`Yenə o bağ olaydı` şeiri Qarabağa yazılıb – Mikayıl Müşfiqin qohumu (MÜSAHİBƏ+VİDEO)

`Yenə o bağ olaydı` şeiri Qarabağa yazılıb – Mikayıl Müşfiqin qohumu (MÜSAHİBƏ+VİDEO)
  06 Mart 2017    Oxunub:34749
Adını tarixə yazmağı bacarmış şairimiz Mikayıl Müşfiqin büstü ilə bağlı yaşanan hadisələrdən sonra onu bir daha yaxından tanımaq və tanıtmaq ehtiyacı yarandı.Bu yolda bizə bələdçilik edən Vahab Yunus oğlu İsmayılzadə həmin nəslin davamçılarındandır. O, 1958-ci dünyaya gəlib. Atası ilə Mikayıl Müşfiq doğma əmioğlu olublar. Bakıda onun atası Yunus Dağlının adına küçə də var.

- Mikayıl Müşfiqin atası Mirzə Əbdülqədir Vüsaqi İsmayılzadə mənim Əbdül Cavad babamın qardaşıdır. Əbdülqədir İsmayılzadə “Şah İsmayıl” əsərinin müəllifidir. Cavad İsmayılzadə isə 1990-cı ilin 20 yanar hadisələrində şəhid olub. Həmin vaxt 28 yaşı vardı. Deyilənə görə, əmim Əsəd İsmayılzadə 27 yaşında NKVD-nin zirzəmisində döyülüb və dünyasını dəyişib. Onun da məzarı yoxdur. Vahab əmim isə 1938-ci ildə 22 yaşında olarkən ancaq İsmayılzadə soyadınını daşıdığına görə həbs olunub.

1938-ci ildə bizim ailə repressiyalardan çox əziyyət çəkib. Atam 17 yaşı tamam olmamış sürgün edilib. Mən İsmayılzadə nəslinin bir nümayəndəsi kimi mən bu kişilərin adından sözümü deyən adamam.



- Mikayıl Müşfiqin büstünün ətrafında baş verənləri necə qiymətləndirirsiniz?

- Cəbhədə 18-19 yaşlı balalarımız şəhid olarkən hansısa bir daşın söhbətini etməyə heç dilim də gəlmir. Bu, heç Müşfiqin özünə də xoş olmazdı. Müşfiq həmişə insanlara sağlığında qiymət verilməsi üçün mübarizə aparırdı. Bəzən kiminsə adını əbədiləşdirib, nəsə etmək fikirinə düşürlər. Əslində isə onun demək istədiklərini həyata keçirmək lazımdır. Müşfiqin də istəyi bu olardı. Əsas məsələ onların getdiyi yolu onlar kimi getməyə çalışmaqdır.

Yeri gəlmişkən, bir məsələni də deyim. Gecə saat 4 olardı, internetdə xəbərləri oxuyurdum. Siyasi söhbətlər bizlik deyil. Biz şeiriyyat adamlarıyıq. Siyasət - “siyah” (qara) və “sət” (örtük) sözlərindən yaranıb. Bir şey ki, qara örtüyün altındadır, onun barəsində nə danışmalıyam? Siyasətdə nə baş verdiyini yalnız o qara pərdənin arxasında oynayanlar bilirlər. Demək istədiyim nədir: İnternetdə bir nəfərin çıxışına baxdım. Biz həmişə “kişi kişinin dalınca danışmaz” şüarınını nəzərimizdə saxlamışıq. Ancaq bunu deməsəm, olmaz. O adam Mikayıl Müşfiqin adını hallandırıb. Deyir ki, Məmməd Əmin Rəsulzadənin büstünü götürəndə heç kim danışmadı, ancaq Mikayıl Müşfiqin büstünü götürən kimi, çoxları danışmağa başlayıb. Mikayıl Müşfiq Müsavatın təsiçilərinin cərgəsindəki gənclərdən biri olub.

Yəqin ki, əlaqədar təşkilatların rəhbərləri Mikayıl Müşfiq və Hüseyn Cavidin dostluğu barədə məlumatlıdırlar. Hazırda yaşadığımız məhəllənin yaxınlığında Müşfiqin adını daşıyan küçə var. Əvvəllər Hüseyn Cavid prospektilə Mikayıl Müşfiq küçəsinin kəsişdiyi yerdə Əzizbəyovun heykəli vardı. Fikrimcə, Cavidlə Müşfiqin ruhlarını şadlandırmaq üçün həmin küçələrin kəsişdiyi yerdə, yəni əvvəllər Əzizbəyovun heykəlinin olduğu məkanda Mikayıl Müşfiqin büstünü qoysalar, yaxşı olar.



- Mikayıl Müşfiqlə bağlı sizin şəxsi düşüncələriniz necədir?

- Biz uşaqlıqdan özümüzü iki şərt üzrə yetişdirmişik. Bizim dövrün cavanları demək olar ki, hamımız eyni xasiyyətdə olmuşuq. Bizlərdə yalan, hərislik, paxıllıq olmayıb. O şərtlər isə budur. “Eyibdir”, “günahdır”! Bir addım atanda və yaxud da bir söz danışanda birdən dayanırsan, “bu, eyibdir”, “böyüklərimizin adına yaraşmaz” deyirsən. Birdən deyərlər ki, filankəsin oğlu və yaxud qardaşı oğlu belə elədi. Bu, həmişə nəzərimizdə olub. Bir iş görmək istəyəndə isə fikirləmişik ki, “bu, günahdır”, birdən Allahın acığına gələr. Yəni həyatımızı bu iki şərtin üzərində qurmuşuq. Çox istərdim ki, bugünkü insanlar da həmin iki şərtə qayıtsınlar, eyib və günahı nəzərə alısınlar. Və öz üzərlərində işləsinlər.
Mən efirə çıxmağa utanır, xəcalət çəkirəm. Bilmirəm ki, siz məni necə yoldan çıxarıb, razı saldınız. Allaha xatir mən də sizə razılıq verdim. Bunu minnət üçün demirəm. Bizlərdən artist çıxmaz. Hərçənd ki, indiki dövr artistliyi tələb edir. Cürbəcür rollara girənlər, maska üstündən maska taxanlar var. Bunlar kişiyə yaraşan şeylər deyil. Hərə öz payını götürsün.

- Mikayıl Müşfiqin həyatı, güllələnməsi ilə bağlı o vaxtlar ailədə nə danışırdılar?

- Atam bu barədə söhbət eləməzdi. O, çox ağır xasiyyətli kişi idi. Ümumiyyətlə, uşaqları ilə oturub söhbət etməzdi. Bizdə də o cürət yox idi ki, o boyda kişiyə sual verək və cavab da alaq. O ölçüdə sual tapa bilmirdik. Ancaq yanına gələn Mikayıl Müşfiqin dostlarını, qohumları və sənət yoldaşlarını görmüşəm. Evimizdə olublar. Onların söhbətlərinin şahidi olmuşam.

- Müşfiqin büstünü sökənlərin cəzaləndırılması ilə bağlı dövlət səviyyəsində tapşırıq verildi. Siz büstün sökülməsinə etiraz edənlərə, Müşfiqsevərlərə nə demək istərdiniz?

- Müşfiq kimi kişilərin müdafiəyə ehtiyacı yoxdur. Kim nə edir, sağ olsun. Hökümət də öz işini necə görməlidirsə, görür. Bu xırda işdir, biz onu böyütmüşük. Söhbətimizə başlayan zaman mən şəhidlərimizdən danışdım. Allah onların ruhunu şad eləsin. Cavan balalarımız cəbhədə qırılır. Bundan danışmaq lazımdır. Daş-torpaq söhbəti vaxt gələcək, öz yerini tutacaq. Mən həmişə məsələnin yaxşı tərəfini nəzərədə tuturam. Hüseyn Cavidlə Mikayıl Müşfiqin ruhunu şadlandırmaq üçün onların ruhlarını bir nöqtədə qovuşdursunlar.



- Mikayıl Müşfiqin şeirlərində sovet hökumətinə qarşı etiraz yox idi. Hətta əksinə, sosializmi təbliğ edirdi. Niyə onu repressiya etdilər? Üstəlik, Hüseyn Cavid kimi sürgün də olunmadı, güllələndi...

- Bu barədə mən bir az məlumatlıyam. Amma tam dəqiqləşdirilməsə, bu gün heç nə deməyəcəyəm. Vaxt gələcək, arxivlər açılacaq, hər şey bəlli olacaq. Xalq, millət naminə kişi üçün güllələnmə heç nədir.

O vaxt da Qarabağ probelmi vardı. Müşfiqin “Yenə o bağ olaydı” şeirini çox xoşagəlməz şəkildə deyirlər. Şairi başa düşmək üçün gərək şair olasan. Ona görə də bu gün qarma-qarışıqlıq yaranıb. Bayaq dedim ki, Müşfiq hansı təşkilatın üzvlərindən olub. Həmin ərəfədə Qarabağ əsas məsələ idi. Ermənilərin o vaxtdan Qarabağda gözləri vardı. İmkanları da vardı. Əgər onlar bu işə qarışmasaydılar, Müşfiq gülələnməsəydi, Qarabağ o vaxt da bugünki vəziyyətdə olacaqdı. Müşfiq görün, necə deyir:

Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı.
Cumub alaydım səni dalğaların əlindən...


O, “nazənin xanım” deyəndə yalnız Vətəni nəzərdə tutur. Şeiriyyat aləmində sətiraltı mənalar var. Burada hanısa bir xanım nəzərdə tutulmur. Ay xanım hərisləri, siz o şeiri o cür deyəndə guya, nəsə olur? O, Qarabağı nəzərdə tuturdu. Deyirdi ki, sağdan-soldan gör nə qədər göz var səndə, çarələri olsa, parçalayarlar səni... Qəlbimdə qasırğalar, fırtınlar coşaydı, səni onların əlindən alaydım, Ay Vətən! Müşfiq bunu deyirdi. Yoxsa, kimsə sevdiyi qıza “Yenə o bağ olaydı” şeirini yazıb göndərir... Yaz, eybi yoxdur, amma bil ki, o sözlərin altında nələr var!..

“Şəngülüm, Şəngülüm” şeirini uşaqlarıqda hər birimiz eşitmişik. Mikayıl Müşfiq cavanlığına baxmayaraq, dərin adam olub. Dərinliyi isə bundadır ki “Şəngülüm Şüngülüm” uşaqlar üçün kiçik bir poemadır. Görün, o necə başlayır, necə sətiraltı mənalar var: Biri varmış, biri yoxmuş, məzlumların dərdi çoxmuş. Allah məzlumları sevir. Allah məzlumların haqqını zalımlardan alan Allahdır. Ardınca isə deyir ki, saqqallı bir keçi varmış. Gəzdiyi yer qayalarmış. Dağdan-daşa atılarmış. Hər zəhmətə qatlanarmış. Yaşarmış öz əməyilə. Bir kimsənin köməyilə dolanmaqdan utanarmış... Atalar sözünə diqqət yetirin. Belə kişilər olub. Siz onların fikirlərini hansı hədəflərə yönəldirsiniz? Ay mənim xalqım, ay mənim əzizlərim! Əgər düzü qəbul edə bilmirsinizsə heç olmasa, onları tələffüz etməyin!



- Siz özünüz də şeirlər yazırsınız?

- Böyüklərin yanında deməyə utanram, ancaq var. Bizim dövrümüz də gələr, inşallah. Mənim istəyim bilirsiniz, nədir? “Mən” sözünü ən balaca hərflərlə yazın. Bizim məmləkətimizdə elə övladlarımız, elə yaradıcı insanlar, elə kişilik rəmzi ola biləcək şəxslər, dostlarımız var ki, bu gün özlərini tanıtmağa utanırlar. Kimlərəsə oxşamasınlar deyə, belə edilər. Elə yaradıcı insanlarımız var ki, heç gözə görünmürlər. Məsələn, Seyid Əzimdən, Sabirdən sonra yetişmir, çıxmır. Nə üçün çıxmır? Heç axtarırsınız ki? Gəlin, mən o kişiləri sizə göstərim. Füzulinin bir şeirini bir neçə saniyəyə oxuyarsan, amma bir beytini ola bilsin ki, bir həftəyə sənin üçün xırdalayarlar. O beyti dərk etmək həftələrlərlə, aylarla vaxt alır. Ona görə, biz çalışırıq həmin qəzəlləri adi sözlərlə ifadə edək ki, indiki oxuyucuların ondan qidalanmaq imkanları olsun. Biz bunları özümüzü tanıtmaq, şəkil çəkdirmək üçün etmirik, xalqa xidmət göstərmək istəyirik. Bu gün gücümüz buna çatır. Mən və mənim xüsusiyyətdə insanlar Vətənimiz - necə deyim, bilmirəm, 50 milyonluq, 70 milyonluq, yaxud da 100 milyonluq Vətənimiz uğurunda həmişə xidmət etməyə hazırıq...

Elə bu vaxt Mikayıl Müşfiqin divardan asılan şəkli qəfildən qopub, yerə düşür. Həmsöhbətimiz -Baxın,- deyir, - Müşfiq sirkələndi. Mənə deyir ki, siyasi söhbət eləmə!





Hafiz Əhmədov
Foto/Video: Elvin Abdulla
Montaj: Bəxtiyar Məmmədov



Teqlər: #MikayılMüşfiq   #Poeziya  





Xəbər lenti