"Səhvə yol verməyə haqqımız yoxdur" - Nazir oğlu

"Səhvə yol verməyə haqqımız yoxdur" - Nazir oğlu
  07 İyul 2017    Oxunub:2634
Azərbaycan Qran-Prisinin promouteri Arif Rəhimov “Motosport.com”a müsahibəsində Bakıda keçirilən ikinci Formula–1 yürüşünə yekun vuraraq, Formula-1 yürüşlərinin direktoru Çarli Uaytinqin yarışların təşkili və tamaşaçı marağının artması barədə şərhlərindən danışıb.
AzVision.az AzərTAc-a istinadən müsahibəni təqdim edir:

-Azərbaycanda ikinci Qran-Pri nə kimi hisslər doğurdu?

-Fövqəladə hisslər idi. Biz çox güclü hazırlaşmışdıq, çünki bilirdik ki, bu il səhvə yol verməyə haqqımız yoxdur. Birinci dəfə müəyyən xətaları təcrübəsizlik kimi qəbul etmək olardısa, - bilirdik ki, bizi başa düşəcəklər, - zənnimcə, ikinci dəfə insanlar artıq belə mərhəmətli olmazdılar. Odur ki, hər işi ideal şəkildə görmək istəyirdik. Düşünürəm ki, bunun öhdəsindən həqiqətən çox yaxşı gəldik.

Bizim əsla nəzarət edə bilməyəcəyimiz sonuncu hissə isə yürüşün özünün gedişi idi. İş elə gətirdi ki, o da mükəmməl keçdi. Gərgin mübarizə, qırmızı bayraqlar və təhlükəsizlik maşını. Əsl şadyanalıq idi.

Baxmalı-görməli çox şey vardı. Düşünürəm ki, bu il daha belə yarış görməyəcəyik. Mənə elə gəlir ki, hamı razı qaldı.

-Xüsusilə çoxlarının darıxdırıcı hesab etdiyi ötənilki yürüşdən sonra...

-Məncə, bu barədə Rikkardo yaxşı deyib. O deyib ki, bütün bunlar hələ ötən il baş verməli idi. Trekdə ağır yürüşlər üçün bütün imkanlar var. Çox mürəkkəbdir, pilotların həyatı, maşınların risk dərəcəsi üçün müəyyən mənada hətta təhlükəlidir. Bu il biz bunun təsdiqini gördük.

Məncə, sadəcə pilotlar artıq özlərinə daha əmin idilər. Bir il əvvəl onların çoxu ehtiyat edirdi, çünki trasa bələd deyildilər. Odur ki, riskə getmək istəmir, mütləq xal toplamaq istəyirdilər. Builki heyət elə keçənilki kimidir. Pilotlar riskə getməyi qərara alıblar. Nəticədə həftəsonunun finalı belə maraqlı oldu. Daha heç kəs deyə bilməz ki, burada yürüş darıxdırıcı keçdi.

-İki kilometr uzunluğunda düz yol liderlər üçün çox mürəkkəb bir məqamdır. Biz restartların nə dərəcədə təhlükəli alındığını gördük. Trekin konfiqurasiyasını Beynəlxalq Avtomobil Federasiyası ilə (FIA) müzakirə etmək istəyirsinizmi?

-Həm F1-də, həm də F2-də təhlükəsizlik baxımından heç bir problemimiz olmadı. Dəstək yürüşündə səkkizinci və onuncu döngələr arasında “tıxac” yarandı. Amma vəziyyət çox sürətlə yoluna qoyuldu. Biz bütün maşınları trasdan çıxardıq. F1-də də eynən bu cür olmuşdu. Sadəcə qəzalar və toqquşmalar həqiqətən lap çox oldu. Mən yürüşün müdiriyyəti ilə söhbət etdim. Mənə dedilər ki, müəyyən məqamda, demək olar, hər postdan sınmalar barədə məlumatlar daxil olurdu. Odur ki, yürüşü dayandırmalı, bir neçə dövrə vuraraq xüsusi vasitələrlə maşınların qırıntılarını trasdan toplamalı olduq. Bəli, yürüşdə bir neçə dəqiqə itirdik, amma onu başa çatdırdıq. Düşünürəm ki, bütün dünyada televiziya tamaşaçılarının bu yarışdan aldıqları zövqün müddətini hətta uzatdıq. Çox yaxşı oldu.

-Yarışın təşkilindən, hakimlərin işindən bütövlükdə nə dərəcədə razısınız?

-Düşünürəm ki, hamının çox xoşuna gəldi. Mən Çarli Uaytinq ilə söhbət etdim. Məlum oldu ki, marşalların işi hətta onu yaxşı mənada təəccübləndirib. Bəli, xırda-para xətalar oldu. Amma o dedi ki, onlar çox yaxşı işlədilər, xüsusən, yürüşün bu qədər insidentlə müşayiət olunması nəzərə alınarsa.

-Gələn il yürüş apreldə keçiriləcək. Onun tarixinin başqa vaxta keçirilməsi nə ilə bağlıdır və bizi necə hava gözləyir?

-Gələn il Azərbaycan Respublikasının yaradılmasının 100 illiyi qeyd olunacaq. Odur ki, müəyyən günlərdə mərkəzi meydandan başqa tədbirlər üçün istifadə etməli olacağıq. Paddoku bütünlüklə sökməyə macal tapmaq üçün yürüşün tarixini aprelin sonuna keçirməli olduq.

-Yəni, tarixin dəyişdirilməsini siz xahiş etmişiniz?

-Bəli, yürüşün tarixinin başqa vaxta keçirilməsini xahiş etmişik. Hava şəraitinə gəldikdə isə sözün düzü, aprelin sonu bir qədər qeyri-müəyyən dövrdür. Əsl yay havası da ola bilər, sərin də ola bilər. Amma əsla soyuq olmayacaq. Bəli, yağışlar da mümkündür. Amma bu, tribunaların dolu olması nöqteyi-nəzərindən yəqin ki, bu bir o qədər yaxşı hal deyildir. Tamaşa baxımından danışsaq, bəlkə də daha maraqlı olacaq. Yağışlı havada trasımızı təsəvvür edin. Yəqin ki, belə vəziyyət pilotlara əməlli-başlı meydan oxuyacaq.

-Keçən illə müqayisədə bu il 30 faiz çox bilet satmışınız, elə deyilmi?

-Bəli, 30 faiz çox bilet satmışıq. Bu da sevindirici haldır. Yeni azarkeşlərin çoxu, təqribən 70 faizi əcnəbidir. Onlar bilavasitə yürüşə baxmaq üçün gəliblər. Yəni əcnəbi tamaşaçılar tərəfindən maraq artır.

-Siz də məhz bunu istəyirdiniz, elə deyilmi?

-Bəli, bu il əcnəbi qonaqların sayı iki dəfə, bəlkə də ondan da bir qədər çox artıb. Əlbəttə, bunun yerli bazarda da inkişaf etməsini istəyirik. Burada da artım var. Amma bizim üçün başlıca məsələ məhz əcnəbi tamaşaçıların marağının artmasıdır. İstəyirik ki, onlar Azərbaycana gəlsinlər və təəssüratlarını dostları ilə bölüşsünlər. Prinsipcə, əcnəbilərlə bağlı məqsədimizə nail olduq, halbuki bu məqsəd çoxlarına əlçatmaz görünürdü.

-Le-Man turniri ilə Azərbaycan Qran-Prisinin ayrı-ayrı vaxtlara keçirilməsinin səmərəsi hiss olundu?

-Bəli, hiss olundu və ilk növbədə mətbuatın iştirakı baxımından. Mətbuat mərkəzimiz dolu idi. Bu, müsbət məqamdır. Çox istəyirdik ki, jurnalistlər gəlsinlər, gördüyümüz işlərə baxsınlar. Biz hər işi ən yüksək səviyyədə görməyə çalışırıq və bunun qiymətləndirilməsini istəyirik.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinin promouteri Arif Rəhimov gənclər və idman naziri Azad Rəhimovun oğludur.

AzVision.az


Teqlər: Arif-Rəhimov  





Xəbər lenti