Əziz Əliyevin 120 illiyi ilə bağlı təqdimat - Fotolar

Əziz Əliyevin 120 illiyi ilə bağlı təqdimat - Fotolar
  25 Yanvar 2017    Oxunub:4335
Prezident Kitabxanasında görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 120 illiyi münasibətilə hazırlanan elektron resursun təqdimat mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə oxu zalında təşkil edilən “Əziz Əliyev-120” sərgisi ilə tanış olublar. Tədbiri giriş sözü ilə açan Kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, hər bir xalqın tarixində iz qoyan elə şəxsiyyətlər vardır ki, onlar keçdikləri həyat yolu ilə hər zaman xatırlanır və nəsillərə örnək olurlar. Azərbaycanın dövlətçilik və elm tarixində özünəməxsus yeri olan Əziz Məmmədkərim oğlu Əliyev belə şəxsiyyətlərdəndir.



“Uşaqlıq və gənclik illəri məşəqqətli olan, erməni vandalizminin və təcavüzünün ağrı-acılarını öz taleyində yaşayan Əziz Əliyev sonrakı illərdə parlaq zəkası və qabiliyyəti ilə işlədiyi sahələrdə böyük nüfuz qazanmış, tapşırılan bütün işlərin öhdəsindən bacarıqla gələrək, tez bir zamanda dövlət orqanlarında yüksək vəzifələrə layiq görülüb. İxtisasca həkim olan Əziz Əliyev, eyni zamanda, tibb elminə və səhiyyə sahəsinə də sanballı töhfələr vermişdir. Nümunəvi ailə başçısı kimi də Əziz Əliyev həmişə örnək olub”.



Daha sonra Mayıl Əhmədov qeyd edib ki, Əziz Əliyevin anadan olmasının 120 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən müxtəlif tədbirlər həyata keçirilir. Bu gün təqdim edilən “Görkəmli dövlət və elm xadimi Əziz Əliyev (1897-1962)” elektron resursu Əziz Əliyevin həyat və fəaliyyətini, onun zəngin irsini öyrənənlərə Prezident Kitabxanasının töhfəsidir.



“Resursda materiallar 9 bölmədə qruplaşdırılıb. Azərbaycan və rus dillərində hazırlanan elektron nəşrin “Bioqrafiya” bölməsində Əziz Əliyev və onun ailə üzvləri barəsində qısa məlumat verilib. “Xronologiya” adlanan bölmədə isə ilk dəfə olaraq Əziz Əliyevin həm dövlət xadimi, həm də bir alim kimi istər Azərbaycanda, istərsə də Dağıstandakı həyat və fəaliyyətinin mühüm məqamları geniş şəkildə işıqlandırılıb. “Əsərləri” adlanan bölmədə isə Əziz Əliyevin tibb sahəsində qələmə aldığı əsərlərin mətnləri ilk dəfə olaraq elektron formatda (pdf) təqdim olunur”.



M. Əhmədov “Sənədlər”, “Digər resurslar” “E-Kitablar”, “E-Məqalələr” və digər bölmələr haqqında məlumatlar verib. Tədbir iştirakçılarına “Multimedia” bölməsində yerləşdirilən materiallardan fraqmentlər nümayiş etdirilib.

Şahanə Rəhimli
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər:  





Xəbər lenti