsində, məqbərənin tikintisinə başlamaq qərara alındı. Bu proses də itkisiz ötüşmədi.

Məqbərə ətrafında aparılan abadlıq işləri zamanı Nizaminin qəbri yerləşən kurqanın böyük bir hissəsi dağıdıldı və minə qədər qədim qəbir məhv edildi. Layihə müəlliflərinin bütün səylərinə baxmayaraq, tikinti işləri də tələm-tələsik və başdansovdu aparıldı. Məqbərənin daş və qranitdən hazırlanmasına baxmayaraq, tikinti zamanı istifadə olunan sement və yapışdırıcı materiallardan normalar daxilində istifadə olunmadığından türbənin kənarında bəzi daşlar sürüşür, günbəzin hidroizolyasiya qatı zəif olduğundan məqbərənin içərisinə su sızırdı. Buna görə də Abidələrin Bərpası Elmi-tədqiqat Layihə İnstitutunda AMEA-nın müxbir üzvü Cəfər Qiyasinin rəhbərliyi altında hazırlanmış layihə əsasında, məqbərə kompleksi 2011-ci ildə əsaslı təmir olundu.

AzVision.az



Teqlər: #Nizami-Gəncəvi   #Gizli-tarix   #Tarix   #Araşdırma  





Xəbər lenti